Citigroup Inc. Əmtəə Analitik Qrupu Yaxın Şərqdə proseslərin inkişafının neft bazarına təsirləri üzrə bir neçə variant üzrə qiymətləndirmələr həyata keçirib.
Musavat.com MarketWatch-a istinadən xəbər verir ki, bunlardan neft bazarı üçün ən təhlükəlisi İranın Hörmüz boğazından keçidi bağlaması hesab olub.
Ekspertlərin fikrincə, bu ssenari İsrailin İranın mühüm neft infrastruktur obyektlərinə zərbə endirməsi halında reallaşa bilər. Bildirilir ki, Hörmüz boğazının bağlanması “dünya neft bazarı və qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi olacaq”. Analitiklərin fikrincə, vəziyyətin bu ssenari üzrə inkişafı “neft qiymətlərində kəskin sıçrayışa – əvvəlki rekordları əhəmiyyətli dərəcədə üstələyən səviyyələrə çatmağa” səbəb ola bilər.
Lakin onlar belə bir inkişaf ehtimalını yüksək görmürlər və belə hesab edirlər ki, geosiyasi gərginlik səngidikdən sonra 2025-ci ilə yaxınlaşdıqca neft bazarı yenidən aşağı təzyiqlə üzləşəcək.
Citi qeyd edir ki, neft emalı zavodları, terminallar və elektrik stansiyaları da daxil olmaqla enerji infrastrukturu son hücuma cavab olaraq İsrail tərəfindən hədəfə alına bilər. Bu, İranda neft məhsullarının qıtlığına, həmçinin elektrik enerjisinin mümkün kəsilməsinə və hətta bəzi neft yataqlarında hasilatın məcburi dayandırılmasına səbəb ola bilər.
Bank İranın neft hasilatını sutkada 3,4 milyon barel, kondensat hasilatını isə 700 min bareldən çox qiymətləndirir. Ölkədə hasil edilən enerji ehtiyatlarının əsas hissəsi 14 neftayırma və kondensat fraksiyalaşdırma komplekslərinə düşür ki, onlar tam yükləndikdə sutkada 2 milyon barrel neft və 600 min barel kondensat emal edirlər.
Citi ekspertləri qeyd edir ki, İran neft məhsullarının əksəriyyəti ilə özünü təmin edir, lakin benzinin xalis idxalçısıdır. Ölkə əhəmiyyətli həcmdə mayeləşdirilmiş neft qazı (LPG), nafta və distillə ixrac edir.
İsrailin İrana cavab hücumunun nəticələri onun ölkənin neft sənayesinə fiziki təsir edib-etməməsindən asılı olacaq. Emal zavodlarının, terminalların və ən vacib ixrac terminallarının deyil, neft infrastrukturunun cüzi zədələnməsi sutkada 300-450 min barel həcmində neft tədarükünün itkisinə səbəb ola bilər.
Xarq adasındakı ən böyük ixrac terminalına hücum İranın neft sektoru üçün “daha böyük və daha uzunmüddətli” nəticələrə səbəb olacaq. İsrailin bu terminala zərbə endirməsi ehtimalı az hesab edilir, lakin belə bir hadisənin bazara təsiri ciddi olardı. Analitiklərin fikrincə, bu, Tehranı Hörmüz boğazını bağlamağa sövq edə bilər.
Boğaz vasitəsilə gündəlik neft və neft məhsullarının tədarükü sutkada 20 milyon bareldən çoxdur, axınların üçdə ikisi Hindistan, Çin, Yaponiya və Cənubi Koreyaya gedir.
Citi analitikləri hesab edirlər ki, Hörmüz boğazının istənilən bağlanması müvəqqəti olacaq və alternativ marşrutların inkişafına gətirib çıxaracaq. Səudiyyə Ərəbistanı və BƏƏ-nin ixracatının əhəmiyyətli bir hissəsini neft kəmərləri vasitəsilə yönləndirmək imkanı var və Oman yerləşdiyi yerə görə bu vəziyyətdən faydalanacaq.
Ekspertlərin fikrincə, bu vəziyyətdə uduzanlar İraq, Küveyt, Qətər və Bəhreyn olacaq ki, onların da Hörmüz boğazı vasitəsilə xammal tədarükünün real alternativi yoxdur. Ən pis vəziyyətdə neft gəlirləri ilə hökumət xərclərinin 90 faizini təmin edən, boğazdan keçən tədarükdən çox asılı olan İraq qalacaq.
Citi ekspertləri tərəfindən nəzərdən keçirilən başqa bir ssenari İranın Hörmüz boğazını açıq tərk edəcəyini, lakin oradan keçən xarici gəmiləri təhdid edəcəyini göstərir.
Musavat.com