İsrail-İran savaşı kimin marağındadır - Tehran dilemma qarşısında

Politoloq: “Onlar ümid edir ki, Vaşinqton Təl-Əvivi sakitləşdirəcək və bu vəziyyətdən çıxış yolu tapılacaq”

“İranın İsrailə hücumuna bu ölkənin ərazisinə zərbələr endirməklə cavab verəcəyik”.

Bu barədə İsrailin “Haley TSAXAL” radiostansiyasının efirində informasiya verilib. Bildirilib ki, hətta İsrail tərəfində dağıntı və tələfat olmasa belə qarşı tərəf çox sərt reaksiya ilə üzləşək. Məlumata əsasən, bu xəbərdarlıq İranın təhdidləri fonunda beynəlxalq ictimaiyyətin rəsmi Təl-Əvivə yönələn təzyiqlərinin azalmasına nail olmaq məqsədi daşıyır. Bu arada İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlimlərə başlayıb.  Bu haqda İran KİV-i xəbər yayıb.  

Qeyd olunub ki, Astarada hərbi dəniz bazası ərazisində İran ordusunun dəniz müdafiə təlimi keçiriləcək: “Təlimlə bağlı Astara şəhərinin bəzi yerlərində partlayış səsləri eşidiləcək, əhali üçün narahatlığa heç bir əsas yoxdur”. Bu arada ABŞ dövlət katibi Entoni Blinken təhlükəsizliklə bağlı narahatlıq və İranın mümkün cavab tədbirləri səbəbindən Yaxın Şərqə səfərini təxirə salıb. Yayılan məlumatlar, edilən xəbərdarlıqlar, Blinkenin səfərinin təxirə salınması İran-İsrail müharibəsinin an məsələsi olduğunu deməyə əsas yaradır. Hazırda aparılan əməliyyatlar son hazırlıq hesab oluna bilərmi?

Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli  Orucov

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov İranın imicinə dəyən zərbəni aradan qaldırmaqdan başqa yolunun qalmadığını bildirdi: “İran-İsrail arasında münasibətlər müharibə həddində olsa da, hərbi eskalasiya baş verəcəyini düşünmürəm. Tehran dilemma qarşısında qalıb. HƏMAS lideri Haniyənin Tehranda qətlə yetirilməsi İranın regiona və beynəlxalq nüfuzuna ciddi zərbə vurduğundan və proksi qüvvələrinin güvəninə xələl gətirdiyindən cavab tədbiri görmək məcburiyyətindədir. İran həm də İslam liderliyinə iddialı ölkə olaraq dünya müsəlmanlarının da gözündən düşmək istəmir. Ancaq İsrailə birbaşa hücumun ciddi nəticələri olacağının də fərqindədir. Bundan əvvəlki hücumu effektli və təsirli olmadı. İran diplomatlarının İsrailin hücumu nəticəsində qətlə yetirilməsinə sərt cavab verəcəyini bəyan edən Tehran rejiminin raketləri və dronları hədəfə çatmadan zərərsizləşdirildi. İranın təbliğatına baxmayaraq hərbi arsenalında İsraili çəkindirəcək və dağıdıcı gücə malik silahları yoxdur. Bir müddət əvvəl İran parlamentinin üzvünün İranın nüvə silahına malik olması barədə verdiyi bəyanat İsraili və Qərbi çəkindirici məqsədlər daşısa da heç nəyi dəyişmədi. HƏMAS liderinin qətlindən xeyli müddət keçib, İran hələ də real addımlar atmaqdan, İsrailə vəd etdiyi dağıdıcı zərbələr endirməyə tələsmir. Hələ ki təbliğat müharibəsinə üstünlük verir. İran ordusunun Xəzər dənizində hərbi təlimlərə başlamasının İsrailə aidiyyəti olduğunu  coğrafi baxımdan düşünmürəm. Məncə, bu hərbi təlimlər güc nümayişi və mahiyyət etibarı ilə hədədən başqa bir şey deyil. Həmçinin bunun Bakıya da mesaj olduğu qənaətindəyəm. Çünki İsrail-Azərbaycan münasibətlərinin indiki yüksək səviyyədə olması Tehran rejimini qəzəbləndirir. İran təbliğat maşını bu münasibətləri ümumilikdə İslam dünyasına xəyanət kimi təqdim etməyə çalışır. Hesab edirəm ki, Qərbi İsrailə hücum etməklə hədələməsi İsrailə və ABŞ-a fürsət verir ki, regiona əlavə hərbi qüvvələr cəmləşdirsin, İsraili silahlandırsın, müdafiə qabiliyyətini gücləndirsin. Artıq ABŞ İsrailə 20 milyard dollarlıq silah tədarük edəcəyini bəyan edib və həmin silahların ilk partiyası təhvil verilib. Bura hərbi təyyarələr, hərbi texnikalar və öldürücü silahlar, həmçinin müdafiə sistemləri də daxildir. Eyni zamanda Səudiyyə Ərəbistanına indiyədək satışına icavə vermədiyi silahların da satışına "yaşıl işıq" yandırıb. İranın İsrailə təhdidləri fonunda Yaxın Şərq regionu sürətlə silahlanır ki, bunun özü də ciddi risklər yaradır". 

Ekspertin fikrincə, İran İsraili düşmən hesab etsə də, birbaşa hərbi əməliyyatlardan çəkinir: “Nəticəsinin nə olacağını bilir. Bundan əvvəlki hücumlarında İsrail itkilər verməsə də, Tehran özgüvən qazana bildi. Ancaq bu dəfə Təl-Əviv İrana bu fürsəti vermək fikrində deyil. Həm də ona görə ki, İranın nüfuz qazanması onun proksi qüvvələrini cəsarətləndirər ki, bu da arzuolunan deyil. Ən çox ehtimal olunan odur ki, İsrailə birbaşa zərbələr endirmədən çox İranın dəstəklədiyi qüvvələrin vasitəsilə vəziyyəti gərginləşdirə bilər. Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. İsrailin İranın hücumuna cavab zərbələri endirəcəyi barədə verdiyi bəyanatın həyata keçməsi daha çox ABŞ-ın buna necə yanaşmasından asılı olacaq. Həm İranı, həm də İsraili qane edəcək hücum baş verməsə, bu, region üçün deyil, qlobal təhlükəsizlik problemlərinə yol açar. Hələ bizə tam məlum deyil ki, İsraillə İran arasında eskalasiya baş verərsə, Ərəb coğrafiyasının və Türkiyənin, Pakistanın mövqeyi necə olacaq. Regiondakı ərəb ölkələrinin İranla münasibətləri soyuq olsa da, İsraillə müharibə həm ölkələrin cəmiyyətlərində birmənalı qarşılanmaz. Bu da rahatlığa öyrəşmiş ərəb ölkələri liderlərini narahat etməyə bilməz. İran istənilən halda imicini bərpa etmək məcburiyyətindədir”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı rəsmi Tehranın çox çətin bir durumla üzləşdiyini qeyd etdi: “İran dilemma qarşısında qalıb: İsrailə cavab zərbəsi endirmədiyi müddətdə onun nüfuzu alt-üst olur, xüsusilə "müqavimət oxu" adlandırdıqları coğrafiyadakı təsir imkanlarının zədələnməsi riskləri yaranır. Cavab zərbəsi endirəcəyi təqdirdə isə hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir. Çünki aprel ayında ABŞ-la razılaşdırılmış şəkildə İsrailə PUA və raket zərbələri endirdi. Nəticədə eskalasiya böyümədi. İndi situasiya fərqlidir, İsrail İranı açıq qarşıdurmaya çəkir və bununla ABŞ-ın dəstəyini təmin etməyə, həm HƏMAS-a, həm də İrana qarşı üstünlük əldə etməyə çalışır. Yaxud ən azı Hizbullaha ağır zərbələr endirməklə şimal sərhədlərində təhlükəsizliyini təmin etməyi planlaşdırır. Mümkün eskalasiyada İrana qarşı beynəlxalq koalisiyanın yaradılması və müdaxilə edilməsi riskləri də mövcuddur. ABŞ-da Demokratlar da bunu istəmir, lakin İranın cavab zərbəsi ilə başlaya biləcək eskalasiyada İsrailə dəstək verməyə məcbur olacaqlar, bunu etməsələr, seçkilərdə ciddi itki ilə üzləşə bilərlər. Yəni Bayden administrasiyası da çətin vəziyyətdə qalıb. Ona görə ABŞ başda olmaqla, beynəlxalq ictimaiyyət İranı zərbə endirmək fikrindən daşındırmağa çalışır. Fikrimcə, İran İsrailə cavabı sona qədər gecikdirəcək, Tehranda ümid edirlər ki, Vaşinqton Təl-Əvivi sakitləşdirəcək və bu vəziyyətdən çıxış yolu tapılacaq. Hadisələrin inkişafında zərbə endirmək zərurəti qaçılmaz olacaqsa, bunun böyük eskalasiya yaradacaq səviyyədə olacağı ehtimalı azdır. İran yenə aprel əməliyyatında tətbiq etdiyi ssenarini bu və ya digər formada təkrarlaya bilər. Əks təqdirdə, hadisələrin nəzarətdən çıxması İranı çətin vəziyyətə salacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

15.08.2024 08:57
456