İsrail hərbçiləri Suriyada Livanın şiə Hizbullah təşkilatının maliyyə məsələlərinə cavabdeh olan komandirlərindən birini məhv edib.
Musavat.com xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.
Onun sözlərinə görə, əməliyyat “Hizbullah”ın maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib. Onun versiyasına görə, şiə təşkilatı maliyyəni birbaşa İrandan, həmçinin Hizbullahın Yəmən, Livan, Suriya və Türkiyədə yaratdığı və təşkilata gəlir gətirən müəssisələrdən alır.
Bu maliyyə şəbəkəsi, İsrail ordusuna görə, Hizbullah daxilindəki “4400-cü bölmə” tərəfindən idarə olunur.
Haqari qeyd edib ki, yaxın vaxtlara qədər bu bölməyə oktyabrın əvvəlində Beyruta hədəflənmiş zərbə nəticəsində məhv edilən Cəfər Kəsir rəhbərlik edirdi.
"Bu gün Suriyada növbəti zərbə ilə onun varisini məhv etdik. Biz Hizbullahın yenidən qruplaşmasına və yenidən silahlanmasına imkan verməyəcəyik", - o deyib.
Şahanə Rəhimli
Musavat.com