İsrail atəşkəs təklifini RƏDD ETDİ: Fransa və ABŞ-a qarşı...

İsrail hakimiyyəti Fransa və ABŞ-ın Livanda sülh danışıqlarına başlamaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təklifini rədd edib. Musavat.com xəbər verir ki, məlumatı BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında açıqlayıb: “ABŞ və Fransa bir sıra digər dövlətlərin dəstəyi ilə danışıqların bərpasına imkan verəcək müvəqqəti atəşkəs təklif etdi. İsrail bu təklifi rədd etdi və Hizbullah hərəkatının qərargahının bombalanması da daxil olmaqla, zərbələrinin sayını artırdı, onun liderini öldürdü”.

Sentyabrın 23-də İsrail Livan Hizbullah hərəkatının birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirir. Sentyabrın 27-də zərbələrdən biri nəticəsində Beyrutda Hizbullah lideri Həsən Nəsrullah öldürülüb. Şiə hərəkatı onun ölümünü təsdiqləyib və İsrailə qarşı müqaviməti davam etdirəcəklərinə söz verib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatı elan edib. Oktyabrın 1-i gecəsi isə İran İsrailə raket zərbələri endirib.

Musavat.com

02.10.2024 22:45
1227