Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovun avtomobilinə hücum edərək ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən tikinti şirkətinin rəhbəri Vahid Xələfov hakim qarşısına çıxarılıb.
Musavat.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə bu gün məhkəmənin hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş adamının hüquqlarını dövlət tərəfindən təyin edilmiş vəkil Şəmistan Quliyev müdafiə edəcək. Məhkəmənin hazırlıq iclası avqustun 4-nə təyin edilib.
Qeyd edək ki, Vahid Xələfova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, hər iki tərəf arasında uzun müddətdir tikinti məsələləri ilə bağlı məhkəmə çəkişməsi gedir. Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.
E.MƏMMƏDƏLİYEV
Musavat.com