Rəsmi iş yeri olmadan da bankdan nağd pul krediti almaq mümkündür.
Bəs bunun üçün hansı sənədlər lazımdır?
İqtisadçı-ekspert Əkrəm Həsənov sözügedən məsələnin detallarını “Yeni Sabah”a açıqlayıb:
“Banklarda Mərkəzi Bank tərəfindən təsdiq olunan kreditlərin verilməsi qaydalarına əsasən kredit götürən şəxsin rəsmi gəliri haqqında arayışı olmalıdır. Bu vacib deyil ki, rəsmi iş yeri olsun. Həmin şəxs sahibkardırsa, onun fərdi sahibkar olaraq gəliri var. Bununla bağlı o kredit götürmək istədiyi banka vergi hesabatı verə bilər ki, mən sahibkaram və il ərzində bu qədər qazanıram. Başqa bir variant onun işlədiyi yerdən aldığı maaşla bağlı arayış təqdim etməsi ola bilər. Yaxud digər gəliri o ola bilər ki, bir neçə evi və obyekti var. Onları icazə verməklə gəlir əldə edirsə, yenə də, banka vergi hesabatı təqdim etməklə kredit götürə bilər. Qanun ancaq bunları tələb edir”.
Ekspert bildirib ki, bankların qanun pozuntuları da az deyil:
“Bəzən isə banklar tətbiq olunan qanunlara riayət etmirlər. Bu yaxınlarda oxşar məsələ haqqında yazmışdım. Deməli, bir neçə il bundan öncə banklardan biri vətəndaşa heç bir gəliri olmadan 2 milyon yarım kredit verib. Aşkardır ki, orada nə isə baş verib, yəni qanunsuzluq olub. Belə hadisələr olur. Biz bu haqda Mərkəzi Banka məlumat verdik. Ancaq heç bir tədbir görülmədi. Həmin kreditin verilməsində Mərkəzi Bankın özü də iştirak etmişdi. Bununla bağlı geniş yazı yazaraq, bildirmişdim.
Sözsüz ki, ümumi qanunlardan əlavə, hər bir bankın özünün də daxili siyasəti var. Hansı kreditləri, kart, yaxud nağd yolu ilə təqdim edirsə, bu, həmin bankın öz işidir. Qanun yalnız tələb edir ki, kredit götürən şəxsin rəsmi gəliri olsun. Geridə qalan tələbləri banklar öz daxili qayda-qanunlarına uyğun olaraq tənzimləyirlər”.