Ekspert: “Niderlandın dövlət və hökumət rəsmiləri ”ermənilərdən daha çox erməni" kimi çıxış edir"
Bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya məcburi çıxarılmasını bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. “Yeni Müsavat” xəbər verir ki, sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” kimi qeyd edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələyə münasibət bildirərək deyib ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.
O qeyd edib ki, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir:"Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub".
A.Hacızadə vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılması qətiyyən doğru deyil: “Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".
Niyə Azərbaycana qarşı bu qədər dözümsüz, qərəzli mövqe sərgilənir?
Siyasi ekspert Elçin Alıoğluna görə, bu, müstəmləkəçi Niderlandın erməni canfəşanlığından başqa bir şey deyil: “Bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya "məcburi çıxarılması"nı bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” kimi qeyd edilib.
1988-ci ildə Ermənistandan 300 minə yaxın qərbi azərbaycanlının zorla qovulmasına heç vaxt münasibət bildirməyən Niderlandın dövlət və hökumət rəsmiləri Fransanın ardınca “ermənilərdən daha çox erməni” kimi çıxış edir".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da mövzu ilə bağlı mövqeyini bildirib: “Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə "Avropa İttifaqının azı üç ölkəsi Azərbaycana qarşı “soyuq müharibə” elan edib" deyərkən hansı dövlətləri nəzərdə tutub? Aydındır ki, bunlardan biri Fransadır. Digər iki ölkədən birinin Niderland olduğunu söyləmək mümkündür. Çünki bu ölkənin rəsmiləri və deputatları da fransalı həmkarları kimi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər. Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirdikdən sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olunmuşdu. Niderlandın xarici işlər naziri Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. O, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirmişdi. Həmin nazir Azərbaycanın guya Ermənistana hücum əməliyyatı hazırladığını söyləmişdi. Niderlandın islamofob siyasətçiləri də az deyil. Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır. Bu ölkənin parlamenti də Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul edib və Belçika hökuməti bunun qarşısını almayıb. Əksinə, Belçikanın xarici işlər naziri ötən il Azərbaycan əleyhinə bir neçə dəfə açıqlama səsləndirmişdi. Avropa İttifaqının iki üzvü olan Yunanıstan və Kipr Respublikası da Ermənistana dəstəklərini əsirgəmirlər. Yalnız Yunanıstan Azərbaycandan qaz aldığına görə, rəsmi Afina Paris kimi qatı anti-Azərbaycan mövqeyindən çıxış etmir".
Hazırladı: Afaq MİRAYİQ