Artıq bir neçə gündür Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarətin vahid formada təşkil olunacağı və hava nəqliyyatı ilə həyata keçiriləcəyi bildirilib. İslamda Həcc, bu ziyarətin təşkili, möminlərin bir sıra inancları, sosial mediada buna dair müzakirələr və sair məsələlərlə bağlı dinşünas Elşad Miri Medianews.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Elşad bəy, istərdim əvvəlcə Həcc ziyarəti qiymətlərinə münasibət bildirəsiniz. Bir nəfər üçün bu qədər məbləğ çox deyilmi?
– Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Qiymətləri də onlar istədikləri kimi tənzimləyirlər. Bununla bağlı hesabat da vermirlər. Səudiyyə Ərəbistanı da Kəbəni öz monopoliyasına götürüb və müsəlman dövlətlərin orada söz haqqının olmadığını əsas gətirir. Bununla da oranı özü üçün böyük bir biznes halına gətirib. Misal üçün, sabah o ölkənin neft ehtiyatı olmasa, bu Həcc ziyarəti biznesindən dövlətin saxlanılması üçün məharətlə istifadə edəcəklər, büdcənin müəyyən bir hissəsini formalaşdıracaqlar. Əslində bunu indi də edirlər. Bu məqsədlə müxtəlif ayinlər uydurublar. Misal üçün, “Qurani-Kərim”də rast gəlinməyən şeytana daş atma mərasimi və sair bu kimi rituallar həyata keçirirlər. Beləcə proses davam edir. Yaxud, Kəbənin üzünü qara parça ilə örtürlər, üzərinə qızılı saplarla bəzi hərflər yazıb mistik hava əsdirirlər. Bu qara parça ildə bir dəfə kəsilərək müəyyən yerlərə paylanır və sair. Halbuki Kəbə sadə daşlardan tikilmiş və heç bir özəl memarlıq üslubu olmayan tikilidir. Təəssüflər olsun ki, bu gün Həcc ziyarəti, Kəbə ilə bağlı fərqli məlumatlar təqdim edilir, insanların dini hisslərinə toxunaraq, onların həvəslə, müəyyən duyğularla Kəbəyə gedib müəyyən vəsaitlər xərcləməsinə səbəb olurlar. Orada kəsilən qurbanlar insanların qidalanması üçün nəzərdə tutulur. Hətta əvvəllər yerli ərəblər bu qurban ətlərini yemirdilər ki, bunlar müşriklərin kəsdikləridir. Ora isti olduğu üçün vaxtilə Həcc ziyarətində kəsilən qurbanlar üzəri torpaqla örtülür, məhv edilirdi. Sonradan Türkiyə şirkətləri orada yeraltı soyuducu anbarlar inşa etdilər və şoklama vasitəsilə ətləri dondurdular. Orada saxlanılan, qablaşdırılan qurban ətləri bir çox ölkələrə göndərilərək, qurban əti kimi ehtiyacı olanlara paylanılır.
– Həcc ziyarətinin fəlsəfəsi, hədəfi nədir?
– Həcc ziyarətinin fəlsəfi hədəfi dünyanın müxtəlif ölkələrində yaşayan söz sahibi insanların bir araya gəlməsi, müzakirələr aparması, problemlərin aradan qaldırılmasıdır. Bir növ Həcc qlobal məsələlərin həlli üçün bir məkan olaraq nəzərdə tutulub. Təsəvvür edin, Birləşmiş Millətlət Təşkilatı (BMT) 1945-ci ildə qurulub, lakin Allah ilk dövrlərdən bunu bizdən tələb edib. “Qurani-Kərim”in gəldiyi dövrdə Həcc anlayışı BMT kimi bir mötəbər quruma bənzər səviyyədə təşkilatlanaraq müəyyən bəşəri problemləri həll etmək üçün nəzərdə tutulduğu halda, müsəlmanlar oraya din adı altında turistik səfərlər edirlər. Buna da məhdudiyyət qoyublar ki, təkcə müsəlmanlar oraya daxil ola bilərlər. Sonra da oradan geri qayıdan qadınlara Hacıxanım, kişilərə Hacı deyilir, onlar günahları yuyulmuş, sanki süddən çıxmış ağ qaşıq kimi qəbul olunurlar. Hətta onlar arasında ticarətlə məşğul olan elə insanlar var ki, “Mən Hacı adamam, saxta araq satmaram”, – deyərək, Həcc ziyarətində olduğunu qabardır, bu yolla ticarətini artırmağa çalışır. Belə misallar çoxdur. Yəni bəzi bu cür insanlar 10-12 min manatı ona görə xərcləyirlər ki, nüfuzları artsın, cəmiyyətdə onlara əsl müsəlman, Hacı deyə hörmət edilsin, rəğbət bəslənilsin. Bu cür Həcc anlayışı Allahın istədiyi Həcc deyil. İnsanların Həcc adı altında paralel formalaşdırdıqları, din biznesi olan Həcc ziyarətidir.
– Sosial media istifadəçiləri, bəzi ekspertlər təklif edirlər ki, mömin vətəndaşlar həqiqətən də savab yiyəsi olmaq istəyirlərsə, bu vəsaiti xaricdə deyil, Azərbaycanda ehtiyacı olan insanlara xərcləsinlər, imkansız gənclərin təhsil haqqını qarşılasınlar, yaxud YAŞAT Fonduna ianə etməklə şəhid ailələrinə dəstək olsunlar. Bu barədə Siz nə düşünürsünüz?
– Rəsmi yayılan məlumata görə, bir nəfərin Həcc ziyarətinə getməsi üçün on min manat vəsait tələb olunur. VİP kateqoriyada gedənlər üçün isə bu məbləğ bəzən 30 min manata yaxın olur. Təbii ki, bir şəxs Həcc ziyarətinə getdiyi zaman, orada qalacağı 3 həftə, yaxud 20 gün ərzində xərcləyəcəyi əlavə vəsait də olmalıdır. Çünki Həcc ziyarəti üçün ödənilən pulun müqabilində ziyarətçilərin qaldığı hoteldə onlara yalnız səhər yeməyi verilir. Səhər yeməyini orada bir dəfə yeyəndən sonra, ümumiyyətlə orada yemək yemək istənilmir. Üstəlik, ziyarətdən evinizə qayıdanda xatirə hədiyyəsi, yaxud sizi ziyarətə gələcək şəxslərə bağışlamaq üçün nələrsə alınır. Buna görə də Həcc ziyarətində üzərinizdə əlavə bir neçə min dollara yaxın vəsait də götürmək lazım gəlir. Bəzi insanlar ömür boyu özlərini buna hazırlayırlar. Onlar Həcc ziyarətinə getməyi, oraları görməyi, orada ibadət etməyi arzulayırlar. Amma Həcc ziyarətinə gedən insanlara “orada olduğunuz hər günün 24 saatının nə qədərini ziyarətgahda keçirmisiniz” sualını versək, deyəcəklər ki, yalnız namaz vaxtlarını. Gəlin görək, məqsəd budurmu? Dinimiz, dinimizin yeganə mənbəyi olan “Qurani-Kərim”də Allahımız bizdən bunu tələb edirmi? Əlbəttə ki, xeyr. Nəzərə alaq ki, Həcc ziyarətinə gedəcək bir nəfərin digər xərclərlə birlikdə, ən azı 12 min manata ehtiyacı yaranır. Əgər Azərbaycanda bir tələbə ödənişli qaydada ali təhsil alırsa, onun illik təhsil haqqı iki min manatdır. Beləliklə, bir nəfərin 20 günlük Həcc ziyarətinə xərclədiyi 12 min manatla Azərbaycanda 6 tələbənin illik təhsil haqqını ödəmək mümkündür. Yaxud 3 tələbənin illik təhsil haqqını ödəyib, yerdə qalan məbləğlə də onların digər xərclərini qarşılamaq olar. Həcc ziyarətindən yalnız təşkilatçılar böyük mənfəət qazanırlar. Bundansa tələbələrin təhsil haqqını ödəmək, kurslarının ödənişini etmək, onlara dəstək olmaq, təhsilli insan yetişdirmək daha böyük savab işdir. Belə bir sual ortaya çıxa bilər ki, başqa istirahət yerlərinə gedib daha çox pul xərcləyənlər üçün niyə bu məsələni qaldırmırsınız? Əlbəttə, heç kim başqasının nəyə, hara, kimə nə xərclədiyinə qarışa bilməz. Lakin Həcc anlayışı Allah adından edilir, İslam dininin vacib şərti sayılaraq həyata keçirilir.
– Həcc ziyarətinə gedənlər arasında savab işlərlə, xeyirxahlıqla məşğul olanlar yox deyil. Belə yanaşma ilə onların haqqına girmiş olmuruqmu?
– Kimsə irad tuta bilər ki, Həcc ziyarətinə gedən ziyarətçilər Azərbaycanda xeyir işlərlə, savab əməllərlə məşğul olur, hətta hansısa tələbənin təhsilhaqqını ödəyirlər. Heç də belə deyil. Həcc ziyarətinə gedənlərin, o cümlədən azərbaycanlıların hamısı imkanlı insanlar deyil. Ailə büdcəsinə qənaət edən, yeməyinə, geyiminə pul xərcləməyib Həcc ziyarəti üçün pul toplayan insanlar var. “Qurani-Kərim”də konkret qeyd olunmasa da peyğəmbərimizə istinad edilən hədislərdə, rəvayətlərdə belə bir ifadə işlədilir ki, İslam beş prinsip üzərində dayanır. Bunlar kəlmeyi-şəhadət gətirmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Həcc ziyarətinə getməkdir. İlk üç prinsipə varlı-kasıb fərqi olmadan hamı riayət edə bilir. Dördüncü şərtə görə, müəyyən bir miqdara sərvətə, qazanca sahibsənsə, onun 40-da 1-i həcmində zəkat verməlisən. “Qurani-Kərim”də bu da yoxdur. Ən nəhayət, beşinci prinsip budur ki, imkanlı müsəlmanlar heç olmasa ömründə bir dəfə Həcc ziyarətinə getməlidirlər. Belə məntiqi nəticə çıxarmaq olar ki, İslamın bu peş prinsipinin ilk üçü hər kəsə, o cümlədən kasıblara, sonuncu ikisi imkanlı müsəlmanlara aid edilib. Yaxud bunu belə yoza da bilərlər ki, çalışıb zəngin olmaq, digər iki şərti də yerinə yetirmək lazımdır. Gəlin görək, Allah bizdən bunu istəyirmi? Əsla! İslam yalnız imkanlı olanların Həccə gedəcəyi, zəkat verəcəyi, sanki pulla cənnəti satın alacağı bir din deyil. Bizə təqdim və təlqin olunan bu din anlayışı İslam deyil. Allahın endirdiyi din deyil, insanların uydurduqları dindir.
– Həcc ziyarətində olan insanların günahları bağışlanırmı?
– Bu, uydurmadır. İddia olunur ki, guya Həcc ziyarətinə gedib orada ibadət edən, ziyarəti doğru-düzgün yerinə yetirən insanların günahları bağışlanır, sanki yeni anadan olubmuş kimi günahsız olurlar. Ona görə də zəngin insanlar hər il Həcc ziyarətinə getməyə çalışırlar. Hətta korrupsionerlər də Həcc ziyarətinə gedirlər ki, günahları təmizlənsin. Sanki ora günah yuma mərkəzi və ya məntəqəsidir. Halbuki Həccin olduğu ölkədə yaşayan insanlar oranı görməyə bu qədər həvəsli deyillər. Amma bizdən Həccə gedənlər oraları görmək, gəzmək marağı, günahlarının təmizlənəcəyi inamı ilə yaşayırlar və gedirlər. Bir çoxları belə yanaşmalarıma görə mənim Həcci inkar etdiyimi iddia edirlər. Əsla belə deyil. Mən Həccin mahiyyətindən, Allahın bizə buyurduqlarından kənara çıxanlara qarşıyam. Allah “Qurani-Kərim”də bizdən ağlımızı işlətməyi, düşünməyi, təhlil etməyi, məsələlərə dərindən yanaşmağı istəyir. Bizdən əvvəl belə olub, belə deyilib prinsipi ilə yaşamaq, dünyaya kor-koranə baxmaqla, təqlidçiliklə ömrü başa vurmaq olmaz. Misal üçün, Kəbəyə baxdığımız zaman onun kub şəklində bir bina olduğunu görürük. Bunun bir özəlliyi, möhtəşəmliyi, möcüzəsi yoxdur. Ziyarətə gedənlər orada əlini Kəbəyə, qara daşa vurmaq, onu öpmək üçün az qala bir-birini məhv edirlər. Halbuki bunlar heç biri “Qurani-Kərim”də yoxdur. Yaxud Kəbəni yeddi dəfə dövrə vurur, “Zəmzəm” adlı adi suyun möcüzəvi təsirinə inanırlar və sair. Allah bizdən bunu istəmir. Təbii ki, insanların dünyanın istənilən ölkəsinə getməsi, istədiyi məkanı gəzməsi qadağan deyil. Hər kəs gəzmək, görmək, tanımaq istəyində azaddır. Lakin bu istəyini din adı altında həyata keçirməsi düzgün yanaşma deyil. Cənnətdən gəldiyi iddia olunan, guya İbrahim Peyğəmbərin oğlu ilə birlikdə Kəbəni inşa edərkən lift kimi yararlandığı qara daşı öpmək üçün başqalarına əziyyət verməyə ibadət demək nə dərəcədə düzgündür? Hələ peyğəmbərə istinadla bir uydurma da ortaya atıblar ki, guya Həcərül-əsvada toxunan şəxs Rəhmanın – Allahın əlinə toxunmuş olur. Allahla onu müqayisə ediblər ki, guya beləliklə Allaha toxunmuş olur. Budurmu bizim Həcc anlayışımız, dindarlığımız? Səhv təsəvvür, yanlış məqsəd insanı bilmədən düzgün olmayan yola salır. Həccə gedənlər turizm məqsədi ilə oraya getməsələr belə, bu, təşkilatçılar üçün bir biznesdir. Oraya gedib-gələn insanların hansının həyatı dəyişib müsbətə doğru? Məgər Məkkədə yaşayanlar dünyanın ən dürüst, mömin, gözəl və günahsız insanlarıdırmı? Təsəvvür edin ki, Həccə gedən, özlərini şiə adlandıran insanlar yeni təvaf anlayışı “icad” ediblər. Bu, “Nisə təvafı”dır. Bu, qadın təvafı deməkdir. Belələrinin məntiqinə görə, Həcci bitirəndən sonra mütləq “Nisə təvafı” etməlisən. Bunu həm kişilərə, həm də qadınlara aid edirlər. Maraqlıdır, bunu qadınlar “kişi təvafı” olaraq yerinə yetirirlərmi? Bu uydurmanı ortaya atanlara görə, əgər “Nisə təvafı”nı yerinə yetirməyən olarsa, həyat yoldaşı – kişidirsə arvadı, qadındırsa əri ona haramdır. “Nisə təvafı” etməyənə qədər yeni kəbin kəsdirmək də qadağan edilir. Həcc anlayışını bax bu səviyyəyə gətirib, əslindən, məqsədindən uzaqlaşdırıblar. “Qurani-Kərim”in “Həcc” surəsinin 27-ci ayəsində Həccin elan edilməsi buyurulub. Amma bu gün belə bir fikir formalaşdırılıb, qərar verilib, hökm çıxarılıb ki, müsəlman olmayanlar Kəbəyə gedə, oraya daxil ola bilməzlər. Halbuki Allah “Qurani-Kərim”də müsəlmanlar deyil, insanlar deyir. Bu kimi misallar Həcc məsələsində “Qurani-Kərim”dən nə qədər kənara çıxdığımızı aydın göstərir.
– Müsəlmanlara Həccə ilin hansı ayında getmək və ya neçə gün ərzində ziyarəti tamamlamaq buyurulub?
– İndiyə qədər bizə öyrədilib ki, Həccin cəmi 3 fərzi var. Bunlar ehrama girmək, Ərafatda vəqfə dayanmaq, Kəbəni təvaf eləməkdir. Bunları edən insanın Həcci kifayətdir. Bütün bu üç fərzi bir günün içində etmək mümkün olduğu halda, milyonlarla insanı Səudiyyə Ərəbistanına aparıb 3 həftə, bir ay orada saxlayırlar. Bunun bir faydası, əhəmiyyəti, xeyri varmı? Bu qədər vaxt israfına dəyərmi? Yaxud Həccə gedən insanlar nə üçün bu qədər vaxt ərzində orada qalırlar? “Qurani-Kərim”in “Bəqərə” surəsinin 197-ci ayəsində deyilir ki, Həcc məlum, bilinən, elan edilən aylardadır. Halbuki həcci 1-cə ayla məhdudlaşdırıblar. Həcci ilin 12 ayının cəmi bir ayına salaraq məhdudlaşdırmaq doğru yanaşma deyil. Hər il milyonlarla insan könüllü olaraq, böyük məbləğdə, özü də dollarla ödəniş edərək Məkkəyə gedir. Bəşər tarixində bu qədər insanın ilin müəyyən vaxtında bir yerə toplaşdığı ikinci məkan və ya mərasim yoxdur. Bu toplaşmağın bəşəriyyətə, insanlığa faydası nədir? Bu yığıncaqdan, qələbəlikdən sonra taleyimizdə, həyatımızda nə dəyişir? Təəssüf ki, heç nə. Səudiyyə Ərəbistanının statistika institutu 1968-ci ildən bu yana Həcc ziyarətinə gələnlərlə bağlı məlumat yayıb. Aydın olub ki, 55 il ərzində 100 milyondan çox insan Məkkəyə səfər edib. Bu, ildə 2 milyona yaxın insanın Məkkəyə səfər etməsi deməkdir. Bu qədər insanın bir məkanda toplanması bəşəriyyətə hansı töhfəni verib? Allah “Qurani-Kərim”də bizə buyurur ki, yer üzünü gəzin, səyahət edin, insanlarla ünsiyyət qurun, onların başına gələnləri bilin, olanlardan nəticə çıxarın, yaradılışı görün. Bunun üçün konkret il, ay, gün, saat müəyyən olunmayıb.