İslam bankçılığı: “O əjdahadan” bizdə hələ də yoxdur...

Ekspert: “Elə bir şəffaflıq olmalıdır ki, vətəndaş aldanmaqdan şübhələnməsin, çünki...”

Azərbaycanda İslam bankçılığı sistemi yaradılacağı haqda xəbərlər yeni deyil. Son olaraq Mərkəzi Bankının İdarə Heyəti “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə İslam bankçılığının inkişafının öz əksini tapdığı deyilir.

İslam bankçılığı haqda “Vikipediya” da yazılır: “Bütün alqı-satqı və kirayə əməliyyatlarında yalnız real yəni göz önündə olan aktivlərə əsaslanan və şəriət qaydalarını özündə ehtiva edən bir iqtisadi mexanizm. Bu növ bankçılıqda faizlər (ərəbcə "Riba") qadağandır və əməliyyatlar xeyir və zərərdə “müştərəklik” prinsipi əsasında həyata keçirilir".

Yəni vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür. Borca görə dəbbə pulu hesablanmır, təqdim edilən kreditlərə görə faiz tutulmur. Əgər vətəndaş zəruri sosialyönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.

Qeyd edək ki, ilk dəfə İslam bankçılığı 1970-ci ildə yaranıb. Həmin dövrdən İslam bankçılığı dünyanın bir çox ölkələrində yayılmağa başlayıb. Məsələn, Əbu-Dabi, Bəhreyn, Dubay, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İndoneziya, Malayziya və Sinqapurda İslam bankçılığı var. Azərbaycanda olmadığı kimi, qardaş ölkə Türkiyədə də İslam bankçılığı yoxdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan illər öncə mövqeyini belə izah edib ki, əgər faizsiz bankçılığa islam donu geydirilsə, bu, gələcəkdə Türkiyə  üçün böyük problem yarada bilər.

Pulun dini, milləti, vətəni olmadığını söyləyən Ərdoğan “Pul civə kimidir, harada münasib şərait tapırsa, ora da axır”, deyib.

Əkrəm Həsənov: “Kommersiya məhkəmələri çox xeyirli olacaq”

Əkrəm Həsənov

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu sistem nəinki islam ölkələrində, hətta bəzi xristian ölkələrində, məsələn, İngiltərədə də var. “İllərdir deyirdilər ki, guya qanun yazırlar. Heç nə də etmədilər”. İqtisadçı vurğulayıb ki, İslam bankçılığı mövcud bank sisteminin bankirlərinə sərf etmir.

Keşmiş SSRİ məkanında İslam bankinqindən uğurla yararlanan ölkələr Qazaxıstan və Qırğızıstandır. Qazaxıstanda bu bankın fəaliyyəti ilə bağlı xüsusi qanun da qəbul olunub. Qanun hazırlanması yarım il çəkib.

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

 Elman Sadıqov 

Bank məsələləri üzrə ekspert Elman Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İslam bankçılığının inkişafı bütün dünyada ləng gedir: “İslam bankçılığı tətbiq olunan bütün banklarda 4 trilyon dollarlıq bir aktiv var. Bu çox böyük bir rəqəm deyil. Bu, ABŞ-ın iki böyük bankının aktivlərinin cəminə bərabərdir. Bu rəqəmin 2026-ci ildə 6 trilyon dollara çatacağı gözlənilir. Bu yenə də bütün dünya üzrə götürüldükdə elə bir böyük rəqəm sayılmır. İslam bankçılığının dünyada  çox işləməməsinin bir neçə səbəbi var. 2012-ci ildə Malayziyada olarkən müxtəlif araşdırmalarım var idi. Malayziyanın qarşısında hədəf var idi. 2020-ci ilə qədər ölkəni İslam bankçılığının mərkəzinə çevirmək. Hazırda İslam bankçılığı ən çox Londonda mərkəzləşib. Malayziya bu sistemin inkişafı ilə bağlı xeyli maliyyə ayırdı. Amma proses tam olaraq gözlənilən nəticəni vermədi. Səbəblər isə maliyyələşdirmə mexanizmləri ilə bağlı idi.

İslam bankçılığında buraxılan səhvlərdən biri də o idi ki, klassik şəkildə işlədilən bank sisteminin yalnız müəyyən bir departamentində islam bankçılığı yaradılır. Bu isə banka maliyyə yatıran insanlarda müəyyən qədər çaşqınlıq yaradırdı".

Ekspert onu da qeyd edib ki, həmin sahibkar qazancından müvafiq payı (hissəni) bankla böldüyü təqdirdə ondan depozitçiyə pay veriləcək:

“Həmin sahibkar qazandığı puldan əlavə faizləri bankla böldüyü təqdirdə ondan depozitçiyə pay veriləcək. Nəticə olaraq bu praktikada demək olar ki, işləməyən bir qərar oldu. Qarşı tərəf ona pulu qaytardığı zaman depozitçiyə heç nə ödənilmədi. Daha sonra isə minimum faiz tətbiq olundu. İslam bankçılığının əsas problemləri məhz bunlar idi. Əslində İslam bankçılığının təməl prinsipi layihələrin idarə olunmasıdır. Bu məsələ nisbətən çətin məsələdir. Əgər hansısa bank desə ki, layihələrdən asılı olmayaraq sizə minimum qazanc verəcəyəm, bu doğru deyil. Çünki artıq bu dolayı yolla faizə gəlib çıxır. Çünki ola bilər ki, o layihələr uzunmüddətli layihələrdir, yaxud da zərərlə işləyən layihələrdir. Odur ki, layihələr də çox risklidir. Sturtap, meqa-layihələr olarsa, yatırılan vəsait  həmin layihələrin üzərində qala və heç bir gəlir gətirməyə bilər. Yaxud da vəsaitin bir hissəsini itirə bilərsiniz. Bir neçə il vətəndaş gəlir gətirmədən necə gözləyəcək. Burada çox ciddi şəffaflıq olmalıdır. Həmin layihələr haqda mütəmadi məlumatlar olmalıdır. Yəni elə bir şəffaflıq olmalıdır ki, ora vəsait qoyan vətəndaş şübhələnməsin ki, bank hansısa layihədə pul çox qazanır, ona az pay verir. Sistemin özünün şəffaf olması lazımdır. O baxımdan, inkişaf etməkdə olan ölkələrdə, islam ölkələrində, o cümlədən Azərbaycanda hələlik mühasibatlıq, hesabatlılıq, DATA-ların yığılması və sairə yaxşı inkişaf etməyib, bunlar isə olduqca vacib amillərdir.

Praktiki gedişat göstərdi ki, İslam bankçılığı ilə işləyən banklar müasir dövrdə rəqabətə dayanıqlı deyillər. Hazırda islam ölkələrində xeyli pul vəsaiti var. İslam bankçılığının dünya bankçılığındakı rolu 5 faizi keçə bilmir. Ümumi rolu hardasa 2,3 faiz dəyərləndirilir. 5 faizin altında olan göstərici isə əhəmiyyətli göstərici sayılmır. İslam bankçılığı dünya iqtisadiyyatına təsir göstərmək gücündə deyil. Əlbəttə, İslam bankçılığının müsbət tərəfləri də var, amma özünü tam doğrultmayıb. Məsələn, layihələrə faiz verməyib, layihənin gəlirindən pul götürmək, yəni layihə qazandı-qazanmadı faiz tətbiq etmir, layihənin gəlirindən asılı olaraq pul götürür. Əlbəttə, bunu vətəndaşın depoziti ilə etmək çətindir, vətəndaş oradan gəlir gözləyir. Bu sistemi tətbiq etmək olar, müəyyən fondlar vasitəsilə, güzəşt fondları ilə etmək olar. İllər əvvəl mən hibrid mexanizm hazırlamışdım. Hər iki bankçılığı araşdırıb ortaya çox gözəl mexanizmlər qoymaq olar".

Qeyd edək ki, İslam bankı ilə kommersiya bankı arasındakı mühüm fərq məhz biznes kreditlərindədir. Ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləğ və faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır.

İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri İslam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox, əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur.

Müştəri üçün İslam bankının biznes kreditlərindəki üstünlük ondan ibarətdir ki, biznes uğurlu alınmasa və krediti qaytarmaq mümkün olmasa, İslam bankı geriyə heç nə tələb etməyəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

21.08.2024 10:27
666