İŞİD təlimatçıları qəsdən Ukrayna marşrutunu seçib ki... - ŞOK DETALLAR

"İŞİD təşkilatı bəyan edib ki, Moskvadakı terroru onun ardıcılları törədib, buna uyğun internet görüntürlər yayılıb. Terroru həyata keçirənlər özləri də etiraf ediblər ki, İŞİD-ə bağlı şəxslərdən təlimat alıblar. Buna baxmayaraq, Kreml tutdurub ki, “terrorun arxasında Ukrayna dayanıb”. Rusiya rəsmiləri arasında İŞİD-in adını çəkən azdır".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu Moskvada baş verən terror aktı ilə bağlı deyib. Politoloq qeyd edib ki, Ukrayna mövzusu bilərəkdən hallandırılır:

"Terrorçular Rusiya-Ukrayna sərhədinə tələsirmişlər və guya Kiyev onlara giriş imkanı yaradacaqdı. Terrorçular başlarını götürüb qaçmağa çalışıblar, bəlkə də elə onları öyrədən İŞİD təlimatçıları qəsdən Ukrayna marşrutunu seçiblər ki, Rusiya-Ukrayna müharibəsi daha da alovlansın. Sərhədi keçmək praktik olaraq mümkün deyildi. Çünki terrorçuların qətliamdan sonra Rusiyanı tərk etməyə çalışacaqlarını proqnozlaşdırmaq çətin deyildi. Rusiya, sərhədboyu əraziləri dərhal nəzarətə götürməliydi və elə də edib. Terrorçuların nəzəri olaraq Ukraynaya keçidi mümkün olsaydı belə, Rusiya işğalına qarşı savaşdığına rəğmən, Ukrayna həmin şəxsləri ya birbaşa, ya da üçüncü ölkələrin vasitəsilə Rusiyaya təhvil verəcəkdi. Əks halda terrorçulara sığınacaq vermək haqq işi uğrunda mübarizə aparan Ukraynanın beynəlxalq aləmdə imicinə zərbə olardı".

Politoloq qeyd edib ki, Kreml terrorun arxasında Ukraynanın dayandığını təbliğ etməklə birincisi, bu ölkəyə qarşı işğalı genişləndirməyi əsaslandırmağı, ikincisi, Kiyevi terrora dəstək verən mərkəz kimi göstərərək imicinə zərbə vurmağı planlaşdırır:

"Ancaq bu təbliğatın effekti olmayacaq. Əlbəttə beynəlxalq aləm, hətta Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ölkələr Moskvadakı terror olayını qınadılar, ancaq zaman keçdikcə Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi yenidən ön planda tutulacaq. Rusiya terror olayından bir gün sonra Ukraynanın az qala bütün şəhərlərini raket atəşinə tutub, Ukrayna ordusu da Rusiyanın Krımdakı hərbi obyektlərini vurub. Mövzu yenidən müharibədir".

Xalidə Gəray
Musavat.com

24.03.2024 14:47
1566