İşğaldan azad edilmiş ərazilərin bərpası üçün xərclənəcək vəsaitin məbləği açıqlandı - bu il hansı işlər görüləcək?

Azər Badamov: “Büdcə gəlirlərinin proqnozda nəzərdə tutulduğundan çox olması dövlət büdcəsinə yenidən baxılmasını aktuallaşdırır”

2022-ci ildə Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına xərclənən vəsaitin məbləği açıqlanıb. Bu barədə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində əksini tapıb. Layihəyə əsasən, ötən il işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 2 665 408 636 manat vəsait xərclənib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsindən isə Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır.

Yada salaq ki, 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı fikir bildirərkən deyib: “Bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik”.

Dövlət başçısının sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı hökumətə tapşırıqlar verilib: “Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir? Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var”.

Bəs hazırda bərpa işləri necə aparılır, işğal altında olan ərazilərdə sosial iqtisadi inkişaf baxımından nə kimi işlər görülür? Builki büdcə vəsaiti əsasən  hansı işlərə sərf olunacaq? Bəs kənd təsərrüfatının inkişafının burada nə qədər payı var?

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov

İqtisadçı millət vəkili Azər Badamov “Yeni Müsavat”a dedi ki, müharibənin başa çatdığı 2,5 ildə işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işləri aparılıb: “Belə ki, işğaldan azad olunmuş ərazilər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının tərkibinə daxil edilərək regionların sosial-iqtisadi inkişafı proqramına əsasən müəyyən tədbirlərin icrasına başlanıb. İlk növbədə bu ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir. Minalardan təmizlənərək təhlükəsizlik təmin olunmuş ərazilərdə dərhal tikinti işlərə başlanılır. Demək olar ki, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu, dəmir yolunun tikintisi əsas istiqamətlərdə başa çatmaq üzrədir. İki beynəlxalq hava limanı tikilib, üçüncü hava limanının tikintisi davam etdirilir. Bütün şəhərlərin baş planları təsdiq olunaraq tikintisinə başlanıb. O cümlədən bir çox kəndlərin də təməlləri atılıb, Ağalı, Talış kəndləri və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qaytarılmasına başlanıb. Dövlətimiz öz doğma yurdlarına qayıdacaq insanların iş məsələsini də qabaqcadan həll edir. Belə ki, bu ərazilərdə aqroparklar, sənaye zonaları, müəssisələr inşa olunur və hər bir yaşayış məntəqəsinə qayıdacaq insanların məşğulluq məsələləri həll edilir. Təbii ki, işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı çox yüksəkdir. Bu ərazilərdə ağıllı əkin sahələri, ağıllı heyvandarlıq kompleksləri, bağlar və sairə tikilir ki, bu da müasir üsullarla kənd təsərrüfatı məhsulları istehsal etməyinə imkan verəcəkdir. 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 2665,4 milyon vəsait sərf olunub. Ölkəmizin iqtisadi imkanları artdıqca işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsaitin həcmi də artırılır. Bu da görülən işlərin sürətlə icra olunmasına və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinin sürətlənməsinə gətirib çıxarır”.

Deputat əlavə edib ki, 2023-cü ilin dövlət büdcəsində də işğaldan azad olunmuş ərazilərə 3 milyard  manat vəsait nəzərdə tutulub: “Amma cari ildə büdcə gəlirlərinin  proqnozda nəzərdə tutulduğundan çox olması dövlət büdcəsinə yenidən baxılmasını aktuallaşdırır. Dövlət büdcəsinə ediləcək artımlar da əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına, həm də ordumuzun güclənməsinə nəzərdə tutulacaq. Çünki bu gün ölkəmiz üçün əsas prioritet sahələr bunlardır. Hesab edirəm ki, dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulma və bərpasına 2260,0 milyon vəsaitin əlavə olunması  keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıdışı prosesini daha da sürətləndirəcək və onların cənnətə çevrilmiş doğma yurdlarında firavan və təhlükəsiz həyatlarına davam etdirilməsinə yol açacaqdır”.

Hazırladı: Afaq MİRAYİQ

 

02.06.2023 13:00
1740