Ekspert iddia prosesinin gedişi haqda: “Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan kompensasiya ödəməyi tələb edir”
İşğal dövründə Ermənistanın ölkəmizin ekologiyasına, fauna və florasına çox böyük ziyanlar vurduğu, ərazimizdəki təbii resurslarımızı amansızcasına talayıb, sümürdüyü məlumdur. Erməni vandallar torpaqlarımızda həmçinin digər çoxsaylı qanunsuz əməllər törədiblər.
Şübhə yox ki, bütün bu cinayətlərin qarşılığı hansısa şəkildə ödənməlidir. Bəs hazırda bu istiqamətdə işlər nə yerdədir? Prosesə beynəlxalq səviyyəli hüquqşünas-vəkillər də cəlb olunubmu?
Bu və digər suallarımıza hüquqşünas Polad Mehdiyev cavab verdi.
Polad Mehdiyev
“Yeni Müsavat”a açıqlamasında ekspert öncə bildirdi ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi digər fəsadlarla yanaşı, ölkəmizdə ətraf mühitə də ciddi fəsadlar verib: “İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən meşələrin qırılması, qəsdən yanğın törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, o cümlədən çayların çirklənməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərimizin qaydalara uyğun olmayan istismarı Azərbaycana bərpası çətin, yəni bərpaolunmayan ziyan vurub. Törədilən cinayətlər bölgədəki yaşayış mühitində ciddi fəsadlar yaradıb, təbii ehtiyatların tükənməsinə, biomüxtəlifliyin məhv olmasına gətirib çıxarıb. İşğal zamanı təbiət qoruqlarında qanunsuz tikinti işləri aparılıb, hətta mədənçilik fəaliyyəti olub. Nəticədə Azərbaycanda mövcud olan 500-dən çox vəhşi heyvan növü məhv olub, ya da məhv olma təhlükəsi ilə üzləşib.
Eyni zamanda işğal altındakı ərazilərdə çaylar, xüsusilə transsərhəd çayları həddən artıq çirklənib. Həmin çaylara Ermənistan tərəfindən müxtəlif tullantılar atılır. Çaylar zibillənir, kimyəvi maddələr, ağır metallarla, mədənlərin istismarı nəticəsində yığılan çirkablarla çirkləndirilib. Ermənilərin törətdiyi əməllər Azərbaycan tərəfindən beynəlxalq müstəvidə, Haaqada, Arbitraj məhkəməsində mübahisələndirilib. Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi bu ilin aprel ayında keçirilib. Bu, Azərbaycan tərəfindən qaldırılan ilk dövlətlərarasi arbitraj prosesidir.
Tarixi arbitraj işinin məqsədi 30 il ərzində beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin qanunsuz işğalı dövründə ətraf mühitin və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə Ermənistan dövlətini məsuliyyətə cəlb etməkdir. Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan “Bern Konvensiyası” üzrə hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə kompensasiya ödəməyi tələb edir".
Xatırladaq ki, hələ 2016-cı ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları əsasında hesabat xarakterli kitab nəşr olunub. Beynəlxalq standartlara uyğun metodoloji əsaslara istinadən ərsəyə gələn hesabatın hazırlanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, İşçi Qrupun üzvləri ilə birgə qiymətləndirmə və konsaltinq üzrə ekspertlər də iştirak edib. Hesabatda bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğalda olan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsirini müəyyənləşdirən Operativ Mərkəzin bir neçə il ərzində topladığı araşdırma materiallarından istifadə olunub.
Hesabatda ətraf mühit, təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları, beynəlxalq hüquqda vurulmuş zərərlərin ödənilməsinin hüquqi şərtləri, zərər və itkilərin iqtisadi qiymətləndirilməsinin metodoloji əsasları haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edir. Yəni 6 əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib, 22 illik işğal dövrünü əhatə edib və ümumilikdə Azərbaycana dəyən ziyan 265 milyard 281 milyon 198 min 203 ABŞ dolları civarında hesablanıb. Lakin indiki mərhələdə dəqiq rəqəmlər hələ ki səsləndirilmir.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”