12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə müdafiə tərəfi maraqlı iddialar irəli sürüb.
İttiham ondan ibarətdir ki, 32 yaşlı İlkin Qurbanov, 2011-ci ildə Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda qətlə yetirilib. Cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra istintaq yenilənib, 38 yaşlı Əhəd Salahov İlkin Qurbanovu sifarişlə öldürməkdə şübhəli bilinərək həbs olunub. Məlum olub ki, təqsirləndirilən şəxsə qətl sifarişi verdiyi iddia olunan Firudin Məmmədov həmin hadisədən 4 gün sonra avtomobildə sol dirsək oynağını iti kəsici alətlə kəsərək intihar edib.
Hazırda davam edən məhkəmədə ən maraqlı məqamlardan biri də qətlin sifarişçisi olduğu iddia olunan F.Məmmədovun hadisədən sonra müəmmalı intiharıdır. İttiham olunan şəxs özünü təqsirli bilmir, həmçinin qətlin sifarişçisinin F.Məmmədov olmadığını düşünür.
Digər əsas məqamlardan biri isə qətlə yetirilən İ.Qurbanovun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla işgüzar münasibətinin olmasıdır. İddia olunur ki, R.Şahbazov tabeliyində olan zavodu zərərçəkmişin adına keçirib. Sonradan onların arasında münasibət korlanıb. İ.Qurbanov qətlə yetirilən günün axşamı isə onun ölümünü sifariş verdiyi iddia olunan F.Məmmədovla aralarında 17 dəfə telefon danışığı olub.
Sözügedən məsələlərlə bağlı R.Şahbazov iş üzrə təqsirləndirilən şəxsin vəkili Orxan Cəfərbəylinin vəsatəti əsasında məhkəməyə çağırılıb.
Sədr müavini ifadəsində irəli sürülən iddiaları rədd edib.
O, qətlin sifarişçisi olduğu iddia olunan şəxslə hadisə günü danışdığını, lakin mövzunun İ.Qurbanovun dəfn mərasiminin təşkili olduğunu deyib. O, zərərçəkmiş şəxsə zavod verməsi ilə bağlı iddianı da təkzib edib.
Müdafiə tərəfi deyib ki, şahidin həyat yoldaşı qətldən sonra zərərçəkmişin həyat yoldaşı ilə görüşüb, şirkəti geri qaytarmasını istəyib: “Hesab edirəm ki, dəqiqləşmə aparılması üçün şahidin həyat yoldaşı da məhkəmədə dindirilsin”.
Hakimlər şahidin həyat yoldaşının dindirilməsi ilə bağlı təklifə hələ ki, cavab verməyib.
Qeyd edək ki, R.Şahbazov 2009-cu ildən hazırkı vaxta qədər eyni vəzifədə çalışır.
Məhkəmə istintaqı davam edir.