Politoloqa görə, ermənilər həm qaz ehtiyaclarını ödəmək üçün yollar axtarırlar, həm də ölkəmizin Rusiya ilə münasibətlərinə soyuqluq gətirmək istəyirlər
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” Partiyasından deputat Qurgen Melkonyanın açıqlaması Ermənistanda çaxnaşma yaradıb.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə yerkramas.org xəbər yayıb. “Qurgen Melkonyan "artsax"ı (Qarabağ) Azərbaycanın bir hissəsi kimi tanıyanlardan biri olub. Vladimir Putin Ermənistana səfər edərsə, onun həbsinin zəruriliyinə haqq qazandıran bu şəxs indi də Rusiya qazından imtina mövzusunu gündəmə gətirib. Ermənistan, nəhayət, müstəqil yaşamaq üçün Rusiya qazından tamamilə imtina etməlidir deyib”, - xəbərdə bildirilir.
Politoloq Beniamin Matevosyan deputatın bəyanatını şərh edərək erməni cəmiyyətinin narahatlığını ifadə edib: “Bu gün Ermənistan qaz istehlakının təxminən 65%-ni Rusiyadan alır və əsasən bu qazdan istifadə edir. Biz İran qazını nəzərə almırıq, çünki o, İran və Ermənistan arasında fəaliyyət göstərən "elektrik müqabilində qaz" sisteminin bir halqasıdır. Rusiya qazından tamamilə imtina etmək, onu Azərbaycan qazı ilə əvəz etmək lazım gələcək. Spiker Alen Simonyanın sözlərinə görə, biz faktiki olaraq Azərbaycan qazından istifadə edirik, baxmayaraq ki, o, bunun necə baş verdiyini dəqiq izah etmir", - deyə politoloq bildirib.
Matevosyan deyib ki, Rusiya qazından “müstəqillik” alan Ermənistan Azərbaycan qazından asılı vəziyyətə düşəcək, Qaqik Melkonyan, Alen Simonyan, Armen Qriqoryan və digər hakimiyyət təmsilçiləri Azərbaycan qazından istifadədə problem olmadığına cəmiyyəti inandırmağa başlayacaqlar: “Ermənistanın enerji resurslarından asılılığını görən rəsmi Bakı çox güman ki, İrəvan qarşısında siyasi tələblər irəli sürəcək, bunun müqabilində ölkəni qazla təmin etməyə razılıq verəcək. Məsələn, Bakı on minlərlə azərbaycanlının İrəvana köçürülməsini tələb edə bilər. Azərbaycan isə azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Türkiyə-Azərbaycan hərbi qrupunun Ermənistana gətiriləcəyini bəyan edəcək. Əks halda, Ermənistan Azərbaycandan qaz almayacaq”.
Politoloqun “uzaqgedən nəticələri”, xüsusilə Bakı və Ankaranın İrəvana ordu yeritməsi haqda dedikləri xəstə erməni təxəyyülünün məhsulu olsa da, o hesab edir ki, əslində Melkonyanın sözlərini daha ciddi qəbul etmək lazımdır. Amma bu açıqlama indilikdə İrəvanın Bakı ilə Moskvanın münasibətlərinə xələl gətirmək cəhdi kimi qəbul edilə bilər. Paşinyan hökuməti “danışan dili” vasitəsilə həm Rusiyanı qəzəbləndirmək, həm də Bakı ilə Moskva arasında gərginlik yaratmaq məqsədi daşıya bilər? İrəvanın Azərbaycan qazı ilə “qızınmaq” təklifi nə qədər səmimidir? Paşinyan hökumətinin əsl məqsədi nədir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hökuməti Rusiya ilə və onun qurduğu təşkilatlarla əlaqələri kəsmək istəyir: “İlk addım olaraq KTMT-dən başlayacaq və Ermənistan bu hərbi bloku tərk eləyəcək. Təbiidir ki, ondan sonrakı dövrdə Rusiya da buna cavab olaraq Ermənistan üçün faydalı olan rıçaqlardan onu məhrum eləyəcək. Avrasiya İqtisadi Birliyindən Ermənistan istəməsə də, yəqin ki, onu çıxaracaqlar. Rusiya Ermənistana ucuz qiymətə qaz satmayacaq. Hətta İrandan alınan qaz da Rusiyadan gələn qaza nisbətən ermənilərə xeyli baha başa gəlir. Üstəlik, Rusiyada işləyən erməni miqrantlar deportasiya olunacaq. Bu da ermənilərin çox ciddi qazancdan məhrum olması deməkdir. Ötən il Rusiyadan Ermənistana 4 milyard dollar Rusiyada işləyənlər pul göndərmişdilər və bu, kifayət qədər böyük məbləğdir. Rusiya Ermənistanı digər üstünlüklərdən də məhrum edəcək. Təbiidir ki, qaz təchizatı məsələsi götür-qoy edilməlidir. Qərbin yardımı ilə Ermənistan güman edir ki, qazı Azərbaycandan ala bilər. Ona görə də bəzi siyasətçilər indidən bunu deyirlər. Bu gün Azərbaycanın Ermənistana verməyə qazı yoxdur. Ancaq yaxın zamanda Azərbaycan bunu eləyə bilər. Çünki qaz istehsalı artır, yeni yataqların istismara veriləcəyi də gözlənilir. Bu səbəbdən ermənilər indidən öz istəklərini elan edirlər. Başqa yolları da yoxdur. Çünki Qərbə yaxınlaşmaq istəyən Ermənistanın Rusiyadan ucuz qiymətə nəyisə almaq, xüsusilə qaz kimi strateji məhsulu almaq imkanı təbiidir ki, olmayacaq. Digər məsələlər barədə də Ermənistan düşünməlidir. Rusiya onun Qərbə üz tutmasını cəzalandırmaq üçün əlindən gələni edəcək”.
Politoloqa görə, ermənilər həm qaz ehtiyaclarını ödəmək üçün yol axtarırlar, həm də məlum bəyanatlar verməklə Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirəcəklərini düşünürlər: “Hesab edirlər ki, Qərbə üz tutan Ermənistanı Rusiya qaz problemi ilə boğarsa və belə vəziyyətdə Azərbaycan qazı nəfəslik kimi dövriyyəyə girərsə, Rusiya buna görə Azərbaycandan razı qalmayacaq”.
Siyasi şərhçi vurğuladı ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamadan, şübhəsiz, onlara Azərbaycandan qaz verilməsi mümkün olmaz. İstər qaz məsələsində, istərsə də digər iqtisadi məsələlərdə əməkdaşlıq üçün mütləq sülh sazişi imzalanmalıdır: “Sülh sazişinin imzalanması üçün isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ləğv edilməlidir. Ermənilər özlərini normal qonşu kimi aparsalar, əməkdaşlıq pəncərəsi açılacaq. Ancaq qonşuluğa yaraşmayan "ideyalar" irəli sürməkdə davam edəcəklərsə, təbiidir ki, Azərbaycan əlində olan rıçaqlardan istifadə eləyib Ermənistana təzyiq göstərəcək. Ancaq erməni politoloqun dediyindən fərqli olaraq rıçaq deyərkən Azərbaycan hərbi qüvvələrinin İrəvana yeridilməsindən söhbət getmir. Ermənistan Azərbaycana qarşı hiyləgərlikdən əl çəkməlidir və normal qonşuluğu öyrənməlidir. Çünki normal qonşuluq hamımızın maraqlarına uyğundur. Hesab edirəm ki, ermənilər bu yolu seçsələr, Azərbaycana qarşı müxtəlif sərsəm iddialardan imtina etsələr, Azərbaycandan qaz almaq imkanları olacaq, həm də Azərbaycanın verdiyi digər üstünlüklərdən istifadə etmək imkanı olacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”