İrəvanın “soyqırımı” yalanından imtinasının sirri

Erməni ekspertlərə görə, Paşinyan hökuməti Rusiyanın Cənubi Qafqaza təsirini azaltmağa çalışan Qərb ölkələrinin təzyiqi altında hərəkət edir; “Paşinyan komandası bu prosesi gücləndirə bilsə...” - deputat

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, hökuməti artıq “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasını prioritet hesab etmir. Onun sözlərinə görə, bu qərar Ankara ilə münasibətləri yaxşılaşdırmağa və regional təcriddən çıxmağa kömək edəcək.

Müxalifət isə bu açıqlamaya görə Paşinyanın komandasını dövlət maraqlarını təslim etməkdə və milli kimliyi məhvdə ittiham edir. “Yeni Müsavat”xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazır. Ararat Mirzoyan bildirib ki, indi əsas vəzifə Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi, Bakı ilə sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və regional kommunikasiyaların açılmasıdır. “Soyqırımın beynəlxalq səviyyədə tanınması məsələsi xarici siyasət gündəmində prioritet deyil”.

Mirzoyan onu da vurğulayıb ki, İrəvanla Ankara arasında dialoq var və tərəflər diplomatik münasibətlərin qurulmasını müzakirə edirlər. Hər iki ölkənin ekspertləri sərhəddə mövcud infrastrukturun, o cümlədən Gümrü-Qars dəmir yolu hissəsinin qiymətləndirilməsi üzrə iş aparıblar. İqtisadiyyat naziri Gevorq Papoyan isə öz növbəsində bəyan edib ki, ölkə hökumətinin əsas vəzifəsi “vətəndaşların rifahını təmin etmək, Ermənistanla digər ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirməkdir”.

Müxalifət isə Mirzoyan və Papoyanın sözlərini biabırçılıq adlandırıb. Qeyd ediblər ki, Ermənistan hökumətinin 2021-ci ildə qəbul edilmiş və beş il üçün nəzərdə tutulmuş proqramında deyilir ki, Nazirlər Kabineti “soyqırımın” beynəlxalq səviyyədə tanınması üçün bütün səyləri göstərəcək və əgər uğurlu olarsa, Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. 2020-ci ildə təsdiq edilmiş milli təhlükəsizlik strategiyasında isə deyilir ki, qondarma soyqırımın beynəlxalq səviyyədə tanınması “erməni xalqının milli ideyasıdır”.

Müxalifətçi deputat Hayk Mamicanyan hazırkı hakimiyyətin bəyanatlarını xəyanət adlandırıb. “Bu "türk tütəyinə rəqsdir", baş verənləri başqa cür adlandıra bilmərəm", - deyə o vurğulayıb. “İzvestiya” yada salır ki, “soyqırım məsələsi” Ermənistanla Türkiyə arasında düşmənçilik münasibətlərinin səbəblərindən birinə çevrilib, amma son vaxtlar ikitərəfli əlaqələr nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, son iki ildə iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç 5 dəfə görüşüb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Türkiyəyə gedib. Baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla şəxsən telefonla danışıb, sonuncu dəfə sentyabrın sonunda ABŞ-da görüşüblər. Ermənistan hökumətinin başçısı münasibətlərə yeni təkan vermək istədiyini açıqlayıb.

Bununla belə, praktiki nəticələr hələ də çox azdır. Məsələn, bir neçə ildir ki, ən azı diplomatik pasport sahibləri üçün quru sərhədinin açılması müzakirə olunur, amma bu, hələ də baş tutmayıb. Ankara vurğulayır ki, İrəvan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra substantiv dialoq başlaya bilər. Bundan əlavə, Türkiyə Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Erməni ekspertlərə görə, Paşinyan hökuməti Rusiyanın Cənubi Qafqaza təsirini azaltmağa çalışan Qərb ölkələrinin təzyiqi altında hərəkət edir. İrəvan Türkiyəyə iddialarından əl çəksə, o zaman Ankara sərhədi aça və Ermənistanı öz təsir dairəsinə daxil edə bilər. Belə olan halda Gümrüdə Rusiya bazasının və Rusiya sərhədçilərinin olması mənası itir. Nəticədə Paşinyan və komandası Rusiya qüvvələrinin çıxarılmasını tələb edə biləcək.

Yeri gəlmişkən, bu ilin aprelində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 1915-ci ildə Osmanlı Türkiyəsindəki “erməni soyqırımı” travmasını aradan qaldırmaq və itirilmiş vətən axtarışlarını dayandırmaq lazımdır. Paşinyan bu tarixlə bağlı müraciətində qeyd edib ki, “Birinci Dünya müharibəsi zamanı böyük faciə baş verib. Yəni 1915-ci il hadisələrini faciə adlandırıb. Eyni zamanda Paşinyan "soyqırım" ifadəsi ilə yanaşı, erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsini işlədən ilk Ermənistan lideri olub. Bu termin əsasən “erməni soyqırımı”nı tanımayan ölkələr tərəfindən öz mesajlarında istifadə olunur. Böyük sual bundan sonra vəziyyətin necə inkişaf edəcəyidir. Ekspertlər “erməni soyqırımı”ndan imtinanın arxasındakı gerçəklər barədə nə düşünürlər? Paşinyan administrasiyası bu mövqeni sona qədər qoruyacaqmı?

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

Arzuxan Əlizadə 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında Paşinyan administrasiyasının proseslərin necə inkişaf etməsinin fərqində olduğunu vurğuladı. Onun sözlərinə görə, erməni tərəfi anlayır ki, Türkiyə və Azərbaycanla əlaqələri yaxşılaşdırmaq üçün hər iki dövlətə qarşı olan ərazi iddialarından imtina edilməli, saxta soyqırımı ittihamlarına son qoyulmalıdır. Deputat bildirdi ki, əgər bu iddialar aradan qaldırılmasa, o zaman gələcəkdə münasibətlər normallaşanda yenidən ciddi problemlərə səbəb ola bilər: “Ona görə də Ermənistan geri dayanmalıdır. Özləri də etiraf edirlər ki, bu illər ərzində uydurma soyqırımı təbliğatı aparmaqla ciddi nəticə qazanmayıblar və bir neçə ölkənin "genosidi" tanıması onlara beynəlxalq müstəvidə böyük siyasi divident gətirməyib. O baxımdan bu bir reallıqdır və sərhədlərin açılması, əlaqələrin düzəlməsi istənilirsə, saxta ittihamlar irəli sürməklə bu münasibətləri yaxşılaşdırmaq mümkün olmayacaq", - deyə deputat qeyd etdi.

A.Əlizadə əlavə etdi ki, Türkiyə lideri Ərdoğan dəfələrlə Ermənistana arxivləri açmağı təklif edib: “Amma razılaşmayıblar. Ərdoğan təklif edirdi ki, arxivlər açılsın, reallıqlar üzə çıxsın. Ancaq Ermənistan bundan imtina edir, çünki arxivlər açılanda təbəəsi olduqları dövlətə necə xəyanət etdikləri, ermənilərin özlərinin törətdiyi cinayətlər üzə çıxacaq. Ermənilər də bu həqiqətin fərqindədirlər. Odur ki, Mirzoyanın dili ilə hazırkı erməni cəmiyyətinə bir toxum atıldı. Bununla mesaj verildi ki, artıq saxta soyqırımı mövzusu prioritet deyil, əsas Ermənistanın inkişafıdır. Hesab edirəm ki, ağıllı addım atmaq üçün bu tendensiya bir qədər də gücləndirilməlidir”.

Türkiyə ilə sərhədlər açılacağı təqdirdə, rus hərbçilərinin bölgəni tərk edəcəkləri gözləntisinə gəlincə, deputat bunu qaçılmaz hesab edir: “Əvvəlcə, İrəvandakı Zvartnots aeroportundan bir proses başlandı, 12 rus sərhədçisi hava limanını tərk etdi. Sonra tərəflər Moskvada razılaşdılar və Ermənistanın İranla sərhədini birgə mühafizə edirlər, hazırda burada müəyyən iş də getməkdədir. Sadəcə, gələcəkdə ruslar çıxdıqda, Qərbin sərhədlərə yerləşdirilməsi baş verə bilər. Ermənistan Avropa İttifaqının “müşahidə missiyası” adı ilə regiona qüvvələri yerləşdirib, düzdür, indi onlar sərhədləri kontrol edə bilməzlər, amma düşünürəm ki, bu bir başlanğıcdır. Yəni gələcəkdə sərhəddə rus hərbçiləri avropalılar əvəzləyə bilər".

A.Əlizadənin sözlərinə görə, bütün hallarda ermənilər narahatdır ki, quru yollar açılsa belə, Türkiyə ilə sərhəddə rus hərbçiləri dayanmayacağı halda Ermənistan üçün hansısa təhlükə yarana bilər: “Hər halda, bir proses gedir və nə zamansa rus sərhədçilərin bu zolaqdan çıxarılması baş tutacaq. Ona görə də İrəvan Ankaraya qarşı saxta iddialarından geri çəkilməlidir və prosesi sürətləndirməlidir. Üstəlik, bu gün Türkiyədə 100 mindən çox erməni yaşayır, elə bir o qədər də erməni miqrantın bizim qardaş ölkəyə işləmək üçün getdiyi deyilir. Əgər gələcəkdə Ermənistanın Türkiyə ilə münasibətləri qurulacaqsa, işləməyə gedən ermənilər üçün də imkanlar açılacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

06.11.2024 10:25
619