İrəvanın “bir ayağı yenə gorda” - Bakıdan xəbərdarlıq

Ermənistanın hakim partiyasının üzvləri də revanşist təşəbbüsləri dəstəkləməyə başlayıb

Son həftələr Ermənistan sülhpərvər bəyanatlar və Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirən siyasi qeyri-müəyyənlik nümayiş etdirir. Qlobal geosiyasi dəyişikliklər fonunda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dünya siyasətinin dinamikasının gözlənilməz olduğunu əsas gətirərək növbəti dəfə İrəvanı ATƏT-in Minsk Qrupunun buraxılmasına müqavimət göstərməyə çağırıb. Bu bəyanat təsdiq edir ki, erməni elitası, xüsusən də onun mühafizəkar hissəsi “Qarabağ münaqişəsinin” nəticələrinə yenidən baxılması üçün istifadə oluna biləcək alətlərdən ayrılmağa hazır deyil. Bu yanaşma Ermənistanın sülh prosesi ilə bağlı səmimiliyini şübhə altına alır.

Digər diqqətçəkən məqam isə Ermənistan parlamentinin spikeri Alen Simonyanın və bir sıra Paşinyanın tərəfdarlarının Qarabağ ermənilərinin 2023-cü ilin sonuna qədər döyüşmədiyini açıq şəkildə bildirməsi olub. Bu ritorik qınaq Ermənistanda hələ də Qarabağ üzərində nəzarətin itirilməsi ilə barışmayan qüvvələrin olduğunu təsdiqləyir. Üstəlik, bu cür bəyanatlar İrəvanın beynəlxalq arenada çatdırmağa çalışdığı sülhlə bağlı bəyanatlarla ziddiyyət təşkil edir.

Son günlər Ermənistan rəsmiləri Azərbaycanda ermənilərin məhkəmələrinə fəal reaksiya verməyə başlayıblar. Aydındır ki, məhkəmənin Ermənistanın hərbi cinayətlərdə və işğalda birbaşa iştirakına dair sübutlar təqdim edə biləcəyindən narahatdırlar. Fevralın 25-də Aİ-Ermənistan Parlamentlərarası Komissiyası Minsk Qrupuna və hətta Madrid Prinsiplərinə istinad edərək çoxsaylı anti-Azərbaycan rəvayətləri ilə bəyanat qəbul etdi. Maraqlıdır ki, imzalayanlar arasında hakim “Mülki Müqavilə” partiyasının üzvləri də var.

Bu, İrəvanın ikili siyasətini nümayiş etdirir: rəsmi olaraq Paşinyan sülhdən, münasibətlərin normallaşdırılmasından, kommunikasiyaların açılmasından danışır, amma parlament diplomatiyası səviyyəsində onun partiya yoldaşları revanşist təşəbbüsləri dəstəkləyir. Ermənistanın “bir ayağı gorda” siyasəti onun durumunu daha da pisləşdirə bilər. Tarix artıq sübut edib ki, onun üçün kritik məqamlarda heç kim onu xilas etməyə tələsmir. Erməni tərəfi ara-sıra revanşist əhval-ruhiyyə nümayiş etdirən ziddiyyətli hücumlar əvəzinə regionda dinc yaşamaq üçün düzgün və təhlükəsiz yol tuta bilər. “Müharibə vaxtı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istəyirdim, lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna imkan vermədi”. Bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Araik Arutyunyan deyib. Bu fakt təsdiq edir ki, Paşinyan sülhə qarşı çıxıb və bu gün də komandasından belə xoşagəlməz səslər eşidilir.

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev Paşinyan komandasının ümumi işə zərər verməməli olduğunu düşünür. Onun sözlərinə görə, belə çıxışlar və addımlar sülhə gedən yolda ürək bulandırır: “Paşinyan referendum anonsu verib. Əgər islahatlara gedilirsə, ərazi iddiaları qanunvericilik aktlarından çıxarılacaq. Belə bəyanatlar səsləndiyi vaxtda isə hakim partiyadan revanş çağırışlarına qoşulanların olması Ermənistan iqtidarının öz ayağına güllə sıxması kimi bir işdir. Erməni cəmiyyəti də konstitusiya dəyişikliyi haqda xəbərləri sakitcə qarşılayırsa, deməli, Paşinyan xalqı sülhə hazırlamaq istəyir. O zaman bu prosesə badalaq gəlmək olmaz. Hər iki tərəf istəkli görünür. Tarixi bir fürsət yaranıb, ikitərəfli formatda danışıqlar davam edir. Hələ ki Rusiya və Qərb də müdaxilə etmirlər. Yəni vasitəçisiz müzakirələr tempi getdikcə artır. Bu şansı isə əldən vermək lazım deyil. Əks halda, üçüncü qüvvə yaranmış problemdən istifadə edəcək. Ona görə də Paşinyan partiyasında və komandasında "xaric" səsləri kəsməlidir. Ümumiyyətlə, ordusu məğlub ölkə və kapitulyant rəhbər dilini qısa etməlidir. Ermənistanın nə şərt irəli sürməyə, nə də revanş arzusu ilə yaşamağa haqqı çatmır. İşğalçı cəzasını alıb, indi də bizim diqtəmizlə sülh sənədini imzalamalıdır".

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

 Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimovun qənaətinə görə, Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı müzakirələrin rəsmi səviyyədə qüvvətlənməsi Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır: “Məntiqlə, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil. Bu, daha çox Prezident İlham Əliyevin yazdığı və diktə etdiyi prinsiplərdir, çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yarada bilmə gücünün bundan sonra da davam edə biləcəyini istisna etmir”. Onun fikrincə, Ermənistan konstitusiya dəyişikliyinə getməzsə, deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi bazasını saxlamış olacaq: “Ana qanuna dəyişikliklə isə həmin baza aradan qalxacaq və bu, Ermənistanın  Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə olan hüquqi əngəlləri aradan qaldıracaq. Ona görə də Ermənistan bütün bu reallıqları və Azərbaycanın geosiyasi oriyentirinin nə qədər güclü olduğunu başa düşərək, müəyyən mənada İlham Əliyevin tələblərinə boyun əymək məcburiyyətində qalır”.

Emil SALAMOĞLU, 
“Yeni Müsavat”

05.03.2025 07:39
1494