İqtisadçı: “Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir”
“Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır”. “Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan aprelin 25-də keçirdiyi brifinqdə bildirib.
“Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. İndi də Rusiyadan aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, - Simonyan əlavə edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyini istisna etməyib. Bu barədə o, aprelin 24-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib: “Bu gün biz Gürcüstanın qaza olan tələbatını demək olar ki, 100 faiz ödəyirik. Təchizat həcmi ildən-ilə artır və hesab edirəm ki, 3 milyard kubmetrə çatıb. Potensial olaraq, Gürcüstan üçün qazın qiymətinin əlverişli və güzəştli olduğunu nəzərə alsaq, Ermənistan da Azərbaycan qazını ala biləcək. Yaxınlıq və infrastruktur nəzərə alınarsa, təbii ki, bu cür əməkdaşlıq təbii olardı”.
Lakin Prezident hesab edir ki, belə əməkdaşlıq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.
Onu da bildirək ki, Ermənistan ötən ildən etibarən Rusiyadan olan qaz asılılığını azaltmaq üçün əlavə mənbələr axtarışına çıxıb. Rusiya ilə münasibətləri getdikcə soyuqlaşdıran Paşinyanın qaz kimi strateji məhsulla təminat mənbələrini genişləndirməyə çalışması açıq hiss olunur. Ötən il Ermənistan İran vasitəsilə Türkmənistandan qaz almaq üçün cəhdlərini gücləndirib. İrəvan Türkmənistandan qazın İran üzərindən svopla ötürülməsini istəyir. Hələlik Türkmənistan bu istiqamətdə İrəvandan edilən təklifləri müsbət cavablandırmayıb.
Rusiya mənbələrinin iddiasına əsasən, Türkmənistanın İrəvanın təkliflərinə müsbət cavab verməməsinin arxasında məhz Moskvanın mövqeyi dayanır. Avropanın qaz bazarından tamamilə çıxmaq üzrə olan Rusiyanın Ermənistana qaz tədarükü imkanını da itirmək istəməməsi, həmçinin qaz kimi strateji məhsulla bağlı rəsmi İrəvana təzyiq rıçağını əldən verməməyə çalışacağı gözləniləndir.
Ötən ilin payızında İranın İrəvandakı səfiri Mehdi Sübhani bəyan edib ki, ölkəsi Ermənistan bazarında Rusiya qazını tamamən əvəz etməyə hazırdır. Lakin İrandan Ermənistana qaz ötürən kəmərin maksimum gücü 2 milyard kubmetrdir - İrəvan ildə Rusiyadan 2,5 milyard kubmetr qaz alır.
2021-ci ilin dekabrında Rusiya qazının Ermənistan üçün (sərhəddə) 10 il ərzində topdansatış qiyməti min kubmetr üçün 165 dollar müəyyən edilib (Rusiya qazı bundan ucuz yalnız Belarus və Qırğızıstana satılır). Bu dəyişikliklər 2013-cü ilin dekabrında imzalanmış sazişə (ev təsərrüfatları və müəssisələr üçün yekun tariflər bu qiymətdən və Ermənistan daxilində qaz tədarükü üçün əlavələrdən ibarətdir) edilib. Bunun müqabilində respublika Rusiya qaz korporasiyasına məxsus olan Razdan-5 İES-in təmiri üçün “Qazprom”a hər il müəyyən məbləğ (illik 31,79 milyon dollar) ödəyəcəyini öhdəsinə götürüb (stansiya bu pulu hətta fəaliyyət göstərməsə belə alacaq-red.).
Dekabrın 15-də respublikanın baş nazirinin müavini Mger Qriqoryan bildirib ki, Rusiyadan Ermənistana idxal olunan təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq yerli istehlakçılar üçün tarif də dəyişməyəcək.
Ermənistan İrandan qazı mübadilə ilə alır - əvəzini elektrik enerjisi ilə ödəyir. Bu mübadilə 2009-cu ildən başlanıb, 2026-cı ildə bitməliydi, 2023-cü ilin avqustunda onun müddəti 2030-cu ilədək uzadılıb. Ermənistan bu ölkədən aldığı illik 365-400 milyon kubmetr qazın əvəzinə hər kubmetr qaza görə 3 kilovat/saat elektrik enerjisi verir. İrəvan bu həcmi ikiqat artırmaqla bağlı İranla razılıq əldə edib. İran qazı Rusiya qazından baha başa gəlsə də, bu, Ermənistanı çəkindirmir. Çünki Rusiyaya ödəniş pulla, İrana isə elektrik enerjisi ilə edilir. 2022-ci ildə Ermənistanda İtaliya şirkətinin inşa etdiyi yeni istilik elektrik stansiyası işə salınıb. Bu, elektrik enerjisi istehsalını artırmağa imkan yaradır. İrandan alınan qazın 1 kubmetrindən 5 kilovat/saat elektrik enerjisi əldə edən Ermənistan onun 3-nü İrana qaytarır, 2-ni isə əhalinin aztəminatlı təbəqələrinə ucuz qiymətə satır. Kifayət qədər əlverişli olan bu alveri genişləndirmək üçün Ermənistandan İrana 3-cü yüksək gərginlikli elektrik ötürücü xətti çəkilir, lakin artıq 8 ildir tikinti başlayıb, bitirilməsi uzanır.
Belə bir şəraitdə Ermənistanın Azərbaycandan qaz alışını bərpa etmək istəyi getdikcə artır. 2023-cü ilin oktyabrında Ermənbistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan bildirib ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır. Həmin nazirlik bu ilin fevralında açıqlama yayaraq, Sovet dövründə Ermənistan və Azərbaycanın qaz nəqli sistemlərini bir-biri ilə əlaqələndirən magistral qaz kəmərləri və onların bərpaya ehtiyac duyulan hissələrini göstərib.
Bunlar aşağıdakılardır:
Qazax - İrəvan, diametri 1000 mm, 6 km bərpa edilməlidir;
İliçevsk (Naxçıvan) - İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir;
Diametri 700 mm olan Naxçıvan-Gorus, 16,5 km-i bərpa olunmalıdır.
Hətta bu kəmərlə işə salınmasa belə, ilkin mərhələdə Azərbaycandan Ermənistana qaz ötürülməsi üçün hazır infrastruktur var. Söhbət Gürcüstan üzərindən keçən Hacıqabul - Qazax - Saquramo magistral boru kəmərindən gedir. Kəmər 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.
Xatırladaq ki, 2021-ci ilin yazında Rusiyadan təbii qaz bir neçə həftə ərzində məhz bu kəmər vasitəsilə ötürülüb. Qazın tranzitinə dair müqavilə SOCAR və “Qazprom Export” şirkəti arasında imzalanıb. Həmin vaxt Rusiya tərəfi Gürcüstana qaz ötürən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri həyata keçirirdi. Buna görə də Ermənistandakı istehlakçılara qaz tədarükü Azərbaycan ərazisi ilə davam etdirilib.
Sovet dövründə Azərbaycandan Ermənistanın özünə qaz xətti çəkilmişdi. Tovuz rayonundan Ermənistanın Noyamberyan rayonuna uzanan boru xəttilə ötürülən qazın bir hissəsi Naxçıvana çatırdı.
Hazırda Azərbaycan işğaldan azad olunan ərazilərin qazlaşdırılması üçün müvafiq boru xətlərinin çəkilişini həyata keçirir. Rəsmilərin dediyinə görə, bu kəmərlərin layihələndirilməsi zamanı ərazilərin inkişaf planları, həmçinin Naxçıvana mümkün ixrac həcmləri də nəzərə alınır. Bu isə o deməkdir ki, İrəvan yekun sülh sənədinin imzalanmasından sonra Azərbaycandan qaz alışına da başlayarsa, nəqli ciddi xərc çəkmədən yoluna qoymaq mümkün ola bilər.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 milyard kubmetrdir: “2023-cü ildə Rusiya Ermənistana 2,44 milyard kubmetr qaz satıb, yəni təqribən 85 faiz qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15 faizə yaxın qazı isə İrandan alır. Ermənistanın bütün qaz infrastrukturu ”Qazprom Ermənistan" şirkətinə məxsusdur, bu şirkətin 100 faiz səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir. Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 kubmetr üçün 165 dollara satır - kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var: Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır - yəni hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı, təqribən, 2 qat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, “Qazprom” özü-özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür".
Ekspertin sözlərinə görə, Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür: “Ona görə də rəsmi İrəvan alternativ qaz mənbələri axtarır, İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 2 milyard kubmetr qaz tədarük edə bilər və İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir.
Bu kontekstdə Ermənistanın Azərbaycanda qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir - Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər.
Ermənistan, nəhayət ki, mifik ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da, tarixi Ermənistanı unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir - bunun üçün tarixi, unikal şans yaranıb".
Dünya SAKİT,
“Yeni Müsavat”