Rəsmi İrəvan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə proseslərinə ayrı və bir-birindən fərqli baxır.
Musavat.com-un məlumatına görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O, bu barədə Ermənistan və Azərbaycan razılığa gəlməyincə Türkiyənin Ermənistanla münasibətləri tənzimləməyəcəyi nöqteyi-nəzərindən danışıb.
“Biz bu prosesləri ayrıca nəzərdən keçiririk. Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri var. Biz bu sahələrdə müxtəlif yollarla işləyirik. Bəli, bir növ münasibət mümkündür. Amma bizim yanaşmamız belədir: həll etmək üçün iki mürəkkəb düstur varsa və siz bu mürəkkəb düsturları birləşdirsəniz, həll daha da mürəkkəbləşəcək. Beləliklə, onları ayırmaq lazımdır. Bizim anlayışımız və yanaşmamız ondan ibarətdir ki, iki fərqli istiqamətimiz var”, - Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması ilə bağlı əldə edilmiş razılaşmanın həyata keçiriləcəyini gözləyir.
Qriqoryan bildirib ki, Ermənistan Türkiyədən irəliləmək üçün hərəkət gözləyir. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu proses üçün müəyyən edilmiş müddət yoxdur.
Musavat.com