İrəvandakı müəmmalı toplantının pərdəarxası: Ermənistan “defolt dövlət” elan ediləcək

Ermənistan kimi kiçik, zəif, eləcə də maliyyə-iqtisadi gəlir qaynağı demək olar ki, olmayan bir dövlətin 15 milyarda yaxınlaşan borcları necə ödəyəcəyi kifayət qədər ciddi suallar doğurur, bu ölkənin iqtisadiyyatı dərin böhrandan indi artıq çöküş mərhələsinə keçib... Belə davam edərsə, rəsmi İrəvan yalnız xarici borcların ödənməsi deyil, həm də daxili fəaliyyətin maliyyələşdirilməsi üçün də maliyyə vəsaiti tapmaqda çətinlik çəkəcək, dövlət büdcəsindəki “yırtıqları yamamaq” üçün Ermənistanı bütövlükdə beynəlxalq güclərə təhvil verməli olacaq...

Cənubi Qafqazda geopolitik “zəif bənd” rolu hazırda məhz Ermənistana aiddir. Halbuki, Ermənistan yalnız geopolitik məkanda deyil, həm də bütün digər sahələrdə də “zəif bənd” olduğunu artıq birmənalı şəkildə təsdiqləməyə imkan tapıb. Belə ki, hazırda Ermənistan cəmiyyəti ciddi şəkildə parçalanıb, bu uydurma dövlətin daxilində siyasi-ictimai böhran dərinləşməkdə davam edir. Və təbii ki, bütün bunlar Ermənistanın sosial-iqtisadi məkanında öz neqativ təsirlərini göstərir.

Düzdür, son illərdə rəsmi İrəvan Ermənistanda iqtisadi artımın olduğu barədə müəyyən idfdialar irəli sürür. Ancaq Ermənistan iqtisadiyyatında real yüksəlişin olması qətiyyən mümkün deyil. Çünki Ermənistan real iqtisadi artım üçün böyük önəm daşıyan ölkədaxili resurslardan və qaynaqlardan çox-çox uzaqdır. Üstəlik, Ermənistan hazırda əsas qonşu ölkələrlə iqtisadi-ticari münasibətlərdən məhrumdur və blokada vəziyyətindədir. Və belə bir ölkənin iqtisadi inkişaf barədə düşünməsi sadəcə, absurd xarakter daşıyır.

Rəsmi İrəvanın iqtisadi artımla bağlı iddiaları isə daha çox Ukrayna savaşının başlanmasından sonra Ermənistanın ticarət manipulyasiyalarından qaynaqlanır. Belə ki, Ermənistan son dövrlərdə Rusiyaya qarşı tətbiq olunan maliyyə-iqtisadi sanksiyalardan maksimum səviyyədə faydalanmağa çalışır. Yəni, Kremlə lazım olan mallar, xüsusilə də, elektron cihazlar Ermənistana idxal edilir. Sonrasa, həmin mallar dərhal Rusiyaya satılır. Və Ermənistan bu qeyri-qanuni “təkrar ixrac” prosesini gizli şəkildə aparır.

1685525359.jpg (118 KB)

Ancaq Ermənistanın bu iqtisadi cinayətinin üstü artıq açılmağa başlayıb. Qərb siyasi dairələrində Ermənistanın tələbatından artıq malların idxal edilməsi ciddi suallar doğurmaqdadır. Hətta son vaxtlar Ermənistan Qərbin Rusiyaya qarşı sanksiyalarını kobud şəkildə pozması barədə faktlar gündəmə gətirilməkdədir. Yəqin ki, tezliklə Ermənistan bu “qaranlıq gəlir qaynağı”ndan məhrum buraxılacaq. Və yalnız bundan sonra Ermənistan iqtisadiyyatının real durumunu müəyyən etmək o qədər də ciddi çətinlik törətməyəcək.

Onu da qeyd etmək lazımdır ki, hətta “təkrar ixrac”dan qazanılan “qaranlıq maliyyə vəsaiti”nə baxmayaraq, Ermənistan iqtisadiyyatı böhranlı situasiyada qalmaqda davam edir. Eyni zamanda, Ermənistanın dövlət büdcəsində də ciddi problemlərin olduğu bildirilir. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan hakimiyyəti dövlət büdcəsindəki maliyyə defisiti ucbatından olduqca çətin vəziyyətlə üzləşib. Və hələlik elə bir real çıxış yolu tapılmayıb.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyanın erməni nazirlərə qeyri-rəsmi təlimat verdiyi barədə də məlumatlar mövcuddur. Həmin təlimatlara görə, Ermənistanın nazirlikləri öz fəaliyyət büdcələrini ciddi şəkildə ixtisar edib, maliyyə vəsaitinin qənaətinə yönəlik, xüsusi rejimə keçməlidirlər. Baş nazir Nikol Paşinyan öz komanda üzvlərini Ermənistan büdcəsində maliyyə vəsaitinin qalmadığı və hazırda yeni kredit qaynaqlarının axtarılmaqda olduğu barədə xəbərdar edib. Və bu, o deməkdir ki, Ermənistan “kəmərsıxma” rejiminə keçmək məcburiyyətindədir.

c9d02761-ab86-4e6a-bb92-2e12a4504836.jpg (196 KB)

Maraqlıdır ki, son vaxtlar baş nazir Nikol Paşinyan hökumətin qapalı toplantılarında məhz Ermənistanın daha da dərinləşməkdə olan büdcə kəsirlərini müzakirə etmək məcburiyyətində qalıb. Erməni baş nazir öz hökumət üzvlərinə maliyyə vəsaiti vəd edən istənilən beynəlxalq qurumla bütün sahələr üzrə əməkdaşlığa hazır olduğunu bildirib. Və bu baxımdan, Paşinyan hakimiyyəti bir müddət öncə Rusiyadan qopara bildiyi yüz milyon dollarlıq kreditdən olduqca məmnundur.

Ancaq Ermənistanın “büdcə yırtıqları” o qədər genişdir ki, rəsmi İrəvana yeni maliyyə qaynaqları lazımdır. Əks halda, Ermənistanın defolt ölkə elan edilməsi qaçılmaz ola bilər. Bu baxımdan, Fransa İnkişaf Agentliyi tərəfindən Ermənistana ayrılmış 75 milyon avro məbləğində yeni kredit indi Paşinyan hakimiyyəti üçün qısamüddətli də olsa, “nəfəslik” hesab olunur. Və rəsmi İrəvan bunun qarşılığında istənilən siyasi-iqtisadi öhdəliyə hazırdır.

Təbii ki, Ermənistan “büdcə yırtıqlarını yamamaq” üçün davamlı olaraq, götürdüyü kreditləri nə vaxtsa, mütləq ödəməli olacaq. Avropa Birliyi ölkələri, xüsusilə də, Fransa Ermənistana o qədər də böyük olmayan məbləğlərdə kredit borcları ayırmağa həvəsli yanaşır. Çünki bu, Ermənistanı Avropa Birliyindən, eləcə də, Fransadan daha çox asılı vəziyyətə salır. Və tədricən Ermənistan xarici borcların sahiblərinin siyasi təlimatları qarşısında çarəsiz ölkəyə çevrilir.

pasinyan-1432-900x615.jpg (58 KB)

Belə anlaşılır ki, tezliklə Fransa Ermənistanın siyasi və iqtisadi idarəçiliyini böyük ölçüdə ələ keçirməyə başlayacaq. Vaxtilə Rusiya da analoji metoddan istifadə etmişdi. Belə ki, Kreml rəsmi İrəvana verdiyi və üst-üstə yığılmış nəhəng borcların qarşılığında Ermənistan iqtisadiyyatının əsas sahələrinin Rusiyanın mülkiyyətinə keçməsini təmin edə bilmişdi. Və bu baxımdan, əslində, Ermənistan iqtisadiyyatı demək olar ki, Rusiyanın nəzarəti altındadır.

Ona görə də, rəsmi İrəvanın davamlı olaraq, Ermənistanın xarici borc yükünü artırması olduqca təhlükəli prosesdir. Çünki bu, Ermənistana siyasi-iqtisadi müstəqilliyin itirilməsi hesabına da başa gələ bilər. Hər halda, Ermənistanın xarici borcları artıq 10 milyardlıq həddi çoxdan aşıb və sürətlə 15 milyard dollara yaxınlaşır. Və Ermənistan kimi kiçik, zəif, eləcə də maliyyə-iqtisadi gəlir qaynağı demək olar ki, olmayan bir dövlətin bu borcları necə ödəyəcəyi kifayət qədər ciddi suallar doğurur.

Bütün bunlar onu göstərir ki, Ermənistan iqtisadiyyatı əslində, dərin böhrandan artıq çöküş mərhələsinə keçib. Belə davam edərsə, rəsmi İrəvan yalnız xarici borcların ödənməsi deyil, həm də daxili fəaliyyətin maliyyələşdirilməsi üçün də maliyyə vəsaiti tapmaqda çətinlik çəkəcək. Və bu, o deməkdir ki, Ermənistan tezliklə defolt ölkə elan edilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

20.06.2024 18:18
2199