“İrəvanda qalaqurma” davası – Qərbin regiona müdaxiləsi destruktiv xarakterlidir

Hər gün gələn informasiyalardan belə anlaşılır ki, maraqları dünyanın çox yerində toqquşan ABŞ və Rusiyanın qarşı duran səngərlərindən biri də Ermənistanda qazılıb.

Rusiya var gücü ilə Ermənistanın Qərbin səfində yer almasını istəmir, buna mane olmağa çalışır. ABŞ və Avropa ölkələri isə bu kiçik Qafqaz dövlətini Rusiyadan qoparmaq üçün əlindən gələni edir. Sonda İrəvanda qalanı kim quracaq, hələ bəlli deyil.

Aprelin 5-də baş tutacaq ABŞ-Aİ-Ermənistan sammitinə məhz bu prizmadan baxılmalıdır.

Ancaq bu, təkcə Rusiya ilə onun 200 illik müttəfiqi Ermənistanın və ya hələ orta əsrlərdən erməniləri öz kiçik “xristian qardaşlar”ı sayan avropalıların üç bucaqlı intriqası deyil, bu ixtilafın bir başı da bizə toxunur.

Çünki dövlət olaraq 106 il öncə Qafqazda bərqərar edilmiş Ermənistan bizimlə, Azərbaycanla bir əsrdən artıqdır davam edən münaqişə içindədir, ərazi iddiası irəli sürür. Bu dövlətlə yaxınlaşmaq, onu özününkü etmək istəyən superdövlətlər isə istər-istəməz öz siyasətlərində bu kiçik dövlətin böyük arzularını nəzərə alırlar.

İndiyədək Rusiya özünü iki türk ölkəsinin arasındakı Ermənistanın himayədarı, qoruyucusu kimi aparır, ona vaxtaşırı kiçik “ərazi hədiyyələri” edir, şıltaqlıqlarına göz yumurdu, indi də ABŞ Ermənistanın regional cangüdəni olmaq, onun baş hamisinə çevrilmək niyyətindədir.

Əslində Rusiya bu mövqeyini, cənub bastionunu əldən verməz, Ermənistanı uzun əsrlər öz yanında saxlaya bilərdi, amma buna mane olan iki amil var. Biri odur ki, ermənilərin “bir az da böyümək” iştahları korşalmırdı, iti olaraq qalırdı və gələcəkdə Gürcüstanın Cavaxetiyasını da əhatə edəcək, Rusiyanı bu ixtilafa da qatacaqdı. Digər amil də odur ki, Ermənistanın indiki rəhbərliyi Qərbdən daha şirnikdirici təkliflər alıb və ona tamahsılanaraq öz əzəli müttəfiqindən üz döndərib.

ABŞ-ın Cənubi Qafqaza soxulmaq, burada möhkəmlənmək niyyəti yeni deyil. Bu dövlət vaxtilə Azərbaycana da çox şirnikdirici vədlər verib, onu öz nüfuz dairəsinə almağa çalışıb, ancaq bu, mühüm səbəblərə görə baş tutmayıb.

Bir aralar ölkəmizdə karbohidrogen ehtiyatlarının istismarı üzrə ciddi iqtisadi tərəfdaşlığı olan ABŞ öz qeyri-hökumət institutları (kəşfiyyat şəbəkəsi) ilə birlikdə ölkəmizdə fundamental fəaliyyət göstərir, iqtisadiyyat sahəsində əməkdaşlığı hərbi-siyasi əməkdaşlığa çevirmək istəyirdi.

Ancaq bu dövlətin şərtləri bizim üçün qanedici deyildi. ABŞ istəyirdi ki, biz Rusiya və İranla düşmən olaq, Ermənistana güzəştə gedək və barışaq, Türkiyə ilə isə o qədər də yaxın olmayaq, təklənmiş, kiçilmiş, başıqapazlı Qafqaz ölkəsinə dönək.
Xüsusilə də ABŞ-ın əsas niyyəti Azərbaycandan İrana qarşı plasdarm kimi istifadə etmək idi. Azərbaycan bu avantüraya getmədi və olduqca ağıllı mövqe tutdu. Münki biz, obrazlı desək, ən yaxşı halda oxlu kirpi boyda bir ölkə olaraq “rus ayısı” və “İran şiri”nin ikisinə birdən meydan oxumalı deyildik.

Bizdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti bir qədər sola dəyişdi. Üçdişli “ninza qarmağı” Gürcüstanın eyvanına ilişdi. Gürcüstan Rusiya ilə düşmən, Türkiyə və Ermənistanla dost, bizimlə yaxın qonşu və iqtisadi tərəfdaş oldu, amma bu, gürcülərin öz dövlətlərinin ərazi bütövlüyünü bərpa etməsinə gətirib çıxarmadı. Aydın oldu ki, Qərb Gürcüstanda o şərtlə möhkəmlənmək istəyir ki, bu dövlət onu müharibəyə sürükləməsin.

İndi ABŞ-ın hədəfində Ermənistandır və bu dövlətə yanaşma çox fərqlidir. ABŞ Ermənistanın Rusiya ilə düşmən olmasını istəyir, amma Türkiyə ilə düşmənçilik münasibətini davam etdirməsini istəmir. Eyni zamanda Qərb İrəvanın İranla cilvələşməsinə də göz yumur.

Maraqlıdır ki, iki müsəlman-şiə ölkəsinin (İran və Azərbaycanın) düşmən olmasını istəyən ABŞ bir ortodoksal müsəlman ölkəsi ilə ortodoksal xristian ölkəsinin dostyana münasibətlərindən yanadır. Bu nədən belədir, bunu yəqin ki, Ağ Evdə yaxşı bilirlər.

Ermənistanın bizimlə bundan sonrakı münasibətinin necə olmasına gəlincə, ABŞ və Avropada qəti düşüncə budur ki, erməni dövləti hazırda zərərçəkən durumundadır, müharibədə haqsız yerə məğlub olub, ziyana düşüb, necəsə bunun kompensasiyası olmalıdır, ölkə bu vəziyyətdən çıxarılmalı, Qafqazda üstün duruma gətirilməlidir.

Bu kiçik dövlətin özündən iki dəfə böyük ölkənin, 3 dəfə böyük xalqın ərazisinin 20 faizini xarici havadar hesabına 30 il işğalda saxlaması, darmadağın etməsi, ona ən azı 100 milyardlıq ziyan vurması Qərbin qulağına deyil. Sanki belə də olmalıymış və bu işğal Ermənistanın, daha dəqiqi, Qarabağın dağlıq hissəsində İŞİD-vari qanunsuz dövlət qurmuş ermənilərin özünüqoruma ehtiyacından doğub.

Belə bir məlumat var ki, aprelin 5-də baş tutacaq görüşdə faktiki olaraq hərbi pakt imzalana bilər. Bu, o deməkdir ki, Ermənistan NATO üzvü olmasa da, hərbi baxımdan ABŞ və Fransanın qanadı altına girir.

Bu isə bütövlükdə Cənubi Qafqazda sabitliyin pozulmasına, sülhün bərqərar olmasının ləngiməsinə və ya yerli-dibli məhvinə səbəb ola bilər. Çünki tarixi boyu böyük dövlətlərin əlində maşa olan və onların siyasətinə qulluq edən erməni siyasətçilərin özlərini bir balaca havadarlı görüncə mənfi planda necə maksimalist olduqları hər kəsə bəllidir.

Bu baxımdan ABŞ və Avropanın (xüsusilə Fransanın) son hərəkətləri, Cənubi Qafqaz regionuna müdaxiləsi destruktiv xarakterlidir, müharibənin yenidən alovlanmasına rəvac verə bilər. Bunu hətta artıq Rusiya XİN də qeyd edir. Rusların da bu məsələdə öz maraqları var.

Araz Altaylı, Musavat.com

28.03.2024 12:00
1632