İrəvanın “Sürməli” bazarında baş verən dəhşətli partlayışda 3 nəfər ölüb, 60 nəfər yaralanıb, 17 nəfərsə itkin düşüb. Regionun informasiya məkanında bu hadisə ən üst yerdədir. Azərbaycan informasiya məkanında isə ictimaiyyət partlayış hadisəsini xüsusi diqqətdə saxlayır. Ölkəmizin təhlilçiləri və tanınmış simaları da “Sürməli” bazarındakı partlayışla bağlı rəylər bildiriblər. Onlardan ən orijinalı və maraq doğuranı isə hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulunun verdiyi açıqlamadır. Hərbi ekspertə görə, bu hadisələr davam edəcək:
“Ata yurdumuz İrəvanda baş vermiş hadisə terrorizm aktıdır. Ehtimal edilir ki, bu, terrorist mənşəli erməni cinayətkar siyasi qruplar arasında daxili çəkişmə zəminində törədilib. Bu şəkildə partlayışlar ardıcıl olaraq davam edərsə, hadisələrin daha geniş coğrafiyaya yayılması qaçılmazdır. Bu səbəblə təhlükəsizliyimizin təminatı adına İrəvanda antiterror əməliyyatlarının keçirilməsində birbaşa iştirakla erməni xalqına dəstək olmağa hazır olmalıyıq”.
Ekspertin bu açıqlamasından az sonra İrəvana bağlı xəbərlərdən yeni həyəcan siqnalı eşidilməyə başlandı - İrəvan metrosu fəaliyyətini dayandırdı! Buna səbəb də bu idi ki, “...metrostansiyaların hamısı bombalanıb” kimi iddialar səsləndi. Doğrudur, İrəvan metrosundan bomba çıxmadı, lakin bombanın var olması xəbəri ilə oynayan və bunu təhdidə çevirən daxili qüvvələrin ortaya çıxması müəyyənləşdi.
Əgər belədirsə, İrəvanı və Ermənistanı kimlər, niyə qarışdırmaq istəyir? Bu məsələnin Zabux və digər kəndlərin boşaldılması perspektivinə aidiyyəti varmı?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, İrəvanda ard-arda çox maraqlı hadisələr baş verir: “Avqustun 2-də elan etdilər ki, İrəvanda metro minalanıb. Buna görə metropoliten işini dayandırdı, insanları təxliyə etdilər. Axtarış aparıldı, amma mina tapılmadı. 2 həftə keçməmiş yenə də eyni hal təkrar olundu. İrəvanda metropolitenin minalanması xəbəri verildi, yenə də metropolitenin işi dayandırıldı, insanlar təxliyə edildi, amma mina tapılmadı. Bu xəbər İrəvandakı ”Sürməli" bazarında yanğınla müşayiət olunan partlayışdan sonra verildi. “Sürməli” bazarındakı partlayışda itkin düşənləri hələ də axtarırlar. Baş verənlərin təsadüf də hesab etmək olar. Bəzi erməni ekspertləri baş verənlərdə azərbaycanlılardan şübhələndiklərini açıqlayıblar. Deyirlər ki, İrəvanda azərbaycanlıların sayı artıb. Halbuki terroru erməni təxribatçılar, separatçılar daha yaxşı bacarırlar. Bakıda avtobusları partladıblar. Metropolitendə partlayış törədiblər. Qarabağı işğal altında saxladıqları müddətdə qarış-qarış minalayıblar. Ona görə də ermənilər təxribatçıları öz aralarında axtarsalar, daha yaxşı olar. Baş verənlər o dairələrin marağındadır ki, Paşinyan hökumətini zəiflətmək istəyirlər".
Politoloq deyir ki, baş verənləri Ermənistan daxili qüvvələrin təxribatı kimi dəyərləndirmək lazımdır: “Azərbaycan Qarabağ məsələsini rahatlıqla həll etməkdədir. “Qisas” əməliyyatından sonra Azərbaycan Ordusu strateji yüksəklikləri ələ keçirib. Bir neçə gündən sonra Laçın şəhəri və dəhlizi nəzarətimizə keçəcək. Bu proses getdikcə artan xətlə inkişaf edəcək. Qarabağda başladılan proses separatçıların ərazilərdən tam təmizlənməsinə qədər davam edəcək. İrəvanda baş verən hadisələr Paşinyan hökumətini zəiflətsə, bu gedişatın Qarabağda başladılan proseslərə təsir edəcəyini düşünmürəm".
Politoloqun Azərbaycanın təhlükəsizliyimizin təminatı adına İrəvanda antiterror əməliyyatlarının keçirilməsinə dair hərbi ekspert Alp Arslan İmamqulunun fikirlərinə münasibəti belə oldu: “Ermənilər 30 ildir ki, torpaqlarımızı işğal ediblər. Azərbaycan torpaqlarında biz azərbaycanlılara qarşı qətliamlar törədiblər. Xocalı soyqırımını törətməklə bəşər tarixinə qanlı ləkə salıblar. Baş verənlərdən sonra bu gün bizim ermənilərə belə dəstək verməyimiz real görünmür. İrəvanda baş verənlər öz daxili problemləridir, gedib özləri də həll etsinlər”.
Politoloq deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç kimi İrəvanda baş verən partlayışla bağlı başsağlığı verə bilər: “Belə bir başsağlığının verilməsi sırf insani yanaşma baxımından doğru ola bilər. Ermənistana terrorla mübarizədə dəstək vermək isə Azərbaycana gərək deyil. Biz ərazilərimizdə olan erməni terror dəstələrini təmizləyirik. Prezident İlham Əliyev də son çıxışında vurğuladı ki, heç bir kənar qüvvə, heç bir telefon zəngi bizə təsir edə, yolumuzdan döndərə bilməz. Mümkündür ki, hərbi ekspert bunu ideoloji baxımdan söyləyib. Düşmənə göstərmək istəyir ki, Azərbaycan artıq terrorla effektiv mübarizə aparmaq iqtidarındadır. 30 ildən artıq Azərbaycana düşmən mövqedə dayanan, bu gün də mövqeyindən əl çəkməyən, Zabuxda evləri yandıran bir topluma biz niyə dəstək verməliyik? Qoy öz terrorçuları ilə özləri məşğul olsunlar”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”