İrəvanda hakimiyyəti devirmək planı - baş tutsa nə olar?

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə qarşı etiraz aksiyaları keçirilir. İşğalda olan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və demarkasiya işlərinin başlamasından sonra sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri etiraza qalxıblar. 

Kənd sakinləri mütəmadi olaraq magistral yolları bağlayır, hökumətdən demarkasiya işlərinin dayandırılmasını tələb edirlər. Sakinlərin etiraz aksiyalarına erməni müxalifəti də dəstək verir, qızışdırıcı mövqe sərgiləyirlər. Məlumatlara görə, etiraz edənlərin əksəriyyəti Kirant kəndinin sakinləri yox, kənardan gələn qızışdırıcı şəxslərdir. Onlar Azərbaycana kəndlərin qaytarılması prosesinin, delimitasiya və demarkasiyanın referendum yolu ilə həyata keçirilməli olduğunu iddia edir və Ermənistan hakimiyyətindən referendum keçirilməsini tələb edirlər. Ermənistan Daxili İşlər Nazirliyinin mayın 2-də yaydığı məlumatda deyilir ki, polis Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır. “Polis mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - məlumatda qeyd edilib.

Ermənistanın baş naziri Nikol Paşinyanın isə Kirants sakinləri ilə görüşündən nəticə hasil olmayıb, etirazçılar onun vədlərinə qulaq asmayıblar. Aydındır ki, bu etirazların hədəfi sərhədlərin müəyyənləşməsi deyil, Paşinyan hakimiyyətinə qarşıdır. Əsasən Rusiyaya bağlı siyasi qüvvələr və “Qarabağ klanı” xalqdan istifadəyə cəhd göstərir. Müxalifət delimitasiyanı elə təhlükəli məsələ, proses kimi təbliğ edir ki, insanlarda xof yaranır. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sərhədlərin müəyyənləşməsinin qaçılmaz proses olduğunu başa düşür, bunun doğru proses olduğunu qəbul edir və müxaliflərə qoşulmur, etirazlara dəstək vermir. Müxalifət yolları bağlamaq, hökumət binası qarşısında aksiyalar təşkil etməklə xaos yaratmaq istəyir. Müxalifət etirazlardan yararlanmaq, etirazları böyütmək və Paşinyanı devirmək niyyətindədir. Ekspertlərə görə, indiki etiraz aksiyaları Paşinyanı hakimiyyətdən sala biləcək miqyasda deyil. Amma proseslər başqa məcraya yönələ, xarici qüvvələrin köməyi ilə, silahlı terrorla ölkədə xaos dərinləşə, Paşinyan devrilə bilər. Bəzi ekspertlər o fikirdədir ki, Ermənistanda kim hakimiyyətə gəlsə, bu prosesi ləngidə bilsə belə, dayandıra bilməyəcək.

“Demarkasiya olunmuş ərazilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi bu əraziləri mühafizə etməyəcək, bu vəzifəni Milli Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri icra edəcək”. Paşinyan İctimai Televiziyanın efirində deyib. “Sərhədin bu hissələrində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Mümkündür ki, biz suveren ərazilərimizdən çıxaq, çünki burada (Tavuş - red.) Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edəcək”, - deyə o bildirib. “Paşinyan ərazilərdən danışanda əmin dedi ki, əllərimi kəsərəm, bir millimetr torpaqdan da əl çəkmərəm. Torpaqdan imtina etsəm, məni meydanda asın”. Ermənistan parlamentinin revanşist-müxalif deputatı Qarnik Danielyan tərəfindən səslənib. “İndi bu adam konstitusiyanı, istiqlal bəyannaməsini, bayrağı, gerbi, bir sözlə, hər şeyi dəyişək deyir. Belə getsə bir azdan artıq Alagöz dağına da (Ermənistanda ən yüksək dağ) baxmayın deyəcəklər”, - deyə erməni deputat qeyd edib. Göründüyü kimi, erməni cəmiyyətində Paşinyan haqda satqın, milli maraqlara xəyanət edən obraz yaradılmasına cəhd edilir. 

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, siyasi analitik Rauf Arifoğlunun sözlərinə görə, bu proseslərin gedişində Nikol Paşinyanı devirsələr, bu, Ermənistan-Azərbaycan münasibətlərini mənfi mənada təsirləndirəcək: “Sözsüz ki, bu çevriliş neqativ yöndə münasibətlərimizə təsir edəcək. Biz Azərbaycan dövləti və toplumu olaraq heç bir halda arzu etməməliyik ki, Paşinyan devrilsin. Çünki bu dəyişiklik Ermənistanı idarəolunmaz vəziyyətə gətirib çıxara bilər və siyasi kollabs baş verər. Yox, əgər xalq özü ayağa qalxarsa, bu, başqa bir geçəklik yaradacaq. Amma hərbi elitanın iştirakı ilə çevriliş baş tutarsa, rusiyayönümlü elementlərin iqtidara gəlməsi baş verərsə, bu, yeni yol izləməsinə gətirib çıxaracaq. Yox, daha bir versiya -  Paşinyan sui-qəsdlə aradan götürülsə, o zaman da bir ayrı reallıqlar yaranacaq”. 

R.Arifoğlunun fikrincə, bütün hallarda Paşinyanın devrilməsi ilə Ermənistan-Azərbaycan münasibətlərində və danışıqlar prosesində pauza əmələ gələcək: “Biz Paşinyan hakimiyyəti ilə müəyyən nöqtəyə gəlib çıxmışıq. Hazırda Azərbaycanın arzuladığı və diktə etdiyi bir proses getməkdədir və ən əsası, vasitəçisiz danışıqlar aparırıq. Bu ikitərəfli anlaşma prosesi ötən ilin dekabrında bir razılaşma ilə başladı, sonra baş nazirlərin müavinləri səviyyəsində gedən danışıqların 8-ci görüşündə bir anlaşmaya nail olduq və hazırda delimitasiya işləri aparılır. Yəni biz istəyirik ki, Ermənistanın indiki hökuməti Azərbaycanla sülh sənədi imzalasın. Çünki bizim gündəmimiz sülh gündəmidir”. 

R.Arifoğlu hesab edir ki, əgər revanşistlər Ermənistanda iqtidara gəlsələr, o halda münasibətlərdə gərginlik yarana, pauza ola bilər, lakin bu dövr keçici bir hal daşıyacaq: “Ermənistanın gücü yoxdur, heç bir iqtidarın da ictimai dayağı olmayacaq. Rusiya rəsmilərinin bu yaxınlarda çox mühüm bir açıqlaması oldu - Ermənistandan daha çox Rusiyada erməni yaşayır. Eyni zamanda biz 44 günlük müharibənin gedişində gördük ki, ermənilər necə fərarilik edirlər, döyüşlərdən qaçırlar. Ona görə də revanşistlər gəlib nə edəcək ki?! Yəni strateji anlamda Azərbaycana bir təhdid ola bilməzlər, sadəcə, danışıqların dalana dirənməsi, münasibətlərdə fasilə mümkündür. Biz isə bunu arzu etmirik, bizim gündəmimizdə qalıcı, dayanıqlı sülhün təmin olunması, əməkdaşlığın yaranmasıdır. Bu gün Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistanın müstəqillik bəyannaməsində olan ərazi iddialarını aradan qaldırması vacibdir. Ona görə Paşinyan iqtidarının devrilməsini istəməzdik ki, sıfır nöqtəsinə qayıdaq”.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluna görə, Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar: “İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrində aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə, radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda, onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

03.05.2024 12:31
884