Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə “Qarabağ hərəkatı”nın davamının olmayacağını bir daha bəyan edib. Hərçənd onun sözü ilə əməlinin düz gəldiyini söyləmək çox çətindir. Bu da daha iki fakt.
Yerli medianın yazdığına görə, iki gün öncə İrəvanda uydurma “artsax parlamenti”nin iclası keçirilib. “Yeni Müsavat” bildirir ki, iclasda “artsax konstitusiyasına” dəyişiklik layihəsi təsdiqlənib. “Dəyişikliklərə əsasən ”dövlət institutları"nın davamlılığı təmin edilib", - geydirmə “parlament”in üzvü Metakse Akopyan bildirib.
“Yeni mətn elə yazılıb ki, istənilən fors-major şəraitdə ”dövlət" qurumları həll yolları tapa bilsinlər. Gələcəkdə onlar qeyri-qanuni qurum sayılmayacaqlar. Ümid edirəm ki, iclas həm “parlament”, həm də “prezidentlik” institutunun daha həyat qabiliyyətli olmasına stimul yaradacaq. Dəyişikliklər “prezidentin” səlahiyyətlərini genişləndirə bilər, lakin bu o demək deyil ki, düzəlişlər xüsusi olaraq bu məqsədlə edilib" , - Akopyan sərsəmləyib. Onun sözlərinə görə, iclasda 30 “deputat” iştirak edib və “layihə” yekdilliklə qəbul edilib.
Fransalı deputat Nikolas Metzdorf isə İrəvanda ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla görüşüb. Bu barədə o, özünün X səhifəsində yazıb. “Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın (Azərbaycanın Qarabağ bölgəsi - red.) mühacirətdə olan prezidenti ilə İrəvanda görüşə bildim...”, - deyə o sarsaqlayıb.
Bu, fransızların erməni separatçılığını dəstəkləməsinə aid ilk nümunə deyil. Fransa deputatının onu “Dağlıq Qarabağın mühacirətdə olan prezidenti” kimi təqdim etməsi isə Azərbaycanın ərzi bütövlüyünə açıq-aşkar həqarətdir.
Bakıya qarşı bu demarşlara indi nə ad qoyaq? Paşinyan nə üçün İrəvanda separatçı tör-töküntülərin əl-ayağını yığmır, onların cəmləşdiyi və “artsax” tamaşası göstərdikləri məkanları bağlamır?
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, separatçıların İrəvanda yığıncaqları son çırpıntılarıdır. Onların avantürüst və populist olduğunu qeyd edən professor söylədi ki, “artsax” adı ilə keçirilən tədbirlərə icazə verilməməlidir. “Ermənistan hökumətinin növbəti dövrdə onların iclaslarına müdaxilə etməsi lazımdır. Paşinyan hələ ki bunu etmir və narazı elektoratı qəzəbləndirmək istəmir. Amma növbəti mərhələdə onların əl-qolunun bağlanmasını gözləyirəm. Çünki getdikcə həddi aşırlar və fəaliyyəti genişləndirməyə çalışacaqlar. Parlamentin sədri Simonyan bildirmişdi ki, onların fəaliyyəti Ermənistan üçün təhdiddir. Onda bu təhdidlə bağlı niyə tədbir görülmür? Deməli, iki səbəb ola bilər: ya Paşinyan sülhdən danışıb arxada separatçılara meydan verir, ya da bu qüvvələrə qarşı sərt tədbir görməkdən çəkinir, etirazlara səbəb olacağını fikirləşir. Əgər bu addımlar davam edəcəksə, Azərbaycan Ermənistana xəbərdarlıq etməlidir. Bizə qarşı ərazi iddialarını davam etdirmək sülhə zərbədir. Qondarma parlametin yığışmasına şərait yaratmaq isə məhz Azərbaycana olam ərazi iddialarını qüvvədə saxlamaqdır”, - deyə politoloq açıqladı.
Q.Hüseynli əlavə etdi ki, fransız deputatın Şahramanyanla görüşməsi böyük siyasi heyvərəlikdir. Onun sözlərinə görə, Fransa Senatı özünə hörmət qoymur: “Avropanın dahilər yetişdirmiş, 5 dəfə inqilab etmiş ölkəsinin parlamenti hansı səviyyəyə düşüb ki, onun üzvü Qarabağdan tülkü kimi qaçmış, heç bir statusu olmayan Şahramanyanla görüşür. Bu, Fransa adına, deputatlıq adına rəzalətdir. Üstəlik, onu ”mühacirətdə olan prezident" adlandırması ikiqat biabırçılıqdır. Azərbaycan parlamenti Fransa Senatına etiraz məktubu göndərməlidir. Çünki bu şəxsi “mühacir prezident” adlandırmaq Azərbaycanın ərazi bütövlüyünə, ölkə rəhbərliyinə hörmətsizlikdir. Şahramanyan kimdir ki, onu prezident sayasan? Bu adam 10 gün qondarma quruma başçılıq edib, sonra buraxıldığını özü elan edib. Bəs o deputat hansı əsasla ona “mühacir prezident” deyə bilər? Heç bir ölkə, içi Fransa və Ermənistan qarışıq “artsax”ı müstəqil subyekt kimi tanımayıbsa, deməli, fransalı deputat yalnız separatçılığı dəstəkləyir. Bunun separatizmə dəstək verməkdən başqa izahı ola bilməz".
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva isə fərqli düşündüyünü vurğuladı. Onun sözlərinə görə, separatçılar bu cür yığıncaqlarla varlığını nümayiş etdirib xarici fondlardan qrant, maliyyə qoparmağa müvəffəq olur. Z.Qarayeva dedi ki, Qərb fondları Qarabağdan könüllü gedən ermənilərə “qaçqın” kimi yardım ayırır, separatçılar da bu vəsaitin axını üçün mövcud olduqlarını göstərməlidirlər:
“Ona görə arada toplaşıb mifik parlamentin guya iclaslarını keçirir, bəyanatlar verirlər ki, biz də varıq. Fransalı deputatın separatçı Samvellə görüşü də buna hesablanıb. Yəni onlarla görüşməyə gələnlər var. Bütün bunlar fiaskodur. Yüz belə avropalı deputat gəlsin, min belə tədbir keçirsinlər, Azərbaycan dövlətinin mövqeyi birmənalıdır - heç bir cinayət törətməmiş, separatizmə qulluq etməmiş, işğal dövründə məskunlaşmamış dinc ermənilər qayıda, Azərbaycan vətəndaşı kimi yaşaya bilər. Bundan başqa hər jansı şans tanınmır. Eyni zamanda, bu proses paralellik təşkil etməlidir: Qərbi azərbaycanlıların da ev-eşiyinə qayıdışı təmin olunmalıdır. Odur ki, separatçılar özlərini yığışdırmasa, Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır”.
Ekspert onu da bildirdi ki, Ermənistanda separatizmi dəstəkləyən daxili və xarici qüvvələr var, Paşinyan onlarla mübarizə aparmalıdır: “Amma əksinə, fransalı deputatın separatçı ilə görüş keçirməsinə şərait yaradılır, onlara maliyyə ayrılır, revanşistlər də separatçıları körükləyir. Bunun qarşısı alınmasa, Paşinyanın sülhdə maraqlı olmadığını bilinəcək”.
Xatırladaq ki, hakim Mülki Müqavilə Partiyasından deputat Arsen Torosyan “artsax”ım fəaliyyətini yolverilməz adlandırmışdı: “Bizim suveren ölkəmiz - Ermənistan Respublikası daxilində və ərazisində ikinci bir dövlətin və ya onunla əlaqəli hər hansı dövlət institutunun mövcudluğu mümkün deyil və ola da bilməz. Belə hərəkətlər və bu cür hərəkətləri həyata keçirən şəxslər və ya qurumlar ciddi siyasi və hüquqi qiymətləndirilməyə layiq görülməlidir - nöqtə. Bunu bəzilərinin düşündüyü kimi həmvətənlərimizə qarşı nifrət təbliğatı kimi yox, onların yaşadığı ölkəyə olan sevgi və qayğı kimi başa düşün”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”