İrəvana bir gündə iki kritik zəng: Paşinyan qırmızı xətti keçsə...

Bir gündə İrəvana iki telefon zəngi oldu: həm Moskvadan, həm də Tehrandan. Rusiya prezidenti Vladimir Putin Bakıda olarkən bildirmişdi ki, Azərbaycandan geri dönəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışacaq.

İlham Əliyev - Vladimir Putin: Yüksək səviyyədə görüşlər fotolarda -  18.08.2024, Sputnik Azərbaycan

Kremlin mətbuat xidmətinin yaydığı məlumatdan aydın olur ki, Putin Paşinyanla danışıb və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Rusiya liderinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqları da əhatə edən söhbət olub. Rəsmi açıqlamada bildirilir ki, “Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”. Həmçinin ikitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub, əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

Putin Paşinyanın telefon zənglərinə niyə cavab verməyib?

İkinci telefon zəngi ilə bağlı məlumatı Tasnim Agentliyi yayıb. Xəbər verilir ki, İranın xarici işlər naziri Abbas Araqçi ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Rəsmi məlumatda deyilir ki, Mirzoyan İrəvan və Tehran arasında dostluq münasibətlərini alqışlayıb və ölkəsinin İranla əlaqələri genişləndirmək əzmində olduğunu bildirib. O, həmçinin İranın Ermənistanın ərazi bütövlüyünü və regional hadisələri dəstəkləmək mövqeyini yüksək qiymətləndirib. Öz növbəsində, Əraqçi iki qonşu ölkə arasında münasibətlərin güclənməsini alqışlayıb və İranın Ermənistanla əlaqələri genişləndirməyə hazır olduğunu bildirib. O, həmçinin İranın region ölkələrinin, o cümlədən Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və Tehranın beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşı olduğunu vurğulayıb. Əraqçi Ermənistan və onun qonşuları arasında sülh danışıqlarına dəstəyini ifadə edərək, İranın bütün regionda davamlı sülhü dəstəkləməyə hazır olduğunu bildirib. İki ölkənin xarici işlər nazirləri təmasları davam etdirmək barədə razılığa gəliblər.

İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Möxbərin  rəhbərliyi altında davam edəcək: Seyid Əli Xamenei

Göründüyü kimi, hər iki telfon zəngi ilə bağlı xəbərdən belə aydın olur ki, “qurd quzu ilə otlayır”, nə Ermənistan Rusiyaya “kəllə atır”, nə də İran ABŞ və Fransa hərbçilərinin, hərbi texnikasının Zvartnots yolu ilə “qulağının dibinə” doldurulmasından narahatdır. Bəs onda neçə müddətdir davam edən İrəvan-Moskva gərginliyi nədir? Yaxud bir neçə gün əvvəl Tehrandan Ermənistana “narahatıq” məzmunlu mesaj nə tez unuduldu?

Mirzoyanın Türkiyə səfəri ilə bağlı açıqlama...

Əraqçının nazir təyin olunmasından sonra ilk olaraq dəstəyi götürüb İrəvana telefon açmasının özü maraqlıdır. Bu, Mirzoyanın səsinə tamarzı olmaqdan irəli gələn zəng deyil. Yeri gəlmişkən, elə eyni gündə Nikol Paşinyan heyvan-qara məsələləri ilə məşğul olmağa səy göstərən Mirzoyana məsləhət görmüşdü ki, fermaya başını soxmasın, xarici siyasətlə məşğul olsun. Mirzyanın diplomatiyada nəyə qadiri olduğunu onun “həftə səkkiz, mən doqquz” Azərbaycanla sülhə dair qeyri-ciddi açıqlamaları da ortaya qoyur. Bu mənada Əraqçı üçün Ararat elə də böyük persona deyil. Sadəcə İranın baş diplomatı Ermənistanın silah bazasına çevrilməsindən, ABŞ hərbi texnikasının bu ölkəyə daşınması, Fransa başda olmaqla, Avropa İttifaqının cəsus şəbəkəsinin İran planına uyğun şəkildə bölgədə yerləşməsi, Pentaqonun Ermənistanda – Zəngəzur bölgəsində hərbi baza yaratmaq istiqamətində addımlarının fonunda operativ şəkildə İrəvandan izahat istəyib heç şübhəsiz. Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsi barədə şablon bəyanatı çox eşitmişik, guya Ermənistana kim təhdid yaradır ki? Ermənistan son addımları ilə faktiki olaraq özü öz qəbrini qazır.

Zəngəzur dəhlizi açılacaq!!!

Elə Rusiya prezidentinin Ermənistan baş nazirinə telefon açması da onun Azərbaycan səfəri ilə bağlı Nikol Paşinyana hesabat verməsi demək deyil. Paşinyan nə böyük fiqurdur ki? Prezident Putin Nikola xəbərdarlıq edir, “cızığından çıxsa...” Ortada Azərbaycanın qətiyyətli mövqeyi var. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın 2020-ci ildə üzərinə götürdüyü öhdəliyin, üçtərəfli müqavilənin 9-cu bəndinin arxasından qaçması Paşinyana baha başa gələ bilər, Rusiya lideri həm də bunu deyib çox güman ki. Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə lazım olduğu qədər elə Rusiyaya da lazımdır. Ukrayna müharibəsinin yeni fazaya daxil olması, Rusiyaya qarşı əlavə sanksiyaların işə salınması halında şimal qonşumuzun alternativlər axtarması anlaşılandır. Ermənistan isə Qərbdəki havadarlarından aldığı təlimatlara uyğun şəkildə, Rusiyanın sərhəd xidmətinin nəzarətindən imtina məqsədilə Zəngəzur dəhlizinə mane olmağa çalışır.  Putin çox güman ki, Paşinyanı “B” planı ilə bağlı xəbərdar edib...

2798 yaşındakı İrəvan - Tarix

Odur ki, İrəvana bir gündə həm şimaldan, həm də cənubdan açılan telefon zəngi Ermənistan üçün əcəl zəngi anlamı verir. Paşinyan və sorosçu dostları qırmızı xətti keçəcəklərsə, hər iki istiqamətdən sarsıdıcı zərbələr ala bilərlər. Son vaxtlar Ermənistanın keçmiş rəhbərlərinin aktivləşməsi də təsadüfi deyil. Paşinyanı xilas edəcək tək düstur var: Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formulunda əməkdaşlığı davam etdirmək!

Elşad Paşasoy,
Musavat.com

24.08.2024 09:00
8784