İrəvan “yarımçıq saziş” taktikası “icad” edib: Həm sülh “istəyir”, həm də onu əngəlləyir

Paşinyan hakimiyyəti nə qədər siyasi manipulyasiyalar etsə də, razılaşdırıldığı iddia olunan üç prinsip üzrə yekun sülh sazişinin imzalanması mümkün deyil... Rəsmi Bakının həmin sənədi təsdiqləməsi üçün Azərbaycanın beynəlxalq hüquq çərçivəsində irəli sürdüyü beş baza prinsipinin hamısının razılaşdırılması qaçılmazdır...

Cənubi Qafqaz regionunda sülh prosesi son vaxtlar Ermənistan və onun beynəlxalq himayədarları üçün əsl manipulyasiya predmetinə çevrilib. Rəsmi İrəvan davamlı olaraq, bu ilin sonuna qədər Azərbaycan ilə yekun sülh sazişinin imzalanmasının mümkün olduğunu qabartmağa çalışır. Və bunun məqsədilə şəkildə edildiyi artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri sülh sazişinin imzalanmasının mümkünlüyündən danışsalar da, bunun reallaşması istiqamətində hər hansı ciddi addım atmağa tələsmirlər. Hətta rəsmi Bakının Ermənistana göndərdiyi sülh sazişinin müzakirə variantı yalnız 70 gündən sonra geri qaytarılıb. Bu 70 gün ərzində rəsmi İrəvanın sülh sənədi üzərində hansı vacib hüquqi "əməliyyatları" apardığı anlaşılmazdır.

Ona görə də, Ermənistan sülh sazişinin imzalanmasından danışmaq əvəzinə ilk növbədə müzakirə sənədinin bu qədər gecikdirilməsinin əsl səbəblərinə mümkün qədər inandırıcı məzmunda aydınlıq gətirməlidir. Hər halda, indiki situasiyada bu baş vermədiyindən, yalnız rəsmi İrəvanın məqsədyönlü şəkildə sülh prosesini uzatmağa çəhd göstərdiyini düşünmək mümkündür. Və belə yanaşma üçün də kifayət qədər səbəblər mövcuddur.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Böyük ehtimalla rəsmi İrəvan ABŞ və Qərbin Ermənistana daha sərfəli şərtlərlə yekun sülh sazişinin imzalanmasına şərait yarada biləcəyinə inanmağa başlayıb. Bəzi diplomatik mənbələrdən sızan məlumatlara görə, Paşinyan hakimiyyəti Qərbdən bu məsələ ilə bağlı müəyyən vədlərə bağlı təminat almağa da nail olub. Ona görə də, rəsmi İrəvan sülh prosesini mümkün qədər ləngidib uzatmaqla, ABŞ və Qərbə öz vədlərini reallığa çevirmək üçün vaxt qazandırmağa cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycan-ABŞ münasibətlərinin qəlizləşərək, gərginləşməsi də Ermənistan siyasi elitasının ümidlərini artırmış kimi görünür. Hər halda, rəsmi İrəvanın davranışları belə gözləntilərin mövcud olduğunu təsdiqləyir. Hətta belə anlaşılır ki, Azərbaycan və ABŞ arasında yaşanan ziddiyyətlər İrəvanda əsl fürsət kimi dəyərləndirilir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin məhz Ağ Ev və rəsmi Bakı arasındakı siyasi böhranı Ermənistanın maraqlarına sintez etmək niyyəti o qədər də təəccüblü deyil.

Ancaq Ermənistanın nəzərə almaq istəmədiyi bir önəmli məqam mövcuddur. Rəsmi İrəvan Azərbaycanın Ermənistandan fərqli olaraq, müstəqil xarici siyasət yürütmək qabiliyyətini diqqətdən qaçırır. Bu səbəbdən də, rəsmi Bakının siyasi iradəsinin Azərbaycana ABŞ-ın təzyiqlərinə tab gətirmək üçün immunitet qazandırdığına inanmaq istəmir.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Halbuki, Azərbaycan-ABŞ ziddiyyətlərinun pik həddə çatmasından qısa müddət sonra dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefonla zəng edərək, münasibətlərin normallaşdırılması istiqamətində atıla biləcək addımları müzakirə etməsi rəsmi İrəvan üçün məyusedici reallıqdır. Çünki Ağ Ev rəsmi Bakıdan təzyiq və təhdidlərlə istədiyini ala bilməyəcəyini artıq anladı. İndiki situasiyada isə Cənubi Qafqazın regional lideri olan Azərbaycanla münasibətlərin korlanması ABŞ-ın geopolitik maraqlarını ciddi risk altına sala bilər. Və bu səbəbdən də, Ağ Ev geri çəkilərək, Azərbaycanla münasibətləri normal məcraya qaytarmaq qərarına gəldi.

Təbii ki, məhz bundan sonrası artıq Ermənistanın daha israrla sülhdən danışması, ABŞ və Qərbin Azərbaycana qarşı təzyiqlərlə bağlı rəsmi İrəvana verdiyi vədlərə bəslənən ümidlərin boşa çıxması mərhələsinə keçid anlamı daşıyır. Yəni, rəsmi İrəvan ABŞ və Qərbin müəmmalı vədlərinə ümid bəsləmək əvəzinə, Azərbaycan ilə anlaşmaq barədə düşünmək məcburiyyətindədir. Əks halda, Ermənistan Azərbaycanla sülh sazişini nə ilin sonuna qədər, nə də ondan sonra imzalaya bilməz. Və yekun sülh sazişinin nə vaxtsa, məhz birmənalı şəkildə Azərbaycanın şərtləri çərçivəsində imzalanacağı da qətiyyən şübhə doğurmamalıdır.

Ona görə də, rəsmi İrəvan istənilən halda, Ermənistan cəmiyyətini Azərbaycanın şərtləri ilə yekun sülh sazişinin imzalanmasına hazırlamaq məcburiyyəti də hiss edir. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə danışarkən bildirib ki, əgər, tərəflərin siyasi iradəsi olarsa, yaxın 15 gün ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkündür. Halbuki, hazırda siyasi iradə ilə bağlı problemlər yaşayan tərəfin məhz Ermənistan olduğu da inkaredilməz reallıqdır.

s1oHmLCtucJIoQ2aafYq.jpg (24 KB)

Əslində, erməni spiker açıqlamasının davamında bu reallığı dolayısı ilə biruzə verir. Belə ki, Alen Simonyan bütün prinsipial məsələlərdə beynəlxalq hüquq normaları çərçivəsində böyük ölçüdə anlaşmanın əldə olunduğunu vurğulayıb. Onun fikrincə, rəsmi İrəvanın israr etdiyi üç baza prinsipi sülh sazişini imzalamağa münbit şərait yaradır. Və əsas problemli məqam da məhz bununla birbaşa bağlıdır.

Belə ki, yekun sülh sazişinin imzalanması üçün bütün məsələlərin böyük ölçüdə razılaşdırılması qətiyyən yetərli deyil. Yəni, bütün məsələlər tam şəkildə həll edilməlidir. Böyük ehtimalla Alen Simonyan "böyük ölçüdə" dedikdə məhz Ermənistanın irəli sürməyə çalışdığı üç prinsipi nəzərdə tutur. Bu isə rəsmi İrəvanın yalnız öz şərtləri çərçivəsində sülh sazişində israr etməsi anlamı daşıyır. Halbuki, regional savaşın mütləq qalibi olan Azərbaycan bununla razılaşmaq niyyətində deyil. Çünki rəsmi Bakının yekun sülh sazişi üçün beynəlxalq hüquqa bağlı beş prinsipial şərti mövcuddur. Və onların tam qəbul edilməyəcəyi təqdirdə, sülh sazişi mümkün görünmür.

Təbii ki, rəsmi İrəvan da bu reallığı tam dəqiqliyi ilə bilir. Ona görə də, bir tərəfdən bu ilin sonuna qədər yekun sülh sazişinin imzalanmasının mümkünlüyündən danışır. Digər tərəfdən isə rəsmi Bakının irəli sürdüyü beş şərtdən yan keçməyə çalışır. Bununla da qısa müddət ərzində sülh sazişinin mümkünlüyünü qabartmaqla yanaşı, əslində, bu prosesi əngəlləmiş olur. Və böyük ehtimalla bu, rəsmi İrəvanın sülh prosesini mümkün qədər ləngidərək, vaxt qazanmaq üçün "icad etdiyi" yeni taktikadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

29.11.2023 17:25
3460