Cənubi Qafqaz tam geopolitik hədəf halına gətirilib. Dünya nəhəngləri bu region uğrunda mübarizədə həlledici savaşa başlayıblar. Hazırda həm ABŞ və Qərb, həm də Rusiya Cənubi Qafqazda geopolitik oyunçu statusu qazanmağa can atır. Xüsusilə də, ABŞ və Qərbin fəallaşdığı, Rusiyanın isə qarşı tərəfi bloklamağa çalışdığı müşahidə olunur. Və nə qədər qəribə də olsa, qarşıduran tərəflərdən heç birisinin qləbə şansına tam təminat da mövcud deyil.
Məsələ ondadır ki, Cənubi Qafqazın lider dövləti, geopolitik iradə mərkəzi olan Azərbaycan regiondan kənar təsirlər baxımından artıq əlçatmazdır. Belə ki, Azərbaycan öz ərazisində hər hansı xarici ölkənin təsir mexanizmi olmayan yeganə region dövlətidir. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, Rusiya sülhməramlılarını isə artıq ölkədən çıxarıb. Üstəlik, Azərbaycanın maliyyə-iqtisadi müstəqilliyi də təmin olunub. Və bu baxımdan, nə Qərbin, nə də Rusiyanın Azərbaycana təzyiq göstərmək şansları mövcud deyil.
Gürcüstana gəldikdəsə, bu ölkənin ərazisində Rusiyanın tam nəzarətində olan iki separatçı “boz zona” mövcuddur. Kreml bu “boz zona”lardan rəsmi Tiflisə qarşı təzyiq mexanizmi kimi istifadə edə bilir. Digər tərəfdən, ABŞ və Qərbin Gürcüstanı öz tərəfinə çəkmək cəhdləri də artıq iflasa uğramaq üzrədir. Belə ki, Kremllə münasibətlər problemli olsa da, Gürcüstanın xarici ticarət vektorunda Rusiyanın həlledici yeri mövcuddur. Və Avropa Birliyinə dəvət olunan rəsmi Tiflis “xarici agentlər” barədə qanunun qəbulu ilə Gürcüstanın qapılarını demək olar ki, Qərbin üzünə qapamağa başlayıb.
Belə anlaşılır ki, ABŞ və Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizənin əsas savaş poliqonu indi yalnız Ermənistan ərazisi ilə məhdudlaşıb. Yəni, hər iki tərəf hazırda qarşılıqlı zərbələri məhz Ermənistan üzərindən endirirlər. Nəticədə ABŞ və Qərbin Rusiya ilə bir-birini hədəfə alan geopolitik zərbələri ilk növbədə Ermənistana tuş gəlmiş olur. Və Ermənistanın məhz rəsmi İrəvanın yanlış xarici siyasət kursundan qaynaqlanan bu ağır situasiyadan yayınmaq şansı artıq demək olar ki, yoxdur.
Maraqlıdır ki, son vaxtlar həm ABŞ və Qərb, həm də Rusiya elə açıq şəkildə Ermənistanı “hədəf taxtası”na çıxartmağa başlayıblar. Belə ki, bir müddət öncə ABŞ və Qərbdən vəd edilən maliyyə-iqtisadi dəstəyi ala bilməyən, Ermənistanın təhlükəsizliyinə təminat verilməməsindən də ciddi şəkildə narahat olan rəsmi İrəvan xarici siyasət vektorunu dəyişə biləcəyini sezdirmək məcburiyyətində qalmışdı. Hətta Rusiyaya səfər edən baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putindən yüz milyon dollarlıq maliyyə dəstəyi də ala bilmişdi. Və bu, Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtma ehtimalını artırmış oldu.
Təbii ki, Cənubi Qafqazda Rusiya ilə regional qarşıdurmada Ermənistandan “geopolitik alət” kimi istifadə edən ABŞ və Qərb rəsmi İrəvanın Kremlin orbitinə qayıtmasına imkan vermək niyyətində deyil. Ona görə də, son vaxtlar ABŞ-ın yüksəkrütbəli rəsmilərinin son vaxtlar Ermənistana səfərləri intensivləşib. Yaxın günlərdə isə ABŞ-ın dövlət katibi Entoni Blinken İrəvana özünün müavini Riçard Vermanı göndərmək niyyətindədir. Və ondan əvvəlki amerikalı rəsmilər baş nazir Nikol Paşinyana ABŞ-Ermənistan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı vəd etmişdilər.
Yəni, belə anlaşılır ki, Ağ Ev Ermənistanı ABŞ-ın proteksiyası altına almaq niyyətini biruzə verir. Rəsmi İrəvanı isə belə yüksəksəviyyəli münasibətlər formatı tamamilə qane edəcək modeldir. Halbuki, ABŞ belə vədləri yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, əvəzini almadan vermir. Belə ki, rəsmi İrəvan bu vədlərə layiq olduğunu mütləq sübut etməlidir. Üstəlik, bu, yalnız ABŞ-ın maraqlarına cavab verən konkret addımların atılması ilə mümkün ola bilər. Və böyük ehtimalla ABŞ dövlət katibinin müavini erməni baş nazirlə məhz bu “konkret addımları” müzakirə edəcək.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan okeanın o tayından gələcək yüksəkrütbəli qonağın səfərinə dərhal hazırlaşmağa başlayıb. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dan mütləq çıxacağına açıq mətnlə eyham vurub. Sadəcə, erməni baş nazir bu addımın bir aydan, bir ildən və ya 3 ildən sonra atıla biləcəyi barədə prinsipial qərarın verilmədiyini vurğulamaqla, yalnız Rusiyaya deyil, həm də ABŞ və Qərbə üstüörtülü mesaj verib. Yəni, ABŞ dövlət katibinin müavini İrəvan səfəri çərçivəsində KTMT-dan çıxan Ermənistana tam təhlükəsizlik təminatı verərsə, baş nazir belə bir addıma hazır olduğunu qətiyyən gizlətmir.
Üstəlik, Paşinyan hakimiyyəti bu addımın atılmasına artıq xeyli müddətdir ki, ciddi şəkildə hazırlaşır. Belə ki, Ermənistanın KTMT-da fəaliyyəti uzunmüddətdir, dondurulub. Eyni zamanda, rəsmi İrəvan KTMT-nın maliyyələşdirilməsindən də artıq birmənalı şəkildə imtina edib. Yəni, Ermənistan əslində, KTMT-nı qeyri-rəsmi şəkildə çoxdan tərk edib. Ancaq Paşinyan hakimiyyəti bu reallığın rəsmiləşdirilməsinə hələlik cəsarət edə bilmir. Və Rusiyanın radikal reaksiya verə biləcəyindən ciddi şəkildə çəkinir.
Maraqlıdır ki, Kremldə də Ermənistanın KTMT-nı tərk etməsini rəsmiləşdirməyə hazırlaşdığını artıq anlayırlar. Rusiyanın hazırda Ermənistanı siyasi-diplomatik yollarla dayandırmaq şansı ümidverici görünmür. Yəni, Kreml Paşinyan hakimiyyətinin davranışlarının Ermənistan üçün mümkün nəticələrini rəsmi İrəvana xatırlatmaq və yaxud da birbaşa anlatmaq məcburiyyətindədir. Və bunu etmək üçün Rusiyanın ixtiyarında kifayət qədər təsirli mexanizmlər hər halda, hələ də qalmaqdadır.
Böyük ehtimalla məhz bu reallığı Paşinyan hakimiyyəti də anlayır. Ona görə də, rəsmi İrəvan Ermənistanın KTMT-nı tərk etdiyini rəsmiləşdirməyə tələsmir. Əksinə, Paşinyan hakimiyyəti çalışır ki, Ermənistan KTMT-dan ixrac edilmiş, yəni qovulmuş olsun. Bu halda, rəsmi İrəvan yenə də günahı Rusiyanın və KTMT-dakı hərbi müttəfiqlərinin üzərinə yükləmək şansı qazana bilər. Ermənistanın KTMT-da fəaliyyətinin dondurulması və bu qurumu maliyyələşdirmədən açıq şəkildə imtina da məhz bu hədəfə hesablanıb.
Ancaq belə anlaşılır ki, Rusiya və KTMT-dakı müttəfiqləri Ermənistana belə bir şans tanımaq niyyətindən uzaqdırlar. Əksinə, Kreml hazırda bir tərəfdən Ermənistanın KTMT-da qalacağına ümid etdiyini vurğulayır. Digər tərəfdənsə, Ermənistanı hədələməyə üstünlük verir. Kremlin Ermənistansız KTMT-nın heç nə itirməyəcəyini bildirməsi qətiyyən boşuna deyil. Çünki Rusiya KTMT-dan çıxarsa, Ermənistanın müdafiəsiz qalacağını, olduqca böyük hərbi təhlükələrlə üzləşəcəyini qabardır. Və bu, əslində, Ermənistanın ünvanına dolayısı xarakter daşıyan sərt təhdid mesajıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu