Cənubi Qafqaz uğrunda mübarizə "qırmızı cizgiləri" aşmağa başlayıb. Belə ki, dünya nəhəngləri rəqib düşərgəni qabaqlamaq üçün bütün mümkün vasitələrdən yararlanmağa cəhd göstərirlər. Ona görə də, regional geopolitik proseslərə kobud müdaxilə olunur. Bütövlükdə Cənubi Qafqazın gələcək taleyi böyük risk altına atılır. Və bir müddət öncəyə qədər bu regionda pozitiv istiqamətdə inkişaf edən sülh prosesi ümumiyyətlə, bloklanaraq yerini yeni savaş təhlükəsinə verib.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Rusiya ilə başlatdığı regional qarşıdurma bütün normal rəqabət normalarından kənara çıxmış kimi görünür. Qərb siyasi dairələri Rusiyanın ənənəvi regional forpostu olan Ermənistanı Rusiya ilə mövcud bütün müttəfiqlik münasibətlərini pozmağa məcbur edirlər. Ona görə də, hazırda Rusiyaya xəyanət mövqeyini dərinləşdirmiş Ermənistan artıq tədricən ABŞ və Qərbin "geopolitik aləti"nə çevrilməyə başlayıb. Və bu, rəsmi İrəvanın bütün davranışlarında atdığı addımlarda özünü qabarıq şəkildə göstərir.
Məsələ ondadır ki, Ermənistanın Rusiyanın patronajlığı altında olan KTMT-da təmsilçiliyi artıq formal xarakter daşıyır. Rəsmi İrəvan bu hərbi-siyasi qurumun fəaliyyətini açıq-aşkar baykot etməkdədir. Paşinyan hakimiyyəti hətta KTMT-nın maliyyələşdirilməsi ilə bağlı Ermənistanın üzərinə götürdüyü bütün öhdəliklərin icrasından da imtina edib. Və bu, Ermənistanın KTMT-dakı statusu barədə müəmmalı situasiya yaradıb.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti "KTMT Ermənistanı tərk edir" avantürist tezisi üzrə fəaliyyətə sadiq qalmaq niyyətində israrlıdır. Hər halda, Ermənistan hazırda KTMT real şəkildə təmsil olunmur. Rəsmi İrəvan KTMT-dan çıxmaq barədə siyasi qərar qəbul edəcəyi təqdirdə, Ermənistanın bu qurumla bütün əlaqələri kəsilmiş olacaq. Sadəcə, belə bir siyasi qərarın Ermənistan üçün təhlükəli nəticələr verə biləcəyini nəzərə alan Paşinyan hakimiyyəti bu addımı atmağa hələlik cəsarət etmir. Və daha çox siyasi manipulyasiyalar ilə KTMT-nın Ermənistanla bağlı yekun qərar verməsinə çalışır.
Böyük ehtimalla rəsmi İrəvan Ermənistanın KTMT-dan qovdurulmasına nail olmaq hədəfinə can atır. Çünki bu halda, rəsmi İrəvan Ermənistanın KTMT-dan kənarlaşmasına görə bütün günahı Rusiyanın və həmin qurumun üzərinə atmaq şansı qazana biləcəyinə ümid bəsləyir. Yəni, rəsmi İrəvan Kremli açıq-aşkar Ermənistanın maraqlarına hesablanmış hərbi-siyasi təxribata çəkməyə cəhd göstərir. Və Kremlin hələlik rəsmi İrəvanın avantürist davranışlarına maksimum səviyyədə tolerant yanaşması Paşinyan hakimiyyətini qətiyyən qane etmir.
Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi Ermənistana bəzi önəmli vədlər verib. Ancaq həmin vədlərin yerinə yetirilməsi üçün rəsmi İrəvandan KTMT ilə bağlı radikal siyasi qərarların alınması tələb olunur. Yəni, Ermənistanın KTMT üzvlüyü rəsmən bitirilməyincə, Qərb siyasi dairələri verilən vədləri rəsmi İrəvanın umduğu səviyyədə icra etmək niyyətində deyil. Və belə təhlükəli, həm də qəliz situasiyada Ermənistanın necə davranacağı hələlik müəyyən mənada, müəmmalı xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb öz maraqları çərçivəsində də olsa, rəsmi İrəvanı cəsarətləndirmək üçün müəyyən manevrlər də etməyə çalışır. Belə ki, ABŞ Ermənistanla ortaq hərbi təlimlər keçirir. Pentaqon Ermənistan Müdafiə Nazirliyinə yüksək rütbəli emissar göndərir. ABŞ-ın Avropa və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistana müasir silahlar və avadanlıqlar daşınır. Ağ Ev hətta Ermənistanda artıq qeyri-leqal şəkildə də olsa, ABŞ hərbi bazası da yaradıb. Və bu, əslində, Ermənistanı həm Rusiyanın, həm də İranın hədəfinə də çevirə bilər.
Son məlumatlara görə, Pentaqon Ermənistanda ABŞ ordusunda xidmət edən etnik ermənilərdən ibarət hərbi kontingent də göndərib. Ən müasir silahlarla və kəşfiyyat avadanlıqları ilə təchiz olunmuş həmin ABŞ hərbi kontingenti Ermənistan ordusunun formaları geyindirilib. Və bu ölkənin İranla həm sərhəd bölgəsindəki - Zəngəzurdakı Ermənistan ordusunun hərbi bazasında yerləşdirilib.
Göründüyü kimi, rəsmi İrəvan Rusiyaya xəyanət məsələsində kifayət qədər məsafə qət etməyə nail olub. Kremllə müttəfiqlik münasibətləri hələ də qüvvədə olan Ermənistan həm Rusiyaya, həm də İrana qarşı ABŞ və Qərbin hərbi kəşfiyyat fəaliyyətinə geniş imkanlar açıb. İndi Rusiyanın Ermənistan tərəfindən atılan belə avantürist addımlardan narahat olmaq üçün kifayət qədər ciddi əsasları mövcuddur. Və Kremlin hələlik rəsmi İrəvanın davranışlarına maksimum səviyyədə tolerant yanaşması müəyyən ehtimallar üzərindən izah oluna bilər.
Maraqlıdır ki, Kremldə rəsmi İrəvanın Rusiyaya xəyanətini Ermənistana deyil, daha çox birbaşa Paşinyan hakimiyyətinə aid etməyə üstünlük verirlər. Yəni, hesab edirlər ki, rəsmi İrəvanın Rusiya əleyhinə fəaliyyəti yalnız Paşinyan hakimiyyətinin Qərbə bağlı olmasından qaynaqlanır. Hətta bəzi Kreml təmsilçiləri Rusiya və Ermənistan arasında münasibətlərin korlanmasının qətiyyən mümkün olmadığını da iddia edirlər. Və rəsmi İrəvanın açıq Rusiya əleyhinə fəaliyyətini nəzərə aldıqda, bu, təəccüb doğurmaya bilməz.
Bəzi ehtimallara görə, Kreml Ermənistanda keçiriləcək növbəti parlament seçkilərini iki ölkənin münasibətlərində həlledici dönüş nöqtəsi ola biləcəyinə ümid bəsləyir. Yəni, əgər, Paşinyan hakimiyyəti 2026-cı ildə keçiriləcək seçkilərdə məğlub olarsa, bu, Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtmasını təmin edə bilər. Hər halda, Kremldə Ermənistanda formalaşacaq növbəti hakimiyyətin Rusiya yönümlü olacağını düşünürlər. Və ona görə də, hələlik Ermənistana qarşı radikal addımlar atmaq variantını müvəqqəti də olsa, təxirə salmağa üstünlük verirlər.
Ancaq 2026-cı ildə keçiriləcək seçkilərdə Kremli məmnun etməyəcək nəticələr ortaya çıxarsa, onda Ermənistan üçün geopolitik situasiyanın ciddi şəkildə qəlizləşə biləcəyi də qətiyyən istisna deyil. Belə ki, Paşinyan hakimiyyəti öz mövqelərini qoruya bilərsə və yaxud yeni hökumət də Rusiya əleyhinə xarici siyasət kursu yürüdərsə, onda Kremlin Ermənistana münasibətdə radikal və prinsipial addımlar atmaqdan başqa çıxış yolu qalmayacaq. Və bu baxımdan, hesab etmək olar ki, Rusiya böyük ehtimalla Ermənistanı təxminən iki ildən sonra birbaşa hədəfə çıxara bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu