Fransanın Ermənistana verəcəyi silahlar nələrə qadirdir; əgər ermənilər yeni silahları təcrübə etmək istəsələr, Azərbaycan Ordusunun müdafiə sənayesinin yeni “möcüzələrini” necə məhv edəcəyini görəcəklər...
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada həmkarı Sebastyan Lekornenlə sənəd imzalayıb. “Yeni Müsavat” bildirir ki, sənədə görə, Fransa Ermənistana hava hücumundan müdafiə silahları satacaq.
“Reuters” agentliyinin məlumatına görə, Ermənistana həmçinin “Mistral” hava hücumundan müdafiə sistemləri də tədarük ediləcək. Mistral" “MBDA France” şirkəti tərəfindən istehsal edilən qısamənzilli hava hücumundan müdafiə sistemidir. Sistem havadan gələn təhdidlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. “Mistral” sisteminin bir neçə modeli var, Ermənistana hansı modelin təhvil veriləcəyi məlum deyil. “Ground Master 200" isə (GM200) radiolokasiya sistemləri Fransanın "Thales" şirkəti tərəfindən istehsal edilir. Sistem aşağı sürətlə uçan pilotsuz uçuş aparatlarını (PUA) və qırıcı təyyarələri 250 kilometr uzaqlıqdan aşkar etmək imkanlarına malikdir.
Aydındır ki, İrəvan üzərində “Made in France” sözlərinə çox aldanır. Onları həm də silahların qeyri-məhdud kreditlə verilməsi də şirnikləndirib. Fransanı maraqlandıran Ermənistanın necə qorunacağı deyil, ermənilərə satacaqları silahdan qazanclarıdır. Ermənilər onlar üçün yeni və “qeyri-adi sistemlərin” necə istifadə və saxlanması haqda da heç nə bilmirlər. Həmçinin bu silahların komponentlərin yerləşdirilməsi, təmiri, təchizatı sistemi də Ermənistan hökumətinə ucuz başa gəlməyəcək. Bu silahların silahlı qüvvələrin artıq mövcud strukturuna necə uyğunlaşdırılacağı da suallar doğurur. Şübhə yoxdur ki, alınan silahlar Ermənistan büdcəsinə ağır yük olacaq.
Fransanın Ermənistanı silahlandırması və regionda sülhə təhlükə olacaq siyasət yürütməsinə cavab olaraq, demək olar ki, Fransa-Azərbaycan əlaqələri dondurulub, bütün təmaslar dayandırılıb. Azərbaycan Fransaya Ermənistanı silahlandırmasına və neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmasına imkan verməyəcək, Afrikadan qovulduğu kimi, Cənubi Qafqazdan da qovulacaq. Əgər ermənilər yeni silahları təcrübə etmək istəsələr, Azərbaycan Ordusunun Fransanın, eləcə də Hindistanın müdafiə sənayesinin bütün “möcüzələrini” necə məhv edəcəyini görəcəklər.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, görünür, Fransada hesab edirlər ki, Azərbaycan Ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır: “Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımi silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu, Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa İttifaqı dövlətlərinin Azərbaycana silah və hərbi texnika satmasını asanlaşdıracaq”.
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, uzun illər Ermənistanı silahlandıran Rusiya artıq bu işi dayandırıb. Onun sözlərinə görə, demək olar ki, Rusiyanın yerini Fransa dolduracaq: “Avropa ölkələri iki ölkə arasında münaqişəyə görə hər iki ölkəyə silah satışına qadağa qoymuşdu. Münaqişənin başa çatmasına baxmayaraq, sülh sazişi bağlanmadığına görə müharibə riski var. Fransanın Ermənistanla silah sazişi Azərbaycanın İtaliya, Böyük Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq. Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə böyük partiyada silah sazişi bağlamağa imkan vermir. Təkcə Fransa ilə silah sazişi mümkündür. Amma Azərbaycan Ermənistandan fərqli olaraq maliyyə imkanlarına görə bir neçə ölkə ilə silah sazişini həyata keçirə biləcək. Məhz Avropa ölkələri də Azərbaycanla silah sazişində maraqlıdır. Məhz Fransanın özü də silah ticarətini inkişaf etdirmək üçün Ermənistana satmaq istəmədiyi bahalı silahları Azərbaycana satacaq”. Təhlilçinin qənaətinə görə, Ermənistan hesab edir ki, Fransanın vasitəsilə silahlanıb, şərti sərhəddə təxribatlara əl ata biləcək: “Amma Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da Ermənistanı küncə sıxışdırsın. Məhz Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında ona görə maraqlı deyil ki, öz silah satışını həyata keçirsin. Ermənistan vasitəsilə regionda mövqeyini gücləndirsin. Çünki sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə-Azərbaycan və Ermənistan əlaqələrinin normallaşması baş verəcək. Bu da Parisin Cənubi Qafqaz siyasətini neytrallaşdıra bilər. Fransanın hazırkı siyasəti regionda destablizasiyaya xidmət edir. Ermənistanın baş naziri Nikol Paşinyan Fransa ilə hazırkı siyasətini davam etdirəcəksə, Paris sülhə imkan verməyəcək. Nəticədə proseslər Ermənistanın əleyhinə işləyəcək”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlıya görə, Fransanın Cənubi Qafqaza göndərəcəyi silah partiyasının məhz Azərbaycana qarşı mümkün müharibədə istifadə ediləcəyi istisna deyil, hətta rəsmi açıqlanan silahların müdafiə məqsədli olması, Ermənistanın sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz: “Bundan öncə sərhəddə erməni təxribatı nəticəsində baş verən eskalasiyalar zamanı da Ermənistanın zəif yeri hava hücumundan müdafiə qabiliyyəti idi, görünür, öncə bu boşluğu doldurmağı planlaşdırırlar. Bunun fonunda imzalanan saziş ilk addımdır və sonrakı mərhələdə Fransanın Ermənistana hücum silahları verəcəyi də istisna deyil. Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Misal üçün, Hindistanın Ermənistana göndərəcəyi "Trayan" özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, Ermənistan ordusunda kadr hazırlığını də həyata keçirəcək və təcrübə mübadiləsi aparılacaq. Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir".
Emil SALAMOĞLU
“Yeni Müsavat”