Sülh tərəfdarı olduğunu və hətta sazişi imzalamaq üçün hər hansı problem görmədiyini iddia edən Nikol Paşinyan hökuməti son günlər törədilən təxribatlarla bağlı təklif irəli sürüb. Belə ki, Ermənistan Respublikasının baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqinə başlamağı təklif edir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Son zamanlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Respublikası Müdafiə Nazirliyinin bölmələrinin atəşkəs rejimini pozması barədə mütəmadi olaraq məlumat yayır.
Ermənistan Müdafiə Nazirliyinin bütün bu ittihamları rədd etməsinə baxmayaraq, Azərbaycan bu cür məlumatları yaymaqda davam edir.
Ermənistan Respublikasının baş nazirinin bu il 15 iyun tarixli bəyanatının davamı olaraq və Ermənistan Respublikası hökumətinin gərginliyin yaranmasının qarşısını almaq istədiyinə əsaslanaraq, Ermənistanın baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidentinin aparatına atəşkəs pozuntuları hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib. Ermənistan Respublikasının baş nazirinin ofisi bu mexanizmin həyata keçirilməsinə başlamağı təklif edir”, - deyə məlumatda bildirilir.
Musavat.com