Ermənistan nə sülh istəyir, nə də sülhə doğru addım atmaq niyyətində olduğunu təsdiqləyəcək addımlarla yadda qalır.
Belə ki, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.
Musavat.com Trend-ə istinadən bildirir ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və iyunun 27-də 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.
Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.
Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilib. O, güya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini "qətlə yetirib".
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar..
Hüseynin Ermənistanda əsir götürüldüyü kadrlarından əslində hər şey gün kimi aydındır. Ona qarşı olan təzyiqi, zor tətbiqini, işgəncəni yayılan kadrlarda açıq-aşkar görmək mümkündür. Hüseynin hər halından bəlli idi ki, onu erməni tərəfi zorla, işgəncələrlə törətmədiyi bir cinayəti boynuna qoydurublar.
Lakin təəssüf ki, "insan haqlarından" dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan bəzi Qərb dövlətləri və Qərb siyasətçiləri, dövlət başçıları Azərbaycan əsgərinə qarşı olan işgəncə görüntülərinə bu zamana kimi heç bir reaksiya vermədilər.
Hüseyn Axundova ömürlük həbs cəzasının verilməsi həm də Ermənistan siyasi hakimiyyətinin Bakıya qarşı növbəti hiylə gedişindən başqa bir şey deyil. Çünki bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarının birində Bakıda saxlanılan erməni əsirlərlə azərbaycanlı əsirlərin dəyişdirilməsi kimi bir təklif irəli sürüldü. Təbii ki, Azərbaycanın əlində olan erməni müharibə cinayətkarları, soyqrımlarda iştirak etmiş, əli günahsız insanların qanına batmış canilər olduğu halda Hüseyn Axundov, Aqşin Bəbirov kimi azərbaycanlı gənclər günahsızdır.
Görünür Paşinyan hakimiyyəti əsirimizə qarşı belə ağır qərar çıxarmaqla rəsmi Bakını İrəvanın təklifinə cavab vermək məcburiyyətində qoymaq istəyir. Amma Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan bu zamana kimi bir çox ədalətsizlikləri öz iradəsi, gücü hesabına bərpa etdiyi kimi, bu ədalətsiz qərara görə də İrəvandan hesab soracaq.