İranlı nazirin Bakı səfərinin pərdəarxası - imzalanacaq sənədlər, alternativ dəhliz...

Siyasi ekspert: “Prezident Pezeşkianın səfəri xeyli ləngidi, bu səbəbdən müzakirə olunacaq məsələlər çoxaldı”

Aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Bakıda rəsmi səfərdə olub. Ondan təxminən bir həftə əvvəl İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycana səfərə gəlmişdi. Hər iki rəsmi şəxs Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın bu ay ölkəmizə səfəri gözlənilir.

Bu baxımdan nazir Fərzanə Sadiqi ilə söhbətdə Araz dəhlizi ilə bağlı imzalanmış memorandumun icrası, Zəngəzur dəhlizinin açılması və digər mövzulara toxunulduğu istisna edilmir. Həmçinin görüşdə Pezeşkianın Bakıya səfərinin detalları da razılaşdırıla bilər.

İranlı nazirdən sonra prezidentin ölkəmizə bu ay reallaşması gözlənilən ilk səfəri çərçivəsində hansı sənədlər imzalana bilər? Araz çayı boyunca alternativ dəhlizin açılması yekunlaşırmı?

Abutalib semedov 121

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İranla Azərbaycan arasında müzakirə olunacaq məsələlər həddindən artıq çoxdur və İran Prezidentinin bu səfəri çox gərgin bir dövrə təsadüf eləyir: “Təbii ki, Azərbaycana səfər zamanı bir çox məsələlər müzakirə olunacaq. Azərbaycan hakimiyyətinin mövqeyi də dəfələrlə açıq şəkildə bəyan edilib ki, Azərbaycan ərazisindən heç bir dövlət İrana qarşı istifadə eləyə bilməz. Dəfələrlə deyilib, ancaq yenə də İran müxtəlif bəyanatlarla Azərbaycanın mövqeyini şübhə altına almağa çalışır, Azərbaycanda guya İsrailin kəşfiyyat mərkəzinin olduğunu iddia edir, Azərbaycan ərazisindən hansısa dövlətlərin İrana qarşı istifadə edəcəyi ehtimalının olduğunu iddia eləməyə çalışır. Bu da təbiidir ki, münasibətlərimizə mane olur. Müzakirə olunacaq digər məsələ Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsidir ki, buna ilk növbədə İran mane olur. Hələ də Rəşt-Astara dəmir yolu tikilib başa çatdırılmayıb və bu təbiidir ki, nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinin qarşısını alır. Şübhəsiz ki, bu məsələ də mütləq müzakirə olunacaq”.

Ekspert qeyd etdi ki, Zəngəzur dəhlizi məsələsi, İranın bütün gücü ilə buna qarşı çıxması və əsas maneəyə çevrilməsi çox ciddi müzakirə olunacaq məsələlərdən biridir: “Zəngəzur dəhlizi bütün maneələrə baxmayaraq onsuz da açılacaq. Sadəcə olaraq, İranın kəskin mövqe tutması, Ermənistanın da bundan istifadə etməsi bu dəhlizin açılmasını ləngidir. Dəhlizin açılmasının qarşısını almaq üçün bir tərəfdən İran hədələyici bəyanatlar verir, Rusiyanı, Türkiyəni, Azərbaycanı hətta müharibə ilə hədələyir, digər tərəfdən, alternativ yollar təklif etməyə çalışır. İlin əvvəlində İranın Ermənistandakı səfiri mətbuat konfransında bəyan elədi ki, İrandan keçib Naxçıvana gedən yol bir qədər uzun olduğuna görə ola bilsin Azərbaycanı qane eləməsin və bu səbəbdən İran əlverişli yol təklif edib - Araz çayı boyunca dəhliz. İran hesab edir ki, Araz çayı boyunca yolun açılması ola bilsin Azərbaycanı Zəngəzur dəhlizini açmaq fikrindən daşındırsın. Ancaq təbiidir ki, alternativ yolun olmasında Azərbaycan maraqlıdır, bu barədə razılaşma da olub, işlər də gedir. Lakin təəssüf ki, burada da işlərin sürəti bizi qane eləmir. Güman etmək olar ki, danışıqlar zamanı bu məsələ də müzakirəyə çıxarılacaq. Amma Zəngəzur dəhlizi mütləq açılacaq. 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, orada maneəsiz hərəkət təmin olunacaq”.

A.Səmədovun sözlərinə görə, bunlardan başqa ciddi digər məsələlər də var ki, Azərbaycanla İran arasında müzakirə olunmalıdır. İranın yeni prezidenti Məsud Pezeşkianın səfəri güman edirəm ki, xeyli ləngidi və bu səbəbdən həm müzakirə olunacaq məsələlər, həm də haqqında ciddi qərarların qəbul olunması zəruri olan məsələlər kifayət qədər çoxdur. Ümid edək ki, hər iki dövlətin maraqlarına uyğun ciddi razılaşmalar imzalanacaq.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

10.04.2025 12:46
808