İran XİN başçısı Hüseyn Əmir Abdullahian beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaqla bağlı təklif irəli sürüb. Bu barədə o, Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının görüşü zamanı danışıb.
"Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır. Biz həmçinin əminik ki, bütün qərarlar beş Xəzəryanı ölkənin konsensusu və razılığı ilə qəbul edilməlidir. Xəzər dənizini dostluq simvoluna çevirmək üçün, tərəqqi və inkişaf üçün kollektiv qarşılıqlı əlaqələri gücləndirməliyik. Biz "strukturlaşma yolu ilə getməliyik. Bu kontekstdə Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən bir katibliyin və ya bir təşkilatın yaradılması imperativdir.", -o, deyib.
Belə bir platformanın perspektivi varmı? Əgər belə bir təşkilat yaransa, onun siyasi təsirləri necə olacaq?
Siyasi ekspert Rusif Məmmədsoy Zəngəzur dəhlizi məsələsinə toxundu: “İranın Azərbaycanla münasibətləri ilə bağlı danışarkən mütləq bir neçə dəfə düşünmək lazımdır. Çünki tarixi təcrübəmiz bizə bunu göstərir ki, İran Azərbaycanla sadəcə ideoloji savaş aparmır, həm də Azərbaycanın bundan öncə də təklif etdiyi layihələrdən kənar gəzir. Məsələn, Azərbaycan Şimal-cənub dəhlizinin bir hissəsi olan Bakı-Astara-Rəşt dəmiryolu xətti ilə bağlı İranla razılığa gəlmişdi. Hətta Azərbaycan o zamanlar tikintinin həyata keçməsi üçün İrana milyonlarla dollar kredit təklif edirdi. Xüsusilə də bu kredit xətt işə başladıqdan sonra gələn faizlərlə ödənəcəkdi. Lakin bu məsələ də yarım qaldı. Yəni İran əslində özünün də yararına olan layihələrdə iştirakdan imtina edir. Doğrudur, son aylarda yenidən Azərbaycanın 500 milyon dollar kredit ayırması ilə bağlı məsələ aktualdır, ancaq ortada hələ də bir şey yoxdur.
Rusif Məmmədsoy
Azərbaycan region ölkələrini “3+3” formatında əməkdaşlığa dəvət edir, əlaqələrin yaxşılaşdırılmasına çalışır. Lakin həmin ölkələr bu addımlara adekvat davranırmı? İndiki dönəmdə bunu söyləmək bir qədər çətindir.
Məsələnin vacib hissəsi həm də ondan ibarətdir ki, Azərbaycanın Qarabağ zəfərindən sonra bölgədə yeni reallıqlar yarandı. Hərçənd ki, bəzi dövlətləri bu reallıqla barışdırmaq zaman alsa da, artıq bunlar geridə qaldı və məsələ bitib. Bu reallıqlardan biri də Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi Şərqlə Qərbin kilid nöqtəsidir. İran aylarla buna mane olmaqla, onu özünün qırmızı çizgisi adlandırmaqla əslində iqtisadi dividentlər güddüyünü göstərdi. Belə ki, Azərbaycan tərəfi Azərbaycanı Naxçıvanla birləşdirən quru yolla bağlı İranla razılaşdı. Amma bu kifayət deyil, alternativ yollar mütləq olmalıdır. Belə olduğu təqdirdə Zəngəzur dəhlizi açılan zaman yüklərin daha rahat və qısa məsafədən dəniz üzərindən Orta Asiya Türk Cümhuriyyətləri istiqamətində daşınması bəzi ənənəvi marşrutları da kənarda qoymuş olur. Daha dəqiq desək, Pekindən Londona qədər uzanacaq bu yol Çindən başlayaraq Qazaxıstanın Aktau limanına, ordan isə bərələr vasitəsilə Azərbaycana, burdan isə Avropaya qədər uzanacaq. Əslində burda da ciddi fikir ayrılıqları var. Belə ki, Qərb bu dəhlizdə maraqlı olsa da bu yolun mütləq Ermənistandan keçməsini (Zəngəzur dəhlizi) istəməklə yanaşı, İranın da prosesdə iştirakçı olmasını qəti şəkildə rədd edir. Təbii ki, bu qərarı onlar verə bilməz, lakin razılaşmalıyıq ki, bizim də əsas ticarət tərəfdaşımız məhz Avropa ölkələridir və vacib bazar məhz oradır. İndi İran da perspektivdə bu layihələrdən kənarda qalmaq istəməyərək Xəzəryanı ölkələrin təşkilatının yaradılması təklifi istənilən məsələdə İranı da söz sahibinə çevirə bilər ki, bu da həmin meqa layihələrin intensivliyinə zərbə vura bilər”.
Cavanşir ABBASLI
Musavat. com