İranın sui-qəsdinə məruz qalan deputat bu ölkədəki seçkidən danışdı

İranda keçirilən prezident seçkilərinin qalibi səslərin 53,3 faizini qazanan  azərbaycanlı Məsud Pezeşkianla bağlı müzakirələr ölkəmizdə də aparılır.

İranın 9-cu prezidenti kimi tarixə düşən azərbaycanlı prezidentə rəğbət  göstərilir.

Çoxları düşünür ki, o, İrandakı mühafizəkar sistemi dəyişə biləcək. 

 Bəs görəsən, Məsud Pezeşkian İran xalqının xilaskarı ola biləcəkmi?

Ölkədəki qadağaların və kənar sanksiyaların qarşısını almaqda İranın yeni prezidentinin hansı rolu olacaq?

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-nun mövzu ilə bağlı sualına münasibət bildirib.

Deputat qeyd edib ki, türkəsilli namizədin İranda prezident seçilməsi bu ölkə üçün müəyyən perspektivlər yaradır:

“İranda problem hakimiyyətlə deyil ki… İranda problem xalqladır. Din və məzhəb mərkəzli düşüncəsi olan xalqın fəlsəfi düşüncəsi olmaz, sosialoji düşüncəsi olmaz. Onlar 10 addım o tərəfi görməzlər. Düşüncə məsələsində həmişə ancaq zahiri simpatiya üzərindən addımlar atarlar. Bu hadisələr də onu göstərir ki, hələ də bu formada hansısa bir dəyişikliklər baş verməsinə ümid var. Təbii ki, İranda bir prezidentin haradasa 10-15%-lik konstitusiyon salahiyyəti var ki, icra funksiyası olaraq nələrisə yerinə yetirsin. Amma fundamental dəyişiklik aparmağa ancaq Ali dini liderin gücü çatar. Ali lider sistemin bu şəkildə sona qədər qoruyucusundan başqa bir şey edə bilməz. Onun çevrəsi nələrinsə dəyişməsinə imkan verməz. Çünki bu xaraktersizlik  İraqdakı sistem deyil. Bunun arxasında 1400 illik bir dini ənənə yatır və bu ənənənin də alt qatlarında böyük bir kütlə var ki, bu inancla həmin ənənənin ardınca gedir. Onlar dünyanın yeniləşməsi, dünyanın dəyişməsi deyə bir anlayışa baxmırlar. Onlar sadəcə, bu prizmadan yanaşırlar ki, bizim dəyərlərimiz var və dünya necə inkişaf edir etsin, bu dəyərlərə yanlış da olsa, doğru da olsa, toxunmaq olmaz”.

İrandakı rejimin dəyişikliklər fonunda necə davranacağını şərh edən deputat deyib: “Burada dəyişiklik İraqda və ya Suriyada olan dəyişlik deyil. Çünki oradakı rejimlər bir az daha yeni dövrün dəyərləri üzərindən formalaşan, bir az da traybalist xarakter daşıyan rejimlərdir. Burada bütövlükdə İslam dövlətindən daha çox Sasani imperatorluğunun ənənələrini İslam adı altında yaşadan bir cəmiyyətdən söhbət gedir. Qeyd edim ki, son vaxtlar bizdə də bu xəstələrin sayı çoxalıb”.



F. Mustafa bildirir ki, İranda yaşamaq istəməyib, amma oradakı yaşam tərzini Azərbaycana gətirmək istəyən  gerilikçilərin sayı kifayət qədər çoxdur: “Biz bu təhlükə ilə nə zamansa qarşılaşa bilərik. Ona görə də İranda hansısa yeni bir açılım yaratmaq bir prezident üçün olduqca çətindir. Amma müəyyən bir fərdi simpatiya, müəyyən hadisələrə baxış bucağı təbii ki, bir “molla” zehniyyətindən azca fərqlənə bilər. Yeni prezident də  yenilikçi bir baxış ortaya qoya bilər. Həm də bir az da həkim kimi cəmiyyətin xəstəliyini daha rahat görə bilər. Cəmiyyətə dərmanı addım-addım çatdıra bilər, onu sağaltmağa çalışa bilər. Hər halda, belə bir ümidlərin olması normaldır. Amma bu ümidlərin doğrulması mütləq bəlli bir təhlillər aparılaraq, nəticəyə gəlinə bilər. Bəzən təhlillər aparanda görürsən ki, bir prezident statusu ilə bunu etmək çox ağırdır. Çünki İran dövləti prezident üstü qurumlar vasitəsilə idarə olunur. Burad  Bəsic, SEPAH, Ali Dini Liderin bəlli bir böyük çevrəsi var, təsir imkanları olduqca böyükdür. Ona görə də, bu məsələlər çox mürəkkəb məsələlərdir”.

İran dövlətinin yeni dünyaya inteqrasiya etməsinin mümkünlüyünə gəlincə,  F.Mustada qeyd edib ki, hazırkı qapalılıq İran cəmiyyəti üçün həm də iqtisadi cəhətdən çox böyük sıxıntı yaşadır: “İdeoloji, mənəvi, məişət və başqa aspektlərdə olduğu kimi, iqtisadiyyatda da İran dövlətinə böyük sıxıntı yaşadır. Dövlət olaraq uzun illər ərzində təcrid olunmuş, sanksiyalar altında qalmaq təbii ki, insanları bezdirir. Məncə, bu istiqamətdə bir şeylər düşünülməlidir”.

İrandakı qurumların Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasına maneçiliyindən danışan deputat söyləyib ki, Azərbaycan əslində İranla hansısa problem yaşamaq istəməyən dövlətdir:

“Əslində keçmiş prezident Rəisi də Azərbaycanla normal münasibətlərə maraq göstərib. Praqmatik siyasətçi həmişə belə düşünməlidir ki, yuxarıda bir qonşum var. Qonşumla da müəyyən dərəcədə tarixi bağlarımız var. Elə etmək lazımdır ki, qonşumuzla daha yaxşı münasibətlər sərgiləyək və bir-birimizlə  dost olaq. Ən azı iqtisadi maraqlarımızı təmin edək. Çünki daşınma xərcləri və digər məsələlərdə başqa ölkələrlə nisbətdə İrandan daha rahatdır və bizim üçün də əlverişlidir. Amma bunun əvəzinə, “bu qonşuya narkotik ötürək, digər tərəfdən onun düşməni Ermənistanı dəstəkləyək”   anlayışını  İranda gündəmə gətirənlər, təbii ki, pərdə arxasında olan əsas qüvvələrdir. Bu baxımdan qeyd edilən sindromu sındırmaq lazımdır. Azərbaycanın İranla bağlı hər hansısa bir iddiası, hər hansı bir problemi yoxdur. Təbii ki, orada soydaşlarımız məsələsi də var. Amma soydaşlarımızın neçə faizi dünyəvi dövlətin tərəfdarıdır, bunu müəyyən eləmək lazımdır. Çünki bizim üçün əsas kriteriya dünyəvi dövlətin qorunmasıdır.
Bizə daha çox İranda olan dünyəvi dövlət modelini seçən insanların münasibəti maraqlıdır. Bu baxından İranın nə rejiminə, nə də onun hansısa bir şəkildə problemlərinə yönəlik bir narahatçılığı özümüzdə ehtiva edirik. Əksinə, çalışırıq ki, normal münasibət olsun ki, iqtisadi əlaqələri inkişaf etdirək.

İranın Ermənistan üzərindən Azərbaycana müəyyən təhdid və təzyiqləri həm effekt vermədi, həm də İranın özünü gülünc bir vəziyyətə qoydu. Çünki durub birdən-birə Ermənistanın himayəçisi kimi çıxış edən dövlətlərlə bir sırada olmaq, həmin dövlətlərdən tapışırıq almaq deməkdir. Yəni Amerika ilə Fransanın və ya başqa dövlətlərin Ermənistana münasibəti ilə İranın münasibətinin bir fərqini görürükmü? Əlbəttə ki, xeyr! O baxımdan da İran bu siyasətdə karektələr etsə, Azərbaycanla da normal münasibətlər qurula biləcəkdir”.

Deputat əlavə edib ki, İranın Azərbaycan ərazisinə narkotik ötürməsi bir dövlət siyasəti olaraq artıq özü tərəfindən pislənməlidir:

Bunun qarşısını almağa çalışmalıdırlar. Bu ölkənin Azərbaycanda hansısa bir İran mərkəzli quruluşlar yaratmaq və Azərbaycan cəmiyyətinin alt qatlarında ideoloji təbliğat aparmaq istəyi dayandırılmalıdır”.

F.Mustafa bildirib k, İranın müəyyən terrorçu qruplarla əlaqəsi kəsilməlidir, bu halda Azərbaycanla bir problem yaşanmaz: “Azərbaycan Prezidenti ilə İranın mərhum prezidenti arasında Qız qalası su anbarı, Xudafərin su anbarı üzərində başlayan dostluq münasibətlərini davam etdirmək lazımdır. Yəni bu ruhda hərəkət etsək, məncə, daha çox bir-biri ilə normal qonşuluq münasibəti saxlayan ölkələrə çevrilə bilərik”.

10.07.2024 20:26
1613