Pentaqon İranın Rusiyaya müəyyən sayda qısa mənzilli ballistik raketlər ötürdüyünü təsdiqləyib. Söhbət “Fath 360” raketlərindən gedir.
Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Rayder brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Rusiya bu raketlərdən həftələr ərzində Ukraynaya qarşı istifadə edə bilər və nəticədə “daha çox ukraynalı mülki şəxs həlak olur”.
“Defense Express” analitik portalının məlumatına görə, “Fath 360” 5 metr uzunluğunda, ümumi buraxılış çəkisi 787 kq, döyüş başlığı 150 kq və 120 km-ə qədər uçuş məsafəsi olan raketdir. Raketin idarə olunması birləşmiş inertial və peyk naviqasiya sistemi ilə təmin edilir:
“Raketlərin dəqiqliyi mübahisəlidir, lakin qeyd etmək lazımdır ki, onların təhvil verilməsi ilə bağlı müqavilə guya 2023-cü ilin dekabrında bağlanıb, ona görə də İranın bu raketlərdə quraşdırılması üçün Rusiyadan naviqasiya sistemləri ala bilməsi mümkündür”.
Buraxılış qurğularına gəlincə, İran ənənəvi olaraq onları mülki avtomobillər kimi maskalayır, ona görə də vizual olaraq onlar “mülki” rənglərdə olan adi yük maşınlarına bənzəyirlər.
Musavat.com