İranın müdafiə nazirindən İsraildə yerləşdirilən THAAD-la bağlı açıqlama: “Düşmənin bu hərəkətləri...”

İranın İsraildə ABŞ-nin THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə batareyasının yerləşdirilməsi ilə bağlı narahatlığı yoxdur.

Musavat.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib.

“THAAD sistemi raketdən müdafiə sistemidir və biz düşmənin bu hərəkətlərini psixoloji müharibə kimi qiymətləndiririk”, - deyə Nasirzadə qeyd edib.

Qeyd edək ki, oktyabrın 13-də ABŞ Müdafiə Nazirliyi regionda gərginliyin artması fonunda İranın potensial ballistik raket hücumuna qarşı çıxmaq üçün İsrailə THAAD raketdən müdafiə batareyasının göndərildiyini təsdiqləyib.

Yerüstü THAAD sistemi orta uçuş trayektoriyasının son mərhələsində və hədəfə yaxınlaşarkən ballistik raket döyüş başlıqlarının qarşısını almaq üçün nəzərdə tutulub.

O, qoşunları, eləcə də şəhərləri və mühüm obyektləri həm qısa mənzilli, həm də strateji ballistik raketlərdən qorumaq üçün nəzərdə tutulub.

Nigar HƏSƏNLİ,
Musavat.com

16.10.2024 15:50
1742