İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İranın İrəvandakı səfiri Mehdi Sübhaninin Qarabağda yaşayan ermənilərlə bağlı təxribatçı mövqeyini müdafiə edib. Bu barədə o, özünün sosial media hesabında yazıb.
“Beynəlxalq hüquqa görə, etniklər mərkəzi hakimiyyətin mövcudluğunu tanımaq və ölkənin ərazi bütövlüyünə hörmət şərti ilə öz müqəddəratlarını təyin edə bilərlər, bu, separatizm deyil. Bu prinsipə görə, Azərbaycanda ermənilərin hüquqları təmin edilə bilər. İran sülh və əməkdaşlıq üçün Qafqaz ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir”, - Pakayin qeyd edib.
Xatırladaq ki, Ermənistandakı səfir Mehdi Sübhani ötən həftə yerli mediaya müsahibəsində “Dağlıq Qarabağ” ifadəsi işlətmiş, erməni əhalinin “öz müqəddəratını təyinetmə haqqı”ndan danışmışdı. Azərbaycan XİN bu təxribatçı fikirlərlə bağlı bəyanat yaymış, rəsmi Tehrandan izahat istəmişdi.
Fərhad Mehdiyev: “Öz müqəddəratını təyin etmə məsələsi inzibati muxtariyyəti də nəzərdə tutur”
Bəs ərazi bütövlüyü tərkibində öz müqəddəratını təyinetmə mümkünmü? Dünya təcrübəsində belə bir presedent, nümunə varmı, olubmu? Yoxsa Pakayin öz həmkarının anti-Azərbaycan fikirlərini malalamağa çalışır? İkinci yandan belə bir haqqı Tehran 40 milyonluq Güneyliyə niyə tanımır?
Beynəlxalq hüquq üzrə eksper Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, İranın Ermənistandakı səfiri və keçmiş səfir Möhsün Pakayin xalqların öz müqəddəratını təyin etmə hüququnu şərtləndirməyə çalışıblar. Onlar bu fikirlərlə əslində milli mədəni muxtariyyət məsələsini dilə gətimək istəyiblər: “Ərazi bütövlüyü tərkibində öz müqəddəratını təyinetmə mümkün deyil. Öz müqəddaratını təyin edirsənsə o deməkdir ki, ölkədən ayrılırsan. Deməli ölkənin ərazi bütvlüyünü pozmuş olursan. Öz müqəddəratını təyin etmə məsələsi inzibati muxtariyyəti də nəzərdə tutur. İnzibati Muxtariyyət isə SSRİ dövründə Qarabağda olub. Azərbaycan müstəqillik qazandıqdan sonra tamamilə beynəlxalq hüquqa və qanunlara uyğun olaraq həmin muxtariyyəti ləğv edib.
Azərbaycanda etnik azlıqlara tanınan hüquqlar İranda etnik azlıqlara tanınan hüquqlardan daha çoxdur. Bizdə milli azlıqlar öz dilində oxumağa, mədəni tədbirlər keçirməyə sahibdirlər. Özü də bu hüququ onlara Konstitusiya verir. İranda isə bu yoxdur".
Xəyal Bəşirov: “Sübhaninin və Pakayinin dediklərini əsas götürüb Cənubi Azərbaycanda yaşayan 40 milyon azərbaycanlının öz müqəddəratını təyin etmə məsələsi gündəmə gətirilsə, bu iki şəxsin cavabı nə olacaq?”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov isə qeyd etdi ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasında maraqlı olmayan qüvvələr münasibətlərin pozulması üçün cəhdlər edirlər. Bunun üçün də zaman-zaman anti-Azərbaycan bəyanatları ilə çıxış edirlər. Əslində onlar İran dövlətinin də maraqlarına zidd addımlar atırlar. İran üçün Azərbaycanla münasibətlərin normallaşması nə qədər əhəmiyyət kəsb edirsə Azərbaycan üçün də əhəmiyyət kəsb edir: “Bizim İrana münasibətimiz İran dövlətinin bizə olan münasibətindən asılıdır, Möhsün Pakayin kimi şəxslərin hansısa münasibətindən deyil. Pakayin İranın rəsmi siyasətini müəyyənləşdirən şəxs deyil. Eləcə də İranın Ermənistandakı səfirinin Azərbaycan-İran münasibətlərinə zərrə qədər təsiri olacaq səlahiyyəti yoxdur. Ancaq hər halda yaxşı olar ki, İran dövləti səfirinin, eləcə də İran-Azərbaycan münasibətlərini pozmağa çalışan digər şəxslərin barəsində müəyyən addımlar atsın. Azərbaycan heç bir qonşusu ilə münasibətlərinin pis olmasını istəmir. Biz bu coğrafiyada yaşayırıq və qonşular olaraq qarşılıqlı normal münasibətlər şəraitində yaşamalıyıq. Möhsün Pakayin və Sübhani kimi şəxslərin xalqların öz müqəddəratını müəyyən etmə hüququ məsələsini o şəkildə ifadə etmələri heç də beynəlxalq hüquqla uyğunluq təşkil etmir. Dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması beynəlxalq hüququn fundamental tələblərindəndir. Səfir Sübhaninin və sabiq səfir Pakayinin dediklərini də əsas götürüb Cənubi Azərbaycanda yaşayan 40 milyon azərbaycanlının öz müqəddəratını təyin etmə məsələsi gündəmə gətirilsə, onda adı çəkilən bu iki şəxsin buna cavabı nə olacaq? O zaman da deyəcəklərmi bəli, 40 milyon azərbaycanlıya beynəlxalq hüquq bu hüququ verir və bu hüquqa İran dövləti hörmətlə yanaşmalıdır? Yəni, insan bir fikir bildirəndə o fikrin onun özünə də aid olub-olmayacağına diqqət etməlidir. Öz gözündə tiri görməyib qarşı tərəfin gözündə çöp axtarmaq qərəzlilikdir, əadlətsizlik və ikiüzlülükdür. Ona görə də səfirin və keçmiş səfirin həmin fikirlərini ikiüzlülük hesab edirəm. Onlar beynəlxalq hüquq anlayışını manipulyasiya edirlər. Əgər İran dövləti özü bu mövqedə deyilsə, düşünürəm ki, bu iki şəxsin zərərli fikrilərinə rəsmi səlahiyyətli şəxslər tərəfindən münasibət bildiriləcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”