İranda dini təhsil alan Səfərov Davud Səfər oğlu İranda qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bəzərək Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb və nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.
Davud Səfərov İranda qalmağa məcbur edilir və ona terrorçu "Hüseyniyyun" təşkilatına qoşulması üçün təzyiqlər göstərilir.
Etibarlı mənbələrdən Musavat.com-a daxil olan məlumata görə, 2021-ci ildən İranın Qum şəhərində "İmam Xomeyni" mədrəsəsində dini təhsil alan Səfərov Davud Səfər oğlu təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmadığı bəhanəsi altında saxlanıb və sərhəd buraxılış məntəqəsindən buraxılmayıb.
Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməmiş və Azərbaycana qayıtmaq niyyətində olub. Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən "Hüseyniyyun" təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınmış və azadlığı məhdudlaşdırılıb.
Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və KİV-lər üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.
Musavat.com