İrandan kartof idxalı məhdudlaşdırıldı - qiymətlərə təsiri...

Bu il ölkədə kartof istehsalı azalıb, olanı saxlamağa anbar tapılmır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 23 oktyabrdan etibarən İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyub. Səbəbsə həmin şirkətlərə məxsus məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar olunmasıdır.

Agentliyin yaydığı məlumata görə, İrandan idxal olunan “Hame Fan Harifan Khedmat Gostar”, “Shayan Sam Milad” və “Amin Tejarat Atlas Darya” şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından agentlik əməkdaşları tərəfindən götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi (“Clavibacter michiganensis subsp. sepedonicus”) və kartofun qonur çürümə bakteriyası (“Ralstonia solanacearum”) aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.

Qeyd edək ki, bu, Azərbaycana idxal olunan kartofda zərərli xəstəlik və bakteriyaların aşkarlanmasına dair ilk fakt deyil. Belə ki, bu ilin aprelində Belarusun “Sovxoz Dobrovoleü”,  “Vosxod”, “Üarevo”  və  “Maşpiheprod” şirkətlərinin məhsullarında zərərli xəstəliklər aşkarlanıb. AQTA həmin vaxt Belarusun Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərərək baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsini istəyib. Qeyd olunanlara əsasən, Agentlik tərəfindən Belarusun adıçəkilən ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulması qərara alınıb.

İrana gəlincə, bu ölkədən alınan  kartofda da vaxtaşırı zərərvericilər və bakteriyalar aşkarlanır. Məsələn, 2021-ci ilin sentyabrında AQTA İrandan bir neçə partiya kartofun Azərbaycana idxalına qadağa qoyub. Həmin vaxt beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella - kartof güvəsi tırtıl mərhələsində) aşkar edilmişdi. Nəticədə 120 tondan yuxarı məhsul məhv edilib.

AQTA-dan verilən açıqlamaya görə, bu ilin 6 ayında idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərilib. Bildirişlərin 193-ü İrana, 87-si Belarusa göndərilib. Bu ölkələrin Azərbaycana kartof idxalında birgə payı 80 faizin üstündədir.

AQTA-nın bu ilin əvvəlində idxalçılara ünvanladığı xəbərdarlığa baxmayaraq, sahibkarlar zərərli məhsulların idxalını dayandırmırlar. Halbuki AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib. Bildirilib ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri sözügedən məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik bu kimi hallar aşkar olunduğu təqdirdə, həmin ölkələrdən bu məhsulların idxalına bötüvlükdə müvəqqəti məhdudiyyət tətbiq ediləcəyini bəyan edib.

İran və Belarusdan bir neçə şirkətin kartof idxalının qadağan olunması göstərir ki, idxalçılar AQTA-nın xəbərdarlığına əhəmiyyət vermirlər...

Onu da bildirək ki, kartof Azərbaycanda ən çox istehlak olunan  məhsullardan biridir. Faktiki olaraq, onun istehlak həcmi buğdadan sonra ikinci yerdə gəlir. Bu baxımdan, kartofun qiyməti əhalinin büdcəsində sanballı bir çəkiyə malikdir və onda baş verən dəyişiklik dərhal məişətdə hiss olunur. İrandan, Belarusdan idxala qadağaların qoyulması daxili bazarda qiymətlərə artırıcı təsir göstərə bilər. Xüsusilə nəzərə alsaq ki, qarşıdan qış fəsli - idxal kartofuna tələbatın artdığı dövr gəlir, ölkədə yerli istehsal azalıb, onda bu təsirin xeyli yüksək ola biləcəyini söyləmək olar.

Rəsmi statistika Azərbaycanın kartofla özünü tam təmin edə bilmədiyini göstərir. Bu göstərici 89 faiz təşkil edir. Maraqlıdır ki, ölkədə istehsal olunan kartofun rəsmi statistikanın qeydə aldığı həcmi mövcud tələbatdan cüzi həcmdə az olsa da, nədənsə özünütəminat səviyyəsində bu, əksini tapmır. Belə ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 860-900 min ton civarında göstərilir. Daha 6,5-7 min ton qida məhsullarının istehsalına sərf edilir. Mal-qara və quş yemi üçün kartof istehlakı sürətlə artaraq 2022-ci ildə 67,2 min tona çatıb. İllik itkilər 65 min ton ətrafında dəyişir. Yəni faktiki istehlak itkilərlə birlikdə 2022-ci ildə 1 milyon 130 min ton təşkil edib. Ölkədə kartof istehsalı isə son illərdə 1 milyon tondan aşağı olmayıb. Belə ki, kartof əkini sahələrində azalma olsa da, rəsmi statistikada ümumi istehsalın artması müşahidə edilir: 2019-cu ildə 56 921 hektar sahədən 1 milyon 4 172 ton,  2021-ci ildə 56 104 hektar sahədən 1 milyon 61 958 ton, 2022-ci ildə 54,7 min hektar sahədən 1 milyon 74,3 min ton kartof yığılıb. Bu halda, maraqlı mənzərə yaranır: ölkədə daxili istehlakdan cüzi az kartof istehsal olunur, amma ildə 100-150 min ton civarında kartof idxal edirik.

Bu vəziyyətin yaranmasının bir səbəbi sırf ixraca yönəlik faraş kartof istehsalıdır. Azərbaycanda ildə 70-80 min ton arası faraş kartof ixracı qeydə alınır. 2022-ci ildə  kartof ixracı 78 301,42 ton(35 milyon 121,66 min dollar), idxalı isə 159 725,97 ton(41 milyon 788,31 min dollar) təşkil edib. Kartofu əsasən Belarus(6355,98 ton), Rusiya(45274,57 ton), Ukrayna(2931,7 ton), Gürcüstan(7882,8 ton), İran(41647,78 ton), Pakistan(24580,43 ton), Türkiyədən(31005,17 ton) idxal etmişik. Bu məhsulun ixracında Rusiya(73677,01 ton), Belarus(1886,25 ton) və Ukrayna(1413,85 ton) əsas yerləri tutub.

Çox qəribədir ki, Dövlət Statistika Komitəsinin ərzaq balansında 2022-ci ildə kartof idxalının 211,8 min ton təşkil etdiyi əksini tapıb. Xarici ticarət statistikasında isə toxumluq kartof da daxil olmaqla, kartof idxalı 197 min 687 ton olaraq göstərilir.

Bu mövsümdə Azərbaycanın kartof idxalından asılılığı daha da artacaq. Çünki bu il ölkədə kartof istehsalında son 10 ildə ilk dəfə azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49,1 min hektar sahədən 981,9 min ton kartof yığılıb. Bu il kartofun əkin sahəsi  9,2 faiz, istehsalı 3,9 faiz azalıb. Rəsmi statistikaya inansaq, ötən il məhsuldarlıq 189 sentner/ha, bu il isə 200 sentner/ha təşkil edib. Lakin bu rəqəm ciddi şübhə doğurur. Belə ki, bu il Azərbaycanda düşən vaxtsız və həddən artıq güclü yağışlar əsas karofçuluq bölgələrində məhsulun xeyli hissəsinin torpaqdaca çürüməsinə səbəb olub. Yağıntılı hava şəraiti həmçinin kartofda xəstəliklərin yaranmasına gətirib çıxarıb ki, bu da məhsulun torpaqdan çıxarılandan sonra da çürüməsini sürətləndirib. Belə bir halda kartof istehsalında məhsuldarlığın artması real görünmür.

Builki yağıntılı hava şəraiti həmçinin adi şərtlərdə kartofun uzun müddət saxlanmasını mümkünsüz edib. Əvvəllər kartofu qışın sonuna qədər ənənəvi şəraitdə saxlamaq mümkün olurdusa, bu il əldə olunan məhsulu belə saxlamaq qeyri-mümkündür. Soyuducu anbarların yetərli həcmdə olmaması yaxın aylardan Azərbaycanda kartof idxalına tələbatın artmasına gətirib çıxaracaq.

2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən ölkədə meyvə-tərəvəz üzrə soyuducu anbar infrastrukturunun mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə inkişaf ehtiyaclarının müəyyənləşdirilməsinə dair birgə  araşdırmalar aparılıb. Araşdırma nəticəsində respublikada ümumi tutumu 672 min ton olan 168 ədəd soyuducu anbar komplekslərinin olduğu, bu anbarlardan ümumi tutumu 503 min ton olan 143-nün meyvə-tərəvəz saxlanılması üçün nəzərdə tutulduğu, tutumuna görə ən böyük anbarların Abşeron (276 min ton), Quba-Xaçmaz (101 min ton) və Gəncə-Qazax (97.1 min ton) iqtisadi rayonlarında yerləşdiyi müəyyən edilib.

Eyni zamanda araşdırma nəticəsində ölkə üzrə ehtimal olunan anbar ehtiyacının həcminin 835 min ton olduğu, mövcud anbar tutumu və tələbata görə mövsüm nəzərə alınmaqla, əlavə 287 min tutuma malik müasir tələblərə cavab verən, əsas etibarilə tərəvəz (kartof, soğan) və xurma üçün  anbarların yaradılmasına ehtiyac olduğu müəyyənləşdirilib. SKİF bu ehtiyacı nəzərə alaraq, soyuducu anbarların yaradılması layihələrinə prioritet qaydada güzəştli kredit ayırmaq qərarı qəbul edib.

Firdovsi Fikrətzadə: Pambığın son məhsula çevrilməsi üçün əsaslandırma  hazırlanır - AZƏRTAC

Firdovsi Fikrətzadə

ATM-in rəhbəri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, son illərdə dövlət dəstəyi ilə ölkədə 400 min ton tutuma malik soyuducu anbar infrastrukturu yaradılıb: “Bu, əsasən ixracyönümlü məhsullar üzrə anbarlardır. Hesablamalarımıza əsasən bundan sonra idxalın, xüsusilə kartof idxalının əvəz olunması, toxumluq kartofun, qismən də soğan və sarımsağın saxlanması məqsədilə 300 min ton tutumunda soyuducu anbar infrastrukturunun yaradılmasına ehtiyac var”.

Qeyd edək ki, kiçik fermerlər anbarlarda məhsul saxlamaq xərclərini qarşılaya bilmirlər. Anbar sahibləri onlara güzəştli qiymətlər tətbiq etmək üçün dövlətin onlara müəyyən sahələrdə güzəşt etməsini zəruri hesab edirlər. Belə güzəştlərdən biri kimi anbarların istehlak etdiyi elektrik enerjisi tariflərinin aşağı salınması qeyd olunur...

Dünya SAKİT,
“Yeni Müsavat”

27.10.2023 08:00
1702