Molla rejimi İranda insan haqlarını pozmaqda, sui-qəsdlər törətməkdə davam edir.
Son məlumatlara görə rejim gizli agentləri vasitəsilə qız məktəblərində zəhərli qazdan istifadə edərək onları zəhərləməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının vitse-prezidenti və İran eksperti Elyar Türker paylaşım edib.
Məlumatda qeyd olunur ki, oktyabr ayında başlayan etiraz aksiyalarında qız tələbələrin ön sıralarda olduğunu görən İran rejimi onların təhsilini əngəlləməyə çalışır.
Elyar Türker
Qeyd edək ki, İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib. Onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilir. Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib.İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib.
“İndiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib”,-deyə Zəhra Şeyx bildirib.
Zəhərlənmə hallarının yüngül keçdiyini qeyd edən Zəhra Şeyxi tələbələrin yalnız başgicəllənmə və yorğunluq əlamətləri ilə xəstəxanaya aparıldığını, zəhərlənmənin panika yaratmaması lazım olduğunu bildirib.
İran mediasında və sosial şəbəkələrdə də yayılan xəbərlərə görə, bu gün Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib.
BMT-nin Cenevrədəki insan hüqquqları ofisi, həmçinin ABŞ və Almaniya İran hökumətini qızların şübhəli zəhərlənməsi ilə bağlı obyektiv təhqiqat aparmağa çağırıblar.
Bildirək ki, sözügedən zəhərləmə faktları ilə bağlı Tehranda vanlideynlər Təhsil Nazirliyinin binası qarşısında mitinq keçiriblər. Eyni zamanda digər şəhərlərdə də aksiyalar keçirilib. Məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər. Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.
Musavat.com