İran ABŞ-yə potensial hava hücumları ilə bağlı xəbərdarlıq edir. Bu, ABŞ Prezidenti Donald Trampın Tehrana sərt mesajları və Amerikanın Yaxın Şərqdə döyüş təyyarələri yerləşdirdiyi bir vaxta təsadüf edir.
Teleqraf xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.
“İran yeni nüvə sazişi ilə bağlı razılaşma əldə olunmasa, ABŞ-nin hava hücumlarını nəzərdən keçirə biləcəyindən ehtiyat edir. İran hökuməti bu təhdidlərin reallaşacağı təqdirdə cavab tədbirləri görəcəyini açıq şəkildə bildirməyə çalışır. Bu, potensial olaraq güzəştləri təmin etmək üçün nüvə proqramından sövdələşmə vasitəsi kimi istifadə edən İranın riskli addımıdır. Həmçinin Tehran artan təhlükə fonunda Rusiya və Çinlə əlaqələrini gücləndirməyə çalışır”, - İsrail nəşri bildirir.
Məqalədə qeyd olunur ki, İran aydın mesaj vermək üçün ABŞ-yə qarşı ritorikasını sərtləşdirir:
“Məsələn, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib ki, İran regiondakı ABŞ hərbi bazalarını hədəfə almaqla qisas ala bilər: “Amerikalıların İran yaxınlığında 10 hərbi bazası və 50 min əsgəri var. Şüşə evdə oturmusansa, başqasına daş atmamalısan”.
Tehran bəyan edir ki, ABŞ-nin İrana dəqiq hava zərbələri endirmək imkanı var, amma İranın da İraq, Bəhreyn, Küveyt, Qətər və BƏƏ də daxil olmaqla, körfəzdəki Amerika bazalarına zərbələr endirmək imkanı mövcuddur. Tehran hesab edir ki, bu, ABŞ-ni hücum planını yenidən nəzərdən keçirməyə vadar edə bilər”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl yeni nüvə sazişindən yayınan İrana sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, Tehran nüvə proqramı ilə bağlı razılaşmaya getməsə, İran misli görünməmiş bombardmanla üzləşəcək.
Amerikalı həmkarına cavab verən İran Prezidenti Məsud Pezeşkian Tehranın mövcud şərtlər altında Vaşinqtonla danışıqlara getməyəcəyini bəyan edib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv