İranda həbsdə olan Fərid Səfərlinin anası ilə vəkil arasında QALMAQAL böyüyür  

 

Çingiz Qənizadə: “Bununla bağlı mütləq araşdırma aparmalıyıq, çünki...”

İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası Dilarə Əsgərova ilə hazırda həbsdə olan vəkil Tahir Nəqəvi arasında qarşılıqlı ittihamlar davam edir.

 Bir müddət öncə Musavat.com-a anaya cavab olaraq məktub ünvanlayan Tahir Nəqəvi ittihamları rədd edib, əks arqumentlər gətirmişdi.

Dilarə Əsgərova isə yenidən Musavat.com-a açıqlama verərək deyilənləri inkar edib: “İnsan nə qədər yalançı olar. İndi başa düşürəm Fəridin bunun əlindən etdiyi fəryadları. Bu, mənim məsələm olsaydı, gündəmə gətirməzdim. Amma mənim övladıma edilən pisliyi bağışlaya bilmərəm. Tahir bəy deyir casusluq maddəsi, casusluğa cəhd maddəsi ilə mənə görə əvəz olundu. Bu maddə iyulun 19-dakı məhkəmə iclasında əvəz olunub. Mediada kifayət qədər bu barədə məlumat var. Mən isə Tahir bəyə ilk dəfə avqustun 4-də müraciət etmişəm. Bununla bağlı vhatsap yazışmasına da baxa bilərsiniz.

İkinci məsələ, avqustun 4-dən fevralın 6-na qədər müddətdə niyə cəmi iki dəfə Fəridi ziyarət edib? Axı deyirdi Fərid məsələsinə görə Qumda hakimin qapısında yatıb-dururam. İki saatlıq Tehran Qum məsafəsini gedən adam niyə 10 dəqiqəlik məsafəni getməsin.

WhatsApp Image 2024-09-21 at 11.50.25.jpeg (52 KB)

O ki qaldı kitab məsələsinə, İranda çap olunan kitabı niyə içəri buraxmasınlar? Sonra iddia etdi ki, Fərid orijinal kitab istəmişdi (halbuki yalandır), orijinal kitab aldım buraxmadılar. Sual edirəm orijinal, yəni Almaniyada çap olunmuş kitabı hörmətli vəkil haradan almışdı? Vəkil olduğu müddətdə əfv üçün heç bir müraciət etməyib, hansı ki mən xahiş etmişdim Tahir bəydən. Əgər edibsə desin. Üçüncü məsələ: əgər mənim pulumla tərcüməçi tutmuşdusa ( 1500 avro) niyə Fəridə tərcüməçinin nömrəsini vermədi? Söhbət ingilis dilində olan məhkəmə sənədlərinin tərcüməsindən gedir. O bilirdi ki biz şübhələnmişik, ona görə dərhal nömrəni Fəridə verməli idi. Vermədi, çünki tərcüməçi yox idi. Mən onun yerinə olsaydım, sadəcə susardım. Bir günahsız insanın dörd divar arasında sadəcə tavana baxmaqla vaxtını keçirməsinə səbəb olub, hansı ki kitab oxuyub başını qata bilərdi. İnandırıb ki, mümkün deyil kitab keçirmək. Bəs sonra başqası tərəfindən alınan kitablar içəri necə keçdi? Qaldı vəsiqə -girov məsələsi, mən bilmirəm bu nə deməkdir, bu da təzə quraşdırılmış yalandır. Əgər rəsmi bir şey varsa paylaşsın görək, nə zaman olub bu. Fəridin hökmü Ədliyyə Nazirliyindədir. Surəti də məndə var. Harada bu haqda yazılıb?!”

Göründüyü kimi, vəkillə ana arasında qalmaqal getdikcə böyüyür. Bəs Fəridin həbsdə qalmasının  bu məsələ ilə hər hansı əlaqəsi varmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb: “Hər iki tərəf bir-birini ittiham edir, təkzib edir. Həqiqətin harada olduğunu demək olmur. Hesab edirəm ki, bununla bağlı mütləq araşdırma aparmalıyıq. Bundan sonra bu məsələyə münasibət bildirilə bilər”,- deyə hüquq müdafiəçisi qeyd edib.

 

Afaq Mirayiq,
Musavat.com

30.09.2024 16:45
1343