İranda azərbaycanlı ruhani həbs olunub - FOTO

Bu yaxınlarda bir müsahibəsində - “İşlər belə davam edərsə, İranda mövcud quruluşun süqutu qaçılmaz olacaq”, - deyən məşhur ruhani Məhəmmədtağı Əkbərnejad fevralın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı tərəfindən Qum şəhərində saxlanaraq naməlum yerə aparılıb.

“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunub ki, son vaxtlar sosial mediadakı tənqidi çıxışları yüz minlərlə insan tərəfindən izlənən din xadimi ilə bərabər, onun “Instagram” səhifəsinin  admini olan tələbəsi də həbs edilib.

Qum Elmi Hövzəsinin müəllimi olmaqla yanaşı, Əkbərnejad həm də bu şəhərdəki “Fiqh və İslam mədəniyyəti” Araşdırma Mərkəzinin direktorudur, eyni zamanda Kermanşahdakı Kəngavər Elmi Hövzəsinin rəhbəridir. Yayılan məlumatlara görə, həbsi ərəfəsində o, Kermanşaha səfər edibmiş və oradan qayıdandan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu barədə canlı yayımda  ətraflı bilgi verən Əkbərnejadın dostu və əqidə yoldaşı, İran hakimiyyətinin tanınmış tənqidçilərindən biri, rəsmi “Keyhan” qəzetinin keçmiş baş redaktoru Mehdi Nəsiri deyib ki, Əkbərnejad onsuz da ertəsi gün ruhanilər üçün xüsusi məhkəməyə çağırılıb, lakin SEPAH-ın təhlükəsizlik qurumu bunu gözləmədən hərəkətə keçib. Görünür, bu işdə həmin gün radikal qrupların Əkbərnejadın əleyhinə Qum şəhərində təşkil etdiyi aksiya da az rol oynamayıb. Həmin aksiyada Əkbərnejadın İslam Respublikasının banisini və hazırkı ali rəhbərini təhqir etdiyi bildirilib, “Əkbərnejad, abrın olsun, Qum şəhərini tərk et!” şüarı səsləndirilib.

20.02.2024 17:09
1090