İranda SEPAH generalı Qasım Süleymaninin ölümünə görə ABŞ hökuməti və hərbi rəsmilərinə qarşı rəsmi ittiham irəli sürülüb.
Musavat.com xəbər verir ki, bu barədə Tehran əyalətinin ədliyyə rəhbəri Əli Əlqasi-Mehr məlumat açıqlayıb.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin açıq məhkəməsi yaxın bir ay ərzində baş tutacaq: “12 min səhifədən çox sənəd toplandıqdan sonra Qasım Süleymani və onun yoldaşlarının şəhadəti ilə bağlı 73 ABŞ rəsmisinə qarşı 164 səhifəlik ittiham aktı çıxarılıb və o, Tehranın 1 saylı Cinayət Məhkəməsinə təhvil verilib. ABŞ hökuməti və hərbi rəsmiləri olan bütün müttəhimlər bu iş barədə rəsmi məlumatlandırılıb və vəkillərini təqdim etmələri tələb olunur".
Xatırladaq ki, 2020-ci il yanvarın 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, general Qasım Süleymani yoldaşları ilə birlikdə ABŞ-ın o zamankı prezidenti Donald Trampın əmri ilə İraqa ABŞ pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.
Musavat.com