Ermənistanın rus sərhədçilərini ölkədən çıxarmaq istəyi Tehranı narazı salıb, prezident Rəisi açıq xəbərdarlıq edib ki, regionda xarici qüvvələrin olmasına imkan verilməyəcək; hərbi və siyasi ekspertlər isə İranın Zəngəzurda hərbi baza qurmaq ehtimalına fərqli yanaşır
Ermənistanda Rusiya sərhədçilərinin ölkəni tərk etməsi haqda çağırışlar İranın narazılığına səbəb olub. Bu səbəbdən Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana sonuncu səfəri gərgin atmosferdə keçib. “Hraparak” qəzeti yazır ki, fevralın 14-də baş tutan səfər zamanı Tehran İrəvanın Rusiyanın Ermənistandakı mövcudluğuna son qoyma cəhdlərindən və Qərbə yaxınlaşmasından narazılığını ifadə edib. Nəşrin mənbələrinin sözlərinə görə, İran prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə İrəvana xəbərdarlıq edib və bildirib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək. Qeyd olunur ki, Ermənistan Rusiya ilə müttəfiqlikdən imtina edəcəyi təqdirdə, İran bu ölkənin təhlükəsizliyini təmin etməyi təklif edib. Mənbələrin sözlərinə görə, Tehran Zəngəzurda İrana məxsus hərbi bazanın qurulması təklifini də irəli sürüb. Rəsmi Tehran ultimatumu gizlətməyib. İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşlə bağlı açıqlamada Rəisinin sözlərindən sitat gətirilib: “Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar şəxslərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”.
Erməni hərbi ekspert Hayk Nahapetyan bugünlərdə Ermənistan televiziyasında yayımlanan verilişində isə belə deyib: “Ermənistanın Türkiyə və İranla demarkasiya və demarkasiya edilmiş sərhədləri yoxdur, onlar Sovet İttifaqının sərhədləridir. Rus sərhədçi qoşunlarını çıxardığınız anda Türkiyə deyəcək: bir dəqiqə gözləyin, mən Ermənistanla sərhədləri müəyyən etməliyəm. İran da deyəcək ki, əgər Ermənistanı qoyun kimi qurbangahın üstünə qoyublarsa, niyə o da böyük bir tikə almasın”. Qeyd edək ki, 1992-ci ildə imzalanmış “Ermənistanla Rusiya arasında Rusiyanın Ermənistan ərazisindəki sərhəd mühafizə qoşunlarının statusu və onların fəaliyyəti haqqında” sazişə əsasən rus sərhədçiləri bu ölkədədir. Bu, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət edən Rusiya sərhəd qoşunlarının statusunu müəyyən edən və tənzimləyən dövlətlərarası sənəddir. Müqavilənin 3-cü maddəsində aşağıdakılar yazılıb: “Rusiya sərhəd qoşunları Türkiyə və İranla sərhədin mühafizəsi ilə bağlı olmayan başqa tapşırıqların (təbii fəlakətlərin, qəzaların və digər fəlakətlərin aradan qaldırılması istisna olmaqla) icrasına cəlb edilmir”.
2020-ci ilin noyabrında məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan təmas xətti yaxınlığında - Arazdəyəndə, Paruyr Sevakda (Ağrı vilayəti), Dığda, Mehridə və Sığırt yüksəkliyi yaxınlığında (Zəngəzur vilayəti) 5 sərhəd mühafizə məntəqəsini yerləşdirib. Çox keçməyib ki, bunlara xüsusən Zəngəzur və Tavuşda yeni dayaq məntəqələri əlavə edilib. Ümumiyyətlə, son dövrlərdə erməni mediasında rus sərhədçiləri barədə çoxsaylı ittihamlara rast gəlmək mümkündür. Bunlar da təsadüfi deyil. Ekspertlər hesab edir ki, İrəvan həmin sərhədçilərin çıxarılması, onların Qərbdən olan hərbçilərlə əvəzlənməsi üçün zəmin hazırlayır. Hazırda Qərbi Avropa İttifaqının timsalında Ermənistan ərazisində fəaliyyət göstərən monitorinq missiyası təmsil edir. Rusiyanın burada daha təsiredici varlığı var: Gümrüdəki hərbi baza, Ermənistanın İran və Türkiyə ilə sərhədində xidmət edən sərhədçilər. Bundan əlavə, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti cavabdeh olmalıdır.
Rus sərhədçiləri haqda ittihamları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da davam etdirib. TŞ katibi deyib ki, Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Azərbaycanla hərbi gərginliyin yarandığı Nerkin And kəndinə buraxmırlar. Qriqoryanın sözlərinə görə, bu, Ermənistan-Azərbaycan sərhədinin yeganə hissəsidir ki, Rusiya sərhədçiləri Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrini ora qoymurlar. O, hətta son hadisə ilə bağlı günahı rus hərbçilərində görüb və bildirib ki, Rusiya insidenti dayandırmadı...
İranın Qafandakı baş konsulu Morteza Abedin isə Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə qarşı dolayı eyhamlar vurub. Diplomat Ermənistanın News.am saytına müsahibəsində deyib ki, İran Qafanda konsulluq açdıqdan sonra sakinlər özlərini daha rahat və təhlükəsiz hiss edirlər.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran Zəngəzurda hərbi baza qura bilməz: “Fransa-ABŞ maraqları buna imkan verməz. Ümumiyyətlə, İranın Ermənistandakı manevr imkanları məhdudlaşmaqdadır. Vəziyyət daha da gərgin olacaq. Azərbaycanla sülh müqaviləsindən sonra Ermənistan Türkiyə üzərindən Qərblə əlaqələrini dərinləşdirəcək. Bundan sonra bütün meyarlarda İrandan asılılıq azalacaq”.
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, bununla diplomat sətiraltı bildirmək istəyir ki, İran Azərbaycana qarşı Ermənistanın təhlükəsizliyinə zəmanət verir: “Hərçənd Azərbaycanla İran arasında hərbi və siyasi gərginlik dövrü arxada qalıb, indi iki ölkə maraqlarını iqtisadi-ticari platformalarda birləşdirərək regional əməkdaşlığın konturlarını cızır. Ancaq İran Yaxın Şərqdə üzləşdiyi riskləri dolayı vasitələrlə Cənubi Qafqazda da hiss etdirməkdə maraqlıdır. Çünki İran xarici siyasətində izlənən klassik bir ənənə var: nə qədər çox münaqişə və müharibə varsa, İran ideoloji istiqamətlərini təhlükəsizlik boşluqlarına yeritməlidir. Yox, bu, o mənanı çıxarmaq üçün əsas deyil ki, dünya arenasında sıxışdırılan İran Cənubi Qafqazda Qərblə açıq qarşıdurma trayektoriyasına girməkdə maraqlıdır. Ancaq İran mütləq sülh də istəmir, buna görə də regiondakı hadisələri özünəməxsus ifadələrlə təsvir edərək gərginliyin mənbəyini saxlamaq məcrasında qalır”. Ekspert nəzərə almağa çağırır ki, İran təhlükəsizlik cəhətdən zəifliklər hiss edir: “İkinci bir tərəfdən, İran Azərbaycanla münasibətlərdə "istənilən zaman gərginliyə getməkdə maraqlıyıq" ismarışını verir. Bu mesaj Azərbaycan və Türkiyədən Zəngəzur dəhlizinin əhəmiyyəti barədə yüksələn mövqelərə verilən klassik reaksiyanın təkrarıdır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”