İran və Rusiya Rəşt-Astara dəmir yolunu müzakirə etdi

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Rusiya Prezidentinin köməkçisi, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri İqor Levitini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın "Mehr" agentliyi yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (İNCYC), çoxtərəfli nəqliyyat sazişləri və Rəşt-Astara dəmir yolu layihəsinin icrası prosesi müzakirə olunub. Tərəflər İran ərazisindən tranzitin inkişafını və tranzit həcmlərinin artdığını qeyd ediblər. 164 kilometrlik Rəşt-Astara dəmir yolu layihəsinin tikintisi ilə Şimal-Cənub dəhlizinin başa çatdırılması da müzakirə olunub.

Görüşdə tərəflər Şimal-Cənub dəhlizi boyunca tranzitin artırılması üçün ikitərəfli əməkdaşlığın təkmilləşdirilməsi və çoxtərəfli nəqliyyat sazişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Onlar həmçinin iki ölkə arasında yük daşımalarının artırılması üçün İran və Rusiya arasında dəmir yollarının inkişafında əməkdaşlığa çağırıblar.

Musavat.com

16.06.2024 17:19
1014