İran və Azərbaycanın arasından keçən SU: 50 illik gizli tarixin sonu gəldi - GÖRÜŞDÜLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Olası bu görüşlə bağlı 5 may tarixində dərc etdiyimiz yazını təqdim etməyi lazım bildik. Çünki burada görüşün mahiyyəti və İran - Azərbaycan arasında həyata keçirilən möhtəşəm layihə, onun tarixi haqda mötəbər və maraqlı məlumatlar var.

Xəbər verdiyimiz kimi, İran mediası yaxın günlərdə Cəbrayıl rayonu ərazisində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istismara verilməsinə dair mərasimin keçiriləcəyi, tədbirdə İran və Azərbaycan prezidentlərinin iştirak edəcəyinə dair məlumat yayıb.

QOVSAQ.jpg (51 KB)

Məlumat üçün bildirək ki, “Xudafərin” və “Qız Qalası” layihələrinin, təxminən, yarım əsrlik tarixi var. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. 1988-ci ilin dekabrın 6-da iki ölkə arasında layihəyə dair əməkdaşlıq haqqında Saziş imzalanıb.

1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyət davam etdirilib.

1992-ci il mayın 18-də Azərbaycan Nazirlər Kabineti “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında 267 saylı Qərar qəbul edib və layihənin reallaşdırılması “Azərenerjitikinti” dövlət şirkətinə həvalə edilib.

1992-ci il mayın 25-də “Azərenerjitikinti” şirkəti İran Enerji Nazirliyinin Şərqi Azərbaycan su idarəsi ilə Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, müvəqqəti avtomobil yollarının və asfalt-beton örtüklü daimi yolların salınmasına dair Saziş imzalayıb. Bu Sazişin icrası daxilində biri “Xudafərin”, digəri isə “Qız Qalası” layihəsi üçün nəzərdə tutulan iki körpünün tikilməsinə başlanılıb.

1993-cü ilin fevralında “Xudafərin” bəndinin tikintisi üçün yardımçı körpünün açılış mərasimi keçirilib. Paralel olaraq Azərbaycan Hökuməti “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlasa da, ərazilərin Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb.

KORPU.jpg (100 KB)

Xudafərin mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə gətirilib.

1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində Heydər Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb. Səfər barədə mətbuatda gedən məlumatda bunlar yazılmışdı: "Tehranda Azərbaycan hökumətinin nümayəndə heyəti və İranın Energetika Nazirliyi arasında sərhəddə yerləşən Araz çayı üzərində Xudafərin körpüsü yaxınlığında (Azərbaycanın Ermənistanın işğalı altında olan cənub-qərb regionu) böyük hidroqovşağın tikintisi haqqında razılıq əldə olunub. Gələcək hidroqovşaq su anbarı və dörd elektrik stansiyasından ibarət olacaq. Su anbarının həcmi 1,6 milyard kubmetr təşkil edəcək. Su anbarının "Qız Qalası" tənzimləyicisinin gündəlik buraxılış qabiliyyəti 60 milyon kubmetr təşkil edəcək. Hazırda Araz çayından Naxçıvandakı su anbarı vasitəsilə cəmi bir milyard kubmetr sudan istifadə olunur. İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 700 milyon dollar, tikinti müddəti səkkiz il təşkil edəcək. Mütəxəssisləsin hesablamalarına görə, hidroqovşaq xərcini də səkkiz il ərzində çıxaracaq".

İranla uzunmüddətli danışıqlardan sonra 2016-cı ilin fevralında Azərbaycanın bu infrastruktura sahibliyi, su və elektrik enerjisinin bərabərhüquqlu istifadə qaydaları, bəndlərin tikintisinin davam etdirilməsində, istifadə və istismarında Azərbaycanın iştirakını və nəzarətini təmin edən Saziş imzalanıb.

Sazişin 1-ci maddəsində deyilir ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında tikintinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcək.

Sazişə əsasən, hidroqovşaqların və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasına görə məsuliyyət bərabər şəkildə tərəflərin üzərinə düşür. İran o zamankı mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycnın ərazi bütövlüyü bərpa olunanadək bu məsuliyyəti fors-major halları istisna olmaqla, öz üzərinə götürb. Azərbaycana məxsus "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi başa çatdırılsaydı, onlarda istehsal olunan elektrik enerjisi Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilərdi. Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmək hüququna malik idi.

Azərbaycan Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 150s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”in 2-ci maddəsinə əsasən yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası 2018-ci ilin 7 may tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilib.

QOVSAQ SON.jpg (260 KB)

Onu da qeyd edək ki, ərazilərimizin işğaldan azad olunmasından sonra “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi məsələsi İranla Azərbaycan arasında münasibətlərin gündəmində olub. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi ərazidə yeni reallıqlar yaradıb. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötməyib. İndiyədək tikintini təkbaşına aparan İran tərəfi Azərbaycanın 2016-cı il sazişindən irəli gələn səlahiyyətlərinin icrasına başlaması prosesini təmin edib.

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının habelə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə işlər davam etdirilib. İran tərəfindən “Xudafərin” hidroqovşağının tikintisinə çəkilmiş xərclər və dəymiş ziyanla bağlı təqdim edilmiş hesabatlara ilkin araşdırmalar nəticəsində cavab verilib. Müqavilədə nəzərdə tutulmuş xərclər nəzərə alınaraq yekunda toplam tikinti xərclərinin, İran tərəfinə dəymiş ziyanın və Azərbaycan tərəfinə dəymiş ziyanın həcmləri barədə ilkin təkliflər İran tərəfinə təqdim edilib. İran tərəfi bu rəqəmlərlə razılaşmadığını bildirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 iyul tarixli Sərəncamı əsasında maliyyə vəsaiti ayrılmaqla prosesə məsləhətçi şirkət cəlb edilib. Məsləhətçi şirkətin təqdim etdiyi hesabat və metodologiya əsas tutularaq Naxçıvan Muxtar Respublikasında keçirilmiş görüşlərdə İranın hesablamalarına qarşı alternativ hesablama modeli hazırlanıb və Azərbaycan tərəfinin ödəyəcəyi borcun 127,5 milyon ABŞ dolları olduğu barədə hesabat İran tərəfinə təqdim edilib. Azərbaycan tərəfinin təklif etdiyi borc həcmi İran tərəfindən müəyyən şərtlərlə qəbul edilib və protokol imzalanıb. Sonrakı dövrdə layihə üzrə işləri icra edən podratçılar seçilib, icra prosesi sürətləndirilib.

“Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, minimal həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılıb. “Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, minimal həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95 faizdən çox tamamlanıb”.

QOVSAQ YENİ.jpg (292 KB)

Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarından yalnız 2-cidən suvarma məqsədi ilə istifadə olunacaq.

“Xudafərin” hidroqovşağından su götürmək mümkün olmayacaq və burada yalnız elektrik enerjisi istehsal ediləcək. Burada istehsal olunan elektrik enerjisi iki ölkə arasında bərabər bölünəcək.

Məlumat üçün bildirək ki, “Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür). Hər iki SES-də ildə ümumilikdə 716 milyon kilovat/saat (358 milyon kilovat/saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır. Eyni zamanda hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı nəzərdə tutulur.

Musavat.com

19.05.2024 11:27
6546