İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə İran və ABŞ arasında növbəti dolayı danışıqlar raundu aprelin 26-da Omanda baş tutacaq.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Əraqçi İranın dövlət televiziyasına müsahibəsində bildirib.
"Çərşənbə günü Omanda ekspertlər səviyyəsində texniki məsləhətləşmələr olacaq və gələn şənbə Uitkoffla mən ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün yenidən görüşəcəyik", – Əraqçi deyib.
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İran və ABŞ qarşıdakı günlərdə texniki səviyyədə məsləhətləşmələri davam etdirmək barədə razılıq əldə ediblər.
Nazirlik rəsmisi Romada keçirilmiş ABŞ-İran məsləhətləşmələrinin faydalı və "konstruktiv atmosferdə" keçdiyini bildirib.
İqbal RZAYEV,
Musavat.com