ABŞ, Fransa, Almaniya və Böyük Britaniya hesab edir ki, İranın uranın zənginləşdirilməsi sürətinin artırılması mülki sahədə heç bir məqsədlə izah oluna bilməz.
4 ölkənin birgə bəyanatını ABŞ Dövlət Departamenti yayıb.
Britaniya, ABŞ, Fransa və Almaniya rəsmiləri bildirirlər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatında yer alan məlumatlar İranın zənginləşdirilmiş uran istehsalını 3 dəfə artıraraq 60 faizə çatdıracağını göstərir.
“Biz İranın davam edən nüvə proqramının bir hissəsi olan bu hərəkətləri qınayırıq”, - birgə bəyanatda vurğulanır.
Sənədin müəllifləri qeyd edirlər ki, İranın yüksək həcmdə zənginləşdirilmiş uran istehsalının mülki sahədə heç bir inandırıcı əsası yoxdur:
“Bu qərar İranın regional kontekstdə gərginliyi azaltmaq istəmədiyini və məsuliyyətsiz davranış nümayiş etdirdiyini göstərir”.
Müəlliflərin fikrincə, Tehran nüvə proqramının dinc xarakter daşıdığını təsdiq edə bilməsi üçün AEBA ilə tam və şəffaf əməkdaşlıq etməlidir.
“Röyter” agentliyi yazır ki, İran uranın zənginləşdirmə dərəcəsini 60 faizə - ayda 3 kq-dan 9 kq-a çatdırıb. AEBA-nın məlumatına görə, noyabrın sonundan etibarən Tehran zənginləşdirmə səviyyəsini artırmağa başlayıb. Söhbət Natanz və Fordoda yerləşən iki nüvə obyektindən gedir.
Beynəlxalq qurumun noyabr hesabatında qeyd olunur ki, İranın zənginləşdirilmiş uranı 60 faiz təşkil edir, daha da zənginləşdirilərsə, üç atom bombası hazırlamaq üçün kifayət edər. AEBA-nın təsnifatına görə, nüvə silahı istehsal etmək üçün uranı 90 faizə qədər zənginləşdirmək lazımdır, atom bombası üçün nəzəri cəhətdən 42 kq-a yaxın material kifayətdir. (Teleqraf.com)