İran Qərbin çağırışlarını RƏDD EDİR

İran avqustun 13-də İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd edib.

İran XİN-in sözçüsü Nasir Kənani deyib ki, belə bir xahişin "siyasi məntiqi yoxdur, beynəlxalq hüququn prinsip və qaydalarına ziddir", İsrailə "açıq və praktik" dəstək deməkdir.

Birləşmiş Ştatlar avqustun 12-də bildirib ki, kəşfiyyat dəyərləndirmələri ilə razıdır, İran və yaxud onun Yaxın Şərqdəki proksiləri bu həftənin əvvəlində İsrailə hücum edə bilərlər. Vaşinqton Tehranı davamlı hədələrdən əl çəkməyə çağırıb.

Milli təhlükəsizlik sözçüsü Con Kirbi (John Kirby) jurnalistlərə deyib ki, prezident Co Bayden Qərbdəki əsas müttəfiqlərlə vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, Vaşinqton İranın İsrailə tezliklə hücum edə biləcəyi barədə xəbərlərə ciddi yanaşır.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlinə görə İran İsraili ittiham edir və buna görə cavab verəcəyini bildirib. Bu isə regionda daha böyük münaqişənin başlaya biləcəyi ilə bağlı qorxu yaradıb.

Musavat.com

 

13.08.2024 17:31
735