İranın cənubundakı Hörmüzqan əyalətində 20 min meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisinə başlanılıb. Məlumata görə, İran prezidenti İbrahim Rəisinin səfəri çərçivəsində Sirik şəhərində atom elektrik stansiyasının tikintisi ilə bağlı mərasim baş tutub.
Mərasimdə İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami də iştirak edib. Bəs görəsən, neft-qazla zəngin bir ölkənin çox sayda AES-lər nəyinə gərəkdir?
“İran 60 gün ərzində nüvə silahı əldə edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.
“Co Baydenin Yaxın Şərqdəki siyasətini nəzərə alsaq, Amerika ərazilərində terror hücumlarının baş verməsi gözləniləndir. Əvvəl İranın HƏMAS və "Hizbullah"a verməyə pulu yox idi. Mən demişdim ki, İrandan mal alan heç kim ABŞ-la əməkdaşlıq etməyəcək. Hər kəs işini dayandırdı. Demək olar ki, heç nə sata bilmirdilər. İndi isə onların yaxın iki ay ərzində nüvə silahına sahib olma imkanları var”, - Tramp bildirib.
Xatırladaq ki, İranın dini lideri ƏIi Xomeneyi bir vaxt demişdi ki, İran nüvə silahı yaratmayacaq, çünki bu, islama görə, günah sayılır (yəni kütləvi şəkildə günahsız insanların ölümünə səbəb ola biləcəyi üçün). İnandırıcıdırmı? İran öz dini rəhbərinin sözünə əməl edəcəkmi?
Elçin Mirzəbəyli: “İranı uranla təmin edə biləcək ölkələrin sayı çox azdır”
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli burada qeyri-adi heç nə görmür: “İran hazırda 5 min meqavat gücündə daha 4 Atom Elektrik Stansiyasının tikintisini həyata keçirir və 2041-ci ilədək hədəfi 20 min meqavat atom enerjisi istehsal etməkdir. Neft və qazla zəngin bir ölkənin çoxlu sayda AES inşa etməsində qeyri-adi heç nə yoxdur. Ona qalarsa, Rusiya da təbii enerji resursları ilə zəngin bir ölkədir və bu ölkədə 38 nüvə enerji bloku ilə çalışan 11 Atom Elektrik Stansiyası var. Qeyd edim ki, nüvə enerjisi yüksək enerji intensivliyinə malikdir, daha ucuz başa gəlir, təkrar istifadəyə yararlıdır, istixana effektini azaldır və s. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin sonunadək dünyanın kömür, neft və qaz ehtiyatları tükənəcək. Hesablamalara görə, uran ehtiyatları, ən azı 2500-cü ilə qədər yetərlidir. Bu baxımdan, nüvə enerjisinə keçid iqtisadi baxımdan səmərəli olmaqla yanaşı, enerji təhlükəsizliyinin davamlılığı baxımından da mühüm əhəmiyyətə malikdir. Əgər bu kontekstdən yanaşılarsa, İranın AES-lərin sayını artırmasına təbii yanaşmaq lazımdır. İranın dini liderinin ölkəsinin nüvə silahı yaratmayacağına dair fikirlərinə gəldikdə isə, bu barədə konkret fikir söyləmək çox çətindir. Müasir dövrdə nüvə silahı daha çox çəkindirici əhəmiyyətə malikdir. Düşünürəm ki, ən azı çəkindiricilik faktorunu nəzərə almaqla, İranın bu istiqamətdə müəyyən addımlar atması ehtimalı var. Xatırladım ki, artıq Qazaxıstan da AES inşa etmək niyyətini açıqlayıb və bu məqsədlə ölkədə referendumun keçirilməsi planlaşdırılır. Uran istehsalına görə, Qazaxıstan 45,1%-lə dünyada ilk sırada yer alıb. Uran ehtiyatına görə isə qardaş ölkə 21%-lə ikinci sıradadır. İran isə istehsala görə dünya reytinqində 12-ci sırada yer alır. Bu ölkənin uran ehtiyatları ilə bağlı dəqiq məlumat yoxdur. Hər halda, İran adı ilə həmahəng səslənsə də uran ölkəsi deyil və bu baxımdan, perspektivdə İranın AES-lərin sayını artıra biləcəyi şübhə doğurur. Çünki AES-lərin, daha doğrusu, nüvə reaktorlarının sabit, davamlı fəaliyyəti zəruridir və uran ehtiyatları ilə zəngin ölkələrin arasında İranı davamlı olaraq, uranla təmin edə biləcək və bunu arzulayacaq ölkələrin sayı çox azdır. Hazırda dünyada kəşf olunmuş yataqlarda 6 147 800 ton uran ehtiyatının olduğu bildirilir. Bu ehtiyatlar sıra ardıcıllığı ilə Avstraliya, Qazaxıstan, Kanada, Rusiya, Namibiya, CAR, Braziliya, Çin, Monqolustan, Özbəkistan və digərlərinin arasında paylaşılıb. Bu ölkələrin sırasında gələcəkdə İranı uranla təmin edə biləcək ölkələrin sayı çox azdır. Məhz bu baxımdan, İranda AES-lərin sayının artırılmasının yalnız enerji istehsalına xidmət etdiyi şübhə doğurur”.
Qabil Hüseynli: “İrana heç cür nüvə silahı yaratmağa imkan verməyəcəklər”
Sabiq dövlət müşaviri Qabil Hüseynli cənub qonşumuzun niyyətinin puça çıxacağını qeyd etdi: “İrana heç cür nüvə silahı yaratmağa imkan verməyəcəklər. Çünki bu rejimin mahiyyəti elədir ki, əlinə nüvə silahı keçsə, heç nəyə baxmadan İsrailin, Amerikanın, lap qonşu ölkələrin üzərinə saldıra bilər. Bunu bütün dünya, bəşəriyyət bilir. Atom enerjisindən istifadəyə dair beynəlxalq təşkilat da bilməmiş deyil. Bu nöqteyi-nəzərdən İranın kütləvi qırğın silahı yaratmasına imkan tanınmayacaq. Son dövrlərdə İrana qarşı hücumlar müxtəlif bəhanələr altında edilsə də, əsas məqsəd tədricən İranın nüvə mərkəzlərini vurub sıradan çıxarmaq, ümumiyyətlə, bu ölkəni daim nəzarətdə saxlamaqdır. Elə etmək ki, İranın cəsarəti çatıb hər hansı bir addım atmaq imkanı olmasın. Nüvə silahının texnoloji imkanlarına qaldıqda, hələ ki İran bu imkanların hamısına malik deyil. Təmizlənmiş uran hələ nüvə silahı istehsal ediləcək səviyyədə deyil. Üstəlik, nüvə silahının digər kompenentlərinin hazırlanması da demək olar ki, yerinə yetirilməyib. Bu səbəbdən İranın nüvə dövləti olacağına qətiyyən inanmıram. İranın milli ədavətlər üzrə müxtəlif kiçik muxtar qurumlara bölünməsi ehtimalı daha böyükdür”.
Səxavət Məmməd: “Bu gedişlə İran yaxın gələcəkdə buna nail olacaq”
Hərbi ekspert Səxavət Məmməd İranın bu silahlara sahib olma imkanlarının kifayət qədər yüksək olduğunu düşünür: “İran atom silahı əldə etmək istəyən dövlətlərdən biridir. Bu silah həm təhdid, həm də təhlükəsizlik üçün önəmli bir vasitədir. İran son dərəcə geniş bir coğrafiyada mübarizə aparır. Suriya, İraq, Yəmən, Livan ərazilərində faktiki olaraq söz sahiblərindəndir. İranın bundan əlavə çoxlu sayda proksi qüvvələri mövcuddur. İran yalnız atom silahının olmaması ilə bir qədər çəkingən davranır. Bunu Qərb ölkələri də çox gözəl bilir. Hesab edirəm ki, İranın əlində atom silahı olsaydı, bu qədər çəkingən davranmazdı, əksinə, qoyduğu hədəflərə daha erkən çatardı. İran da bunun fərqindədir. Ona görə də atom silahının əldə edilməsi üçün illərdir çalışır. İran neft-qaz ölkəsi olsa da, atom elektrik stansiyaları tikməkdə davam edir. Bəzən atom elektrik stansiyaları da dövlətlərin təhlükəsizliyi üçün qarant oynaya bilir. Misal üçün, Ukraynada hesab edirdilər ki, onların çoxlu sayda atom elektrik stansiyaları var və onlara heç kim hücum etməz. Rusiya sübut etdi ki, bu düşüncə yanlışdır. Nəinki təhlükəsizlik üçün ona güvənmək olar, əslində stansiyadan təhdid kimi də istifadə etmək mümkündür. Bu baxımdan, İran çox çalışır ki, atom silahına sahib olsun. İran imperialist ölkədir. Onun imperiya maraqları imkan verir ki, fərqli-fərqli coğrafiyalarda öz maraqlarını müdafiə etsin. Atom silahı olmadan isə bunu o qədər də asan etmək mümkün deyil. Çünki İranın rəqibi elə ölkələrdir ki, onlar İrana hər an hücum edə bilərlər. Ona görə də İran hər il milyardlarla dollar proksilərə pul xərcləyir. Deyərdim ki, xərcləməyə məcburdur. Çünki proksilər olmasa, rəqiblər sərhədə gələcək. Ona görə də İran bir yandan təhlükəsizliyi üçün proksilərə pul xərcləyir, digər yandan isə atom silahı əldə etməyə çalışır. Hesab edirəm ki, bu gedişlə İran yaxın gələcəkdə buna nail olacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”